Cümə , 5 Dekabr 2025
Drone Cameras

Sürücülərin sərxoşluq müayinəsi və korrupsiya iddiaları

Azərbaycanda sürücülər tez-tez yol polisi tərəfindən qanunsuz saxlanılmaqdan və əsassız yerə cərimələnməkdən və ya cərimələnməmək üçün polisə rüşvət verməkdən narazılıq edirlər. Sürücülər hesab edirlər ki, onlar yol hərəkəti qaydasını pozmadıqları halda yol polisi onları saxlayır və cərimələyir.
Sürücüləri narazı salan məsələlərdən biri də sərxoşluq müayinələridir. Sürücülər iddia edirlər ki, restoranların çox olduğu küçələrdə yol polisləri onlara sərxoşluq müayinəsi ilə bağlı qəsdən tələ qurur.

Sosial şəbəkələrdə bəzi sürücülər yol polisinin onları sərxoş olmaqda günahlandırdığı və rüşvət aldığına dair iddialar səsləndirirlər. Bir çox sürücülər sərxoşluq iddiası ilə yüksək cəriməyə məruz qalacaqlarından və avtomobil sürmək hüququndan (sürücülük vəsiqəsindən) məhrum olacaqlarından qorxduqları üçün rüşvət ödəməyə razılaşdıqlarını bildirirlər.

Yerli medianın verdiyi məlumata əsasən, əvvəllər sərxoşluq müayinəsi daha çox alkoqol qəbulu ilə bağlı aparılsa da, son dövrlər narkoloji müayinələrin sayında artım var.

Bəzi sürücülər bildirir ki, əvvəllər alkoqol müayinəsində yol polisinin yol verdiyi pozuntular narkoloji müayinələrdə də davam edir və narkotik yoxlamaları ilə bağlı məsuliyyət daha yüksək olduğu üçün rüşvətin miqdarı da artıb.

Meydan TV sürücülərin qarşılaşdığı sərxoşluq müayinəsi problemləri ilə əlaqədar ölkə qanunvericiliyini və digər ölkələrin təcrübəsini müqayisəli olaraq araşdırır.

Azərbaycan qanunvericiliyində sərxoşluq müayinəsinin tənzimlənməsi

İnzibati Xətalar Məcəlləsinə (İXM) əsasən, sürücülərin avtomobili idarə etməkdən kənarlaşdırılmasının əsaslarından biri yol polisinin dayandırdığı nəqliyyat vasitəsini idarə edən sürücünün alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsasların mövcud olmasıdır (maddə 96.1.4). Əgər yol polisi belə hal aşkar edərsə sürücünü avtomobili idarə etməkdən kənarlaşdırmalıdır. Bu halda avtomobildə sürücü ilə birlikdə gedən sərnişinin avtomobil sürmək hüququ varsa, o yola davam edə bilər. Amma sərnişinin belə hüququ yoxdursa, onda avtomobil cərimə meydançasına aparılır.

Sürücünün sərxoş olmasını güman etməyə əsaslar olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün texniki vasitələrdən istifadə edilir. Sürücü müayinədən imtina etmək və ya müayinənin nəticəsi ilə razılaşmamaq haqqına sahibdir (İXM, maddə 96.2). Bu halda yol polisi sürücünü məcburi şəkildə müayinə üçün tibbi müəssisəyə aparır.

Qanunvericiliyə əsasən yol polisi sərxoşluq müayinəsini protokollaşdırılmalı, müayinə aktını protokola əlavə edilməli və protokolun surətini sürücüyə verməlidir. Sürücünün protokolu imzalamaqdan imtina etmək və protokolla razılaşmadıqda, öz izahatı və qeydlərini əlavə etmək hüququ var (İXM, maddə 96.3.-96.6).

Sərxoşluq müayinəsi Nazirlər Kabinetinin təsdiq etdiyi “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na uyğun aparılır.

