Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Parlamentdə kök atmış deputatlar

Siyasətçilər deyir ki, YAP xalqın istəyi ilə deyil, öz xətti ilə hərəkət edir

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə uzunömürlü mandat sahibləri təkrar qatılırlar.

Məsələn, Yeni Azərbaycan Partiyasının (YAP) namizədlər siyahısında bir sıra adlar illərdir dəyişməz qalır.

Bu sırada 2 saylı Şərur-Kəngərli seçki dairəsindən namizədliyini vermis Siyavuş Novruzovu, 4 saylı Naxçıvan şəhər seçki dairəsindən namizədliyini vermis Eldar İbrahimovu, 34 saylı Xətai ikinci dairəsindən namizədliyini vermis Mixail Zabelini, 125 saylı Zəngilan – Qubadlı seçii dairəsindən namizədliyini vermiş İmamverdi İsmayılovu və digərlərini xatırlaya bilərik. Məsələn, Eldar İbrahimov ilk dəfə Azərbaycan SSRİ-də 1990-cı ilin sentyabrın keçirilən seçkilərdə mandat almışdı və ondan sonra da həmin bölgəni parlamentdə təmsil edir.

Eyni adamların daimi deputat olmasına nə ehtiyac var?

“Nəinki seçki, ölkədə siyasətlə məşğul olmaq problemə çevrilib”

2020-ci ildə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən namizədliyini irəli sürən Anar Əsədli Meydan TV-nin sorğusuna cavab verərkən mövcud vəziyyəti Yeni Azərbaycan Partiyasının strateji xətti ilə izah edir:

“Baş verənlər YAP-ın strateji xəttindən imtina etmədiyinin göstəricisidir. Yəni hakim partiyanın bu tip adamlarla seçkilərə qatılmasıdır. Ona görə İmamverdi İsmayılov yazıb ki, onun namizədliyini YAP, yəni İlham Əliyev verib: “Mən də onun əsgəriyəm”. Yəni deyir ki, bu, onun mövqeyi deyil. Beləliklə, 30 ildir YAP-ın apardığı siyasətin bəhrəsi budur, İmamverdi İsmayılov, Siyavuş Novruzov, Eldar İbrahimov bir vasitədir. Bəzilərinə qadağa qoyulduğudan, övladlarının namizədliklərini veriblər, bu, rəzalətdən başqa bir şey deyil”.

Anar Əsədli deyib ki, İmamverdi İsmayılov yalnız bir dəfə – 30 il əvvəl, 1995-ci ildə Zəngilan-Qubadlı camaatından səs alıb:

Həmin il də insanlar onu çox da yaxşı tanımırdılar, elə eşitmişdilər ki, yazıçı-jurnalistdir, ədəbiyyat adamı olduğu üçün insanların qayğısına qalacaq. Beləcə, əhali bir dəfə etdiyi yanlışın əziyyətini çəkir. 2000-ci ildən sonra İmamverdi İsmayılov həmin dairədən yetərli səs almayıb, çünki 1995-2000-ci illərdəki təkəbbür və diqqətsizlik səbəbindən insanlar ona səs verməyib”.

2020-ci il növbədənkənar parlament seçkilərində mən onu biabırcasına məğlub etdim. Ümumilikdə, 5 il əvvəlki seçkilərdə İmamverdi İsmayılov 300 səs almamışdı”, – siyasətçi deyib.

Anar Əsədlinin fikrincə, həm əvvəlki, həm də 1 sentyabrda gözlənilən seçkilərdə insanların səsi həlledici amil deyil və keçiriləcək son seçki isə tamamilə rəzalətdir:

“5 il əvvəl biz prosesi bir qədər normal məcraya yönəltməyə çalışdıq və siyasətçinin işi də bundan ibarətdir. Lakin son illərdə elə bir durum yaratdılar ki, nəinki seçki, ölkədə siyasətlə məşğul olmaq problemə çevrilib”.

