Azərbaycanda ədəbiyyat tənəzzül dövrünü yaşayır. Sovet ədəbiyyatından və onun yazarlarından qurtula bilmədiyimiz bir dövrdə, müsbət haldır ki, adda-budda gənc yazarlarımız da var və ədəbiyyatımıza öz töhfələrini verirlər. Son dövrün, hələki müvazinətini itirməyən, gənc və xalqın yazıçısı Kəramət Böyükcöldür ki, onu da azad fikirliliyinə görə gözüm-çıxdıya salmaqla xalqdan uzaqlaşdırmaq istəyirlər.
Kəraməti yaxşı başa düşmək üçün uzağa getməyə ehtiyac yoxdur, elə onun atası, Qəşəm Nəcəfzadə ilə müqayisə etsək Kəramətin Azərbaycanda mövqeyi və Azərbaycana verdiyi töhvə göz önündə canlanacaq. Qəşəm Nəcəfzadənin hekayə və şeirlərini az da olmuş olsa oxumuşam. Amma Kəramətin kitabları ilə yox yazdıqları ilə tanışam və təqdir edirəm.
Qəşəm Nəcəfzadə xoşbəxt adamdır ki, Kəramət gənc yaşında öz gənc atasını sürətlə gəlib keçib,
“…Mən ötmüşəm atamı,
Məni ötür övladım.
Bu belə də olmalı,
Axı dünya fırlanır…” (B. Vahabzadə)
-fikri ilə razılaşıb yola çıxsaq və O, cəmiyyətdə atasının və xalqın fəxr etdiyi bir mövqeyə gəlib çatıb.
Azərbaycan xalqı olduqca həssas və hər şeyi iynənin gözündən keçirəcək qədər çox diqqətcildir. Bu həm siyasətdə, həm ədəbiyyatda həm də digər sahələrdə belədir. Xalqımız insanların peşəsindən çox onların şəxsiyyətinə, səviyyəsinə önəm verir. Bu da çox vacib amildir.
Bəzi yazarlarımızın şəxsiyyətsizliyi, yaltaqlığı imkan vermir ki, onların əsərlərini oxuyasan. Əsərlər yaradılır ki, cəmiyyət maariflənsin və tərbiyəvi rol oynasın. Əgər əsəri yazanın özü xalqı, cəmiyyəti saymırsa, hakimiyyəti onu yazıçı səviyyəsinə qaldıran, sevdirən xalqdan üstün tutursa o sadəcə cismən diridir, xalq arasında isə ölüdür. Yaratdığı obrazlar isə saxtadır. Cəmiyyət yazıçının obrazları ilə özü, şəxsiyyəti arasında kəskin təzad görürsə deməli həmin yazıçı ölmüşdur.
Azərbaycanda yazıçılığın meyarı, təəssüf ki və hələki, Anarla, Cingizlə ölçülür. Bunlar isə xalqın hesabına nüfuz qazansalar da, xalqdan tamamilə kənar gəziblər, daima vəzifə, hakimiyyət xəstəsi kimi cəmiyyətdə ad qazanıblar.
Anar yazıçı kimi yaxşıdır. O, filmlərdə və teatrlarda tarixdə qalacaq. Amma şəxsiyyət kimi heç vaxt.
Anar bu cəmiyyətdə iki yazardan qorxur və onlara açıq dillə nifrət edir. Biri, Zamin Hacıdır, “Yeni Müsavat” qəzetinin müxbiri. Mükəmməl felyetonlar, yazılar yazır. İkincisi, isə Kəramətdir.
Anar uzun illərin yazıçısı və yazıçılığın siyasətini bilən adamdır. Həyat dolu təcrübəsi var. Bu iki yazarın kəlməsi və azad dünyası arasında məhv olur və onlara cavab verəcək gücə sahib olmadığından bu iki yazara nifrət edir. Anar zərbənin kimdən gəldiyini, təsir gücünü yaxşı hesablayacaq qədər yaşda, savadda və gücdədir. Digər yazarları isə Anar ciddiyə almır. Hətta Qəşəm Nəcəfzadəni yanına almaqla, onu dövlət təminatı ilə dəstəkləməklə Kəramətə təsir mexanizmi yaratmağa çalışır. Amma effekti olmadı.
Kəramət öz səngərini, öz durduğu mövqeyi atasına da güzəşt etmədi və dəyişmədi. Atası isə Kəraməti qorumağa çalışır amma eyni zamanda başa düşür ki, Kəraməti öz tərəfinə çəksə gənc ikən o məhv olacaq. Elə özü də. Yazıçı azadlığı və onun varlığı yaşam oksigenidir. Onun açarı başqa əldə olsa o həyatla vidalaşır. Həm mənən, həm də cismən.
