Çərşənbə axşamı , 21 May 2024
Drone Cameras

İranlı kinorejissor 8 il həbs, şallaq, cərimə və əmlakının müsadirəsi ilə cəzalandırılıb

Məhkəmənin qərarına görə, Rasoulofun filmləri İran hakimiyyətinə qarşı yönəlib

İslam İnqilab Məhkəməsinin iranlı kinorejissor Mohammad Rasoulofu səkkiz il həbs, həm də şallaq, cərimə və əmlakının müsadirəsi ilə cəzalandırdığı bildirilir.

Bu barədə kinorejissorun vəkili Babək Paknia “X” hesabında məlumat verib.

Vəkilin sözlərinə görə, hökmə Rasoulofun ictimai açıqlamaları, habelə çəkdiyi bədii və sənədli filmlər səbəb olub.

Məhkəmənin fikrincə, Rasoulofun filmləri İran hakimiyyətinin təhlükəsizliyinə qarşı yönəlib.

“The Guardian” yazır ki, Rasoulofun son filmi “The seed of the sacred fig” (“Müqəddəs əncirin toxumu”) 2024-cü il Kann Film Festivalının əsas müsabiqə proqramında iştirak üçün seçildikdən sonra İran hakimiyyəti 52 yaşlı rejissora təzyiqləri artırıb.

Filmin süjeti gizli saxlanılır.

Bəzi məlumatlara görə, söhbət ümummilli etirazlardan sonra Tehranda İnqilab Məhkəməsi hakiminin işlərə baxmasından gedir.

Güman edilir ki, film 2022-ci ilin sentyabrında hicabı düzgün geyinmədiyinə görə əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Amininin ölümü ilə əlaqədar baş vermiş son böyük hökumət əleyhinə etirazlardan bəhs edir.

İran hakimiyyəti filmin müsabiqədən çıxarılmasını tələb edib.

Babək Paknianın sözlərinə görə, çəkiliş qrupu lazımi lisenziya almadan işləməkdə, filmin aktrisaları isə hicabsız çəkiliş aparmaqda və ya onu düzgün geyinməməkdə günahlandırılıblar.

Vəkil bildirib ki, çəkilişin bütün əsas iştirakçıları dindirilməyə çağırılıb və daha sonra ölkədən çıxışına qadağa qoyulub.

Mohammad Rasoulof yaradıcılığı ilə əlaqədar bir neçə dəfə İran hakimiyyəti tərəfindən təqibə məruz qalıb, lakin hazırda ona ən ağır cəzanın verildiyi bildirilir.

2010-cu ildə o, milli təhlükəsizliyə qarşı sui-qəsd və dövlət əleyhinə təbliğat aparmaq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra cəza bir ilə endirilib.

2017-ci ildə Rasoulofun “A Man of Integrity” (“Dürüst adam”) bədii dramı Kann Film Festivalında “Un Certain Regard” proqramının qalibi olub.

İran rəsmiləri rejissor festivaldan qayıtdıqdan sonra onun pasportunu alıblar və film çəkməsinə qadağa qoyublar.

2019-2020-ci illərdə o, dövlət quruluşuna qarşı təbliğat aparmaq ittihamı ilə iki dəfə bir il müddətinə azadlıqdan məhrum edilib.

Rejissora həmçinin iki il müddətinə İranı tərk etmək və çəkiliş aparmaq yasaqlanıb.

2020-ci ilin fevralında Rasoulof ölüm hökmündən bəhs edən “There Is No Evil” (“Şər mövcud deyil”) filminə görə Berlin Film Festivalının “Qızıl Ayı” mükafatını alıb.

İranda işləməyə qadağa qoyulduğuna görə rejissor filmi gizli çəkib və ölkədən çıxış qadağası səbəbindən mükafatı şəxsən ala bilməyib.

2022-ci ilin iyulunda Abadan şəhərində etirazların zorakılıqla yatırılmasını açıq şəkildə pisləyən rejissor həbs olunub.

2023-cü ilin fevralında Rasoulof səhhətinə görə azadlığa buraxılıb. Lakin onun Kann Beynəlxalq Film Festivalında jüri üzvü kimi çıxış etməsinə mane olmaq üçün ölkədən çıxışına qadağa qoyublar.

Check Also

İranda milli matəm elan edilib

İranda Prezident İbrahim Rəisinin faciəvi ölümü ilə əlaqədar milli matəm elan edilib. Boyukmillet.com xəbər verir ki, …