Abşeron rayonunda vətəndaşlar 64 odlu silah, 33 əl qumbarasını polisə könüllü təhvil veriblər.
Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Abşeron Rayon Polis İdarəsi və ərazi polis orqanlarının əməkdaşları tərəfindən ötən gün hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirilib.
Vətəndaşlarla aparılan profilaktik söhbətlərin nəticəsi olaraq 11-i Kalaşnikov avtomatı, 3-ü tapança və 50-si ov tüfəngi olmaqla qanunsuz saxlanılan ümumilikdə 64 odlu silah, 33 əl qumbarası və müxtəlif çaplı patronlar polisə könüllü təhvil verilib.
Narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı keçirilən əməliyyatlar zamanı isə 10 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə və çətənə kolları çıxarılıb.
Abşeron rayonunda oğurluq və digər cinayətlərin törədilməsinə görə axtarışda olan 9 nəfər saxlanılıb, “isti izlərlə” 26 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 188, xırda xuliqanlıq və talama ilə əlaqədar 93 fakt aşkarlanıb, mülki axtarışda olan 29 nəfər müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilib.
Bununla yanaşı, Abşeron RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan 315, spirtli içki və narkotiklərin təsiri altında avtomobil idarə edən 6, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən 18, dayanma-durma qaydalarını pozan 216 sürücü inzibati məsuliyyətə cəlb edilib.