Qəşəm Nəcəfzadənin öz həyatı haqqında yazdığı hekayəsində və onların bütün həyatını dəyişəcək bir hadisədə belə balaca Kəramət, “… O yaşıl ağacın, altı bizimdir…” deməsi, Zəlimxan Yaquba işarə etməsi, ondan kömək istəməsini yada salmaqla dəyişə bilib. Qəşəm Nəcəfzadə Zəlimxan Yaqub gücündən, inzibati amirlik üslubundan istifadə etməklə hakimiyyətin gücünü hiss edib və özünü Anarın yanına verib.
Kəramət xalqın gözü önündə atasından müsahibə götürdü və ona açıq bildirdi ki, sənin hakimiyyətyönlü olman xalq arasında nüfuzunu aşağı salır və dolayısı ilə mənə də təsir edir. Qəşəm isə özünə haqq qazandırsa də buna məcbur olduğunu və bunsuz inkişafın mümkünsüz olduğunu işarə edirdi.
Kəraməti, atasından ucada tutan isə onun yazdıqlarından çox (bəlkə atası ondan güclü yazır), xalqın içində olması, özünə sağlam və böyük oxucu auditoriyası toplaması və bunu artırmaqla qorumasıdır. Bu onun bir yazıçı kimi, bir şəxsiyyət kimi cəmiyyətdə, xalq arasında həm ədəbiyyatının həm də özünün əbədi yaşaması şansını artırır. Bu örnəyi düşüncə azadlığı olmayan, daima kiminsə kölgəsində öz inkişafını təmin edən atası və yaxud Anar kimilər qəbul etməzlər və etməyəcəklər. Yazıçının azadlığını əlindən almaq bütün bir xalqın azadlığını əlindən almağa bərabərdir. Təbii ki, başa düşən üçün… Onsuzda bü sahədə də xalqımız kasaddır.
Kəramət bu baxımdan, yaşının az olmasına baxmayaraq, ədəbiyyatımızın əsalı yazarlarından daha ağıllı, daha mövqeli və xalqına, oxucusuna daha çox güvənən bir yazardır. Bu gün, öz siyasi və məntiqi fikir və düşüncəsi ilə daha çox diqqət mərkəzindədir, ona görə də Kəramət həm oxunulur, həm izlənilir və həm də ona maneə olmağa çalışırlar.
Partiyalar belə onunla rəqabət aparacaq gücdə olmadıqlarını bir qərəzli yazı və statusları ilə ortaya qoydular. Kəramətə qarşı partiyanın üst qurumunda yazılan bir yazıya üzvlərinin və onların tərəfdarlarının müsbət münasibəti cəmi 200 nəfərdirsə, Kəramətin onlara qısa, məntiqi cavabına isə 5300 nəfər müsbət reaksiya verməklə, siyasətçilərin həm siyasətlərini, həm də onların ədəbi düşüncələrini məhv elədilər və onların xalqdan, cəmiyyətdən nə qədər aralı düşdüklərini göstərdilər. Bu uzun müddətdir ki, əsl siyasi mübarizədən kənar, xalqı parçalamağın, xalqı intiriqaya meyl etdirməyin təzahürü və fəsadları idi ki, bir gün fontan vurmalıydı və vurdu.
İndiki idarəçilik sistemində, Kəramət kimi yazarları qorumaq üçün əslində müxalifətin onu öz səviyyələrində tənqid etməsi Kəraməti qoruyur. Əgər hakimiyyətə meyilli və onun təsirində olan insanlar Kəraməti tənqid etsə, müxalifət tərifləsə Kəramət öz azadlığını qorumaqda zorlanacaq. Müxalifətin tənqid etməsi, baxmayaraq ki, çox vaxt qərəzlidirlər və Onu köhnə, mənasız, məntiqsiz, savadsız üsullarla “hakimiyyətin adamı” deyib “o tərəfə” itələməklə cəmiyyətin, xalqın gözündən salmağa hesablanıb, bu da bumeranq effekti versə də, Kəraməti qoruyur. Hakimiyyət isə cəmiyyətin başının qarışması üçün seyr edir eyni zamanda Kəramət kimi xalqın yazıçısının nüfuzundan narahatdır. Həm də çox. Anar da, atası da hakimiyyətə “kömək” edə bilmirsə başqa variantlara əl atacaqlar. Kəramət isə hələki mövqeyini qorumaqda israrlıdır. Hara qədər? Bax bunu özü də bilmir…
P.S. Yazının uzunluğuna görə oxuculardan üzr istəyirəm. Çox qısa yazdım. Çox faktları kəsməyə məcbur oldum. Son günlər səhifəmdə xalqa və xalqın siyasi mübarizəsinə ciddi ziyan vuran bü cür münasibətlərlə çox qarşılaşdığımdan münasibət bildirməyi özümə borc bildim. Kəraməti isə yaxından tanımıram. Amma ona uğurlar arzulayıram.
Boyukmillet.com


Boyukmillet.com Biz yanmasaq vətən yanar
