Vaşinqton bu görüşü sülh danışıqları üzrə prosesi davam etdirmək üçün vacib sayır
Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mayın 10-da Almatıda keçiriləcək görüşünü alqışlayıb.
Bu barədə ABŞ Dövlət Departamenti “Turan”ın sorğusuna cavabında deyib.
“Almatı mühüm, simvolik yerdir. Biz Qazaxıstanın görüşə ev sahibliyi etmək təklifini alqışlayırıq”, – deyə Dövlət Departamenti qeyd edib.
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyan fevralın sonunda Berlində keçirilən danışıqlardan sonra cümə günü növbəti dəfə görüşəcəklər.
Vaşinqton hesab edir ki, bu görüş sülh danışıqları üzrə prosesi davam etdirmək üçün vacibdir.
“Dəfələrlə qeyd etdiyimiz kimi, biz Ermənistan və Azərbaycan arasında bu günə qədər əldə edilmiş tərəqqidən ruhlanırıq və hər iki ölkə bütün regionun rifahı naminə sülh sazişinə doğru irəlilədiklərini dəstəkləyirik”, – deyə Dövlət Departamentinin sözçüsü vurğulayıb.
Bakı ilə Yerevan arasında nə baş verib?
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.