Onun fikrincə, hətta seçkidə iştirak edib prosesi udsan da, ardınca səsləri qorumaq üçün göstərdiyin siyasi fəaliyyət müqabilində şərlənirsən:

“Biz 2020-ci il seçkilərindən sonra partiya da təsis etdik, amma hakimiyyət tərəfindən xalqdan aldığım etimada suiqəsd olundu. Yəni şərləndim, ləkələndim və həbs olundum. Ona görə də təkbaşına heç bir dəyişim alınmır. Bütün bunların qarşılığında xalqın özünün dəyişim prosesinə inanmasına ehtiyac var”.

“Belə çıxmırmı 4, 34, 125 və digər dairələr var ki, ordan illərdir eyni adamlar mandat alırsa, “tilsimi” qırmaq qeyri-mümkün görünür” sualına Anar Əsədli belə cavab verdi:

Onsuz da seçicilərin nifrəti baxımından “tilsim” çoxdan qırılıb. Elə sosial şəbəkələrdən Qubadlı-Zəngilan camaatının YAP-ın İmamverdi İsmayılovu yenidən namizəd kimi irəli sürməsinə münasibətini göstərmək yetər. Jurnalistlər gedib həmin dairənin insanları ilə sorğu etsin ki, seçkilərə gedərsinizmi, əmin olun ki, həmkarlarınızı qovarlar. Yəni o adama münasibət belədir”.

“YAP hökuməti kefinin belə istədiyini növbəti dəfə hamıya nümayiş etdirmək istəyir”

Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü də hakim partiyanın namizədlərinin dəyişməz olduğunu qeyd edib. Bu barədə “Facebook” səhifəsində yazan Elxan Şükürlü bildirib ki, Azərbaycanın “yeni dövr” parlamentində Naxçıvan camaatının səsi, sözü, sifəti olmaq istəyənlərdən 4 nəfəri bütün fəaliyyətləri boyu “köhnə dövr”ün qalığıdır:

“Onlar Naxçıvan Ali Məclis sədrliyindən uzaqlaşdırılan Vasif Talıbova yaltaqlıqda rekord vurmuş və həmişə də onun deputat siyahısında başda yer almış məşhur isimlərdir: Eldar İbrahimov (35 il), Siyavuş Novruzov (25 il) , Səttar Möhbalıyev (20 il), Ülviyyə Həmzəyeva (10 il)… Bu köhnə deputatların hər birinin fəaliyyətləri dövründə Vasif Talıbovla münasibətlərinə, söz-söhbətlərinə dair Naxçıvan camaatı arasında təkcə “silinməz xatirələr” yox, həm də gülməkdən adamın bağırsaqlarını çölə tökülmək həddinədək çatdıran lətifələr var!”.

Elxan Şükürlü deyir ki, buna baxmayaraq, “Turan qapısı” sayılan Naxçıvanda Talıbovdan sonra “böyük islahatlar və yeniləşmə proqramı” həyata keçirəcəyini, bununla da Naxçıvanın boşalmasının qarşısını alacağını idda edən YAP hökuməti bu adamları təzədən – daha bir 5 il də Naxçıvan camaatının dəyişməz siması, sifəti, sözünün carçısı etmək istəyir:

“Bunların məntiqiylə, Prezident İlham Əliyevin Naxçıvanda köklü islahat proqramını “yeni dövr Azərbaycan parlamenti”ndə məhz Siyavuş Novruzov, Eldar İbrahimov, Səttar Möhbalıyev, Ülviyyə Həmzəyeva… daha gözəl, daha məzmunlu şəkildə xalqa çatdıra, xalqla hökumət arasında çox sıx, qırılmaz bağ, rabitə yarada, 35 ildir blokadada yaşayan bu əhalinin problemlərini belə bir həssas mərhələdə böyük yanğı və bəlağətlə parlament tribunasından səsləndirə, beləcə, Naxçıvanın sürətlə boşalmasının da qarşısını ala və onu yüksək tərəqqiyə qovuşdura bilərlər”.