Həmin Qaydalara (bənd 2) əsasən, yol polisi aşağıdakı hallarda sərxoşluq müayinəsi keçirə bilər:

1. Sürücünün nəfəsindən alkoqollu içki qoxusu gəldikdə;

2. Sürücü ayaq üstə sərbəst dayana bilmədikdə;

3. Sürücü özünü idarə edə bilmədikdə.

Qaydalar sərxoşluq müayinəsinin iki növünü müəyyən edir:

I. Sürücünün alkoqollu içkidən istifadə etməsi faktını təsdiq etmə (alkoqol müayinəsi) – alkoqol müayinəsi yol polisi tərəfindən müayinənin nəticəsini kağızda çap edən alkotester texniki vasitəsindən istifadə etməklə nəfəsvermə üsulu ilə həyata keçirilir;

II. Sürücünün narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmə (narkoloji müayinə) – narkoloji müayinə yol polisi tərəfindən müayinənin nəticəsini kağızda çap edən narkotester texniki vasitəsindən istifadə etməklə ağız suyundan nümunənin götürülməsi ilə həyata keçirilir.

Sürücünün sərxoş olması belə müəyyən edilir:

a) Alkoqol müayinəsində sürücünün qanında alkoqolun konsentrasiyasının (cəmlənmiş həcminin)  0,3 promilli və daha artıq olarsa, o, sərxoş sayılır;

b) Narkoloji müayinədə sürücünün qanında narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu hər hansı miqdarda görünərsə, o, sərxoş sayılır.

Sərxoş avtomobil idarə etməyə görə hüquqi məsuliyyət

Yol polisi sürücünün sərxoş olduğunu müəyyən edərsə, bu halda onu hüquqi məsuliyyətə cəlb edir. Sərxoş avtomobil idarə etməyə görə hüquqi məsuliyyət alkoqol yoxsa narkotik vasitədən istifadəsindən və sürücülük hüququnun olub-olmamasından asılı olaraq dörd yerə bölünür (İXM, maddələr 333, 333-1, 334, 334-1):

1. Alkoqol qəbulu: Sürücülük hüququ olan sürücü avtomobili spritli içkiyə görə sərxoş vəziyyətdə idarə edərsə, bu hüquq pozuntusuna görə o, 400 manat cərimə edilir yaxud onun sürücülük hüququ 6 ay-1 il arası əlindən alına bilər;

2. Alkoqol qəbulu: Sürücülük hüququ olmayan şəxs avtomobili spirtli içkiyə görə sərxoş vəziyyətdə idarə edərsə, bu hüquq pozuntusuna görə o, 500 manat cərimə edilir və ya işdə ağırlaşdırıcı hallar olarsa, ona 15 sutkaya qədər inzibati həbs tənbeh edilə bilər;

3. Narkotik istifadəsi: Sürücülük hüququ olan sürücü avtomobili narkotik istifadəsinə görə sərxoş vəziyyətdə idarə edərsə, bu hüquq pozuntusuna görə o, 600 manat cərimə edilir yaxud onun sürücülük hüququ 6 ay-1 il arası əlindən alına bilər;

4. Narkotik istifadəsi: Sürücülük hüququ olmayan şəxs avtomobili narkotik istifadəsinə görə sərxoş vəziyyətdə idarə edərsə, bu hüquq pozuntusuna görə o, 800 manat cərimə edilir və ya işdə ağırlaşdırıcı hallar olarsa, ona 1 ayadək inzibati həbs tənbeh edilə bilər.

 Bundan əlavə, sürücü sərxoşluq müayinəsindən imtina etdikdən sonra o, ətraflı tibbi müayinə üçün tibbi müəssisəyə aparılır. Əgər sürücü tibbi müəssisədə tibbi müayinədən imtina edərsə, buna görə də hüquqi məsuliyyətə cəlb edilir.

Alkoqol tibbi müayinəsindən imtina etməyə görə sürücü 400 manat cərimə edilir yaxud onun sürücülük hüququ 6 ay-1 il arası əlindən alına bilər. Narkoloji tibbi müayinədən imtina etməyə görə isə sürücü 600 manat cərimə edilir yaxud onun sürücülük hüququ eyni müddətə əlindən alına bilər (İXM, maddələr 343 və 343-1).

Bunu da əlavə edək ki, narkoloji müayinə nəticəsində sərxoşluğu müəyyən edilən şəxslər barəsində polis onları əlavə olaraq az miqdarda narkotikdən istifadəyə görə hüquqi məsuliyyətə cəlb edə bilər. Bu halda belə sürücülər 300-400 manat arası cərimə yaxud ağırlaşdırıcı hallarda, iki ayadək inzibati həbs tənbehi ilə üz-üzə qalırlar (İXM, maddə 206).