“Anlamırlar ki, naxçıvanlılar elə məhz hökumətimizin belə adamları 30 ildir başa keçirib, o müqəddəs torpaqlarda söz, vəzifə sahibləri etmələri, o pak torpağı çirkləndirib bulamaları, murdarlamaları səbəbindən başlarını götürüb qaçıblar, dünyanın dörd bir yanına səpələniblər. Nə deyək?! Olsun! Demək ki, YAP hökuməti kefinin belə istədiyini və hər kəsin də onların kefiylə hesablaşmaq məcburiyyətində qaldığını növbəti dəfə hamıya nümayiş etdirmək istəyir! Biz alışmışıq və ən çətin mübarizə üsulu sayılan səbri də özümüzə qalxan etmişik! Biz yenə səbr edəcəyik!”,- deyə Şükürlü əlavə edib.

O, Naxçıvanın yeni rəhbərliyinin həmin adamların əhaliyə necə təqdim edəcəyinə də toxunub:

“Mənim yazığım yerli icra strukturlarına – Talıbovdan sonra hakimiyyətə gətirilmiş gənc və siyasi təcrübəsiz şəxslərə gəlir. Çünki siyahıdakı bu adamları təzədən deputat etmək üçün yerli icra strukturları daha böyük saxtalaşdırmalara getmək məcburiyyətində qalacaqlar”.

Partiya funksionerinin sözlərinə görə, Naxçıvan Muxtar Respublikası da seçki saxtakarlığının ən asan sübuta yetirilə biləcəyi ünvan sayılır:

“Heç uzağa getməyək, bircə misal çəkim, özünüz nəticə çıxarın: həm Eldar İbrahimov, həm də Siyavuş Novruzov eyni kənddən – seçici sayına görə Naxçıvanın ikinci ən böyük kəndi olan Cəhridəndirlər, ancaq heç biri də öz doğma kəndlərinin, qəsəbələrinin düşdüyü seçki dairəsindən namizədliklərini irəli sürməyiblər! Bilirsiniz, niyə?! Çünki bu adamlara öz doğma kəndlərində belə, zərrə qədər hörmət, sayğı, sevgi yoxdur və həmkəndlilərinin onlara gerçək münasibətini özləri hamıdan daha yaxşı bilirlər!”.

İnsan öz elində, obasında güclüdür. Çətin seçim anlarında insana həmişə eli, obası arxa, dayaq durar, sahib çıxar. İndi öz doğma evində – kəndində, el-obasında zərrə qədər hörməti olmayan, əksinə, öz həmkəndlilərinin nifrət və ironiya ünvanına çevrilmiş adamları növbəti dəfə gətirib Naxçıvan camaatının başına çıxarmağın, vallah, sonu heç yaxşı görünmür və bu, hər şeydən əvvəl, o mərd, mübariz, cəfakeş camaata, o müqəddəs torpağa nümayişkaranə hörmətsizlikdir”, – Elxan Şükürlü deyib.

Parlament seçkiyə gedir

2024-cü il iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
İyunun 28-də İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Mərkəzi Seçki Komissiyası sədri Məzahir Pənahov iyulun 22-də deyib ki, 1048 nəfər namizədlik üçün müraciət edib, onlardan 700-nin namizədliyi təsdiqlənib.

1 sentyabr seçkilərini AXCP boykot edir, Yeni Azərbaycan, Müsavat, Demokrat, Klassik Xalq Cəbhəsi, Ümid, REAL və digər partiyalar isə iştirak edəcəklərini açıqlayıblar.

Check Also

Gələn həftə Milli Məclisdə Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin müzakirələri başlayacaq

Milli Məclisdə noyabrın 18-də Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi zərfinin müzakirələri başlayacaq. “Report”a məlumatı …