Sürücülük praktikasının ağır yükü

Qeyd edək ki, sərxoşluq müayinəsinə dair qanunvericilikdəki hüquqi anlayışlar qeyri-müəyyəndir. Belə ki, sərxoşluq müayinəsinin əsaslarından biri sürücünün özünü idarə edə bilməməsidir. Amma özünü idarə edə bilməmək qeyri-müəyyən ifadədir və aydın deyil. Yol polisi onunla razılaşmayan və ona narazılığını bildirən sürücünü rahatlıqla özünü idarə edə bilməməkdə ittiham edə bilər. Bundan əlavə, sosial şəbəkələrdə bir sıra sürücülər sərxoşluq müayinəsi üçün texniki vasitələrin (alkotester, narkotester) problemli olduğunu və hətta onlar sərxoş olmadığı hallarda da sərxoşluq müəyyən etdiyini iddia edirlər. Bu isə alkotester və narkotesterlərlə bağlı ciddi suallar yaradır. Bundan əlavə, ölkədə vətəndaşların məhkəmə müdafiəsi zəif olması və məhkəmələrin çox vaxt dövlət orqanlarının tərəfini saxlaması da yol polisi tərəfindən sürücülərin hüquqlarının pozulması üçün əlavə zəmin yaradır. Vətəndaşların məhkəməyə inamı olmadığı üçün onlar adətən polis cərimələrindən məhkəməyə şikayət etmirlər.

Dünyada Sərxoşluq Müayinəsi Necədir? (müqayisəli təhlil)

Sərxoşluq müayinəsi – polislərin yol hərəkəti zamanı vətəndaşların təhlükəsizliyini təmin etmək üçün istifadə etdikləri tədbirlərdən biridir. İnkişaf etmiş Qərb ölkələri də sərxoşluq müayinəsinin həyata keçirilməsinə icazə verirlər. Lakin sərxoşluq müayinəsi icbari tədbir olduğu üçün vətəndaşların bu cür müayinələr vaxtı hüquqlarının qorunması üçün həmin ölkələrdə hüquqi təminatlar nəzərdə tutulur. Bu müayinələr vaxtı ilk təminat odur ki, polis əsaslı şübhə olmadan sürücüləri icbari şəkildə hüquqi müayinəyə cəlb edə bilməz. Əgər sərxoşluq müayinəsi əsaslı şübhə olmadan həyata keçirilirsə, bu halda həmin müayinənin nəticələri etibarsız sayılır. Məsələn, ABŞ-da belə müayinələr konstitusion hüquqların təminatı altına düşür. Xüsusilə ABŞ Konstitusiyasına Əlavə Beşinci Düzəlişin qoruduğu öz əleyhinə ifadə verməmək hüququ sərxoşluq müayinələrinə münasibətdə əsas təminat sayılır. Həmin təminata əsasən yol polisinin sürücünü sərxoşluq müayinəsinə cəlb etməsi üçün onun əlində belə müayinəni əsaslandıracaq əsaslı şübhə olmalıdır.

Avropa ölkələrində sərxoşluq müayinəsinə dair təcrübələr ölkədən ölkəyə dəyişir. Lakin Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 8-ci maddəsi ilə qorunan şəxsi həyatın toxunulmazlığı hüququ şəxslərin məhrəmiyyət (privacy) hüququnu da ehtiva edir. Məhrəmiyyət hüququna əsasən, polis tərəfindən şəxsin dayandırılıb onun yoxlanılması, o cümlədən tibbi xarakterli yoxlamalar ölkədaxili qanunvericiliyin tələblərinə uyğun şəkildə və zərurət olduqda həyata keçirilməlidir. Belə zərurət də öz növbəsində polisin yoxlama həyata keçirmək üçün əsaslandırılmış səbəbinin olmasını tələb edir. AİHK-in bu təminatı həmçinin Avropa Şurası üzvü kimi Azərbaycana da şamil edilir.

Check Also

Xankəndidə Türkiyə vətəndaşlarını qanunsuz işlədən qadın biznesmen CƏZALANDIRILDI

Xankəndidə əcnəbiləri qanunsuz əməyə cəlb edən şirkət cərimələnib. Boyukmillet.com lent.az-a istinadən xəbər verir ki, şəhərdə …