Xəbər verdiyimiz kimi, sentyabrın 13-18-də Venesuela Bolivar Respublikasının Marqarita adasında Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının “İnkişaf naminə sülh, suverenlik və həmrəylik” devizi altında XVII Sammiti keçirilib.
AZƏRTAC xəbər verir ki, Sammitin yekun sənədində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bənd də yer alıb.
Yekun sənəddə dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması, beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüf ifadə ediblər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin önəmini bir daha təsdiq edib, tərəfləri münaqişəni Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırıblar.
Beləliklə, 120 dövlətin üzv olduğu, BMT-dən sonra dünya miqyasında ən çox ölkənin təmsil olunduğu nüfuzlu beynəlxalq təsisatın – Qoşulmama Hərəkatının yekun sənədində Azərbaycanın haqlı mövqeyi açıq-aşkar dəstəklənir. Bu, Ermənistanın beynəlxalq miqyasda aldığı daha bir zərbə, Azərbaycan diplomatiyasının isə daha bir uğurudur.
http://azertag.az/xeber/120_dovletin_istirak_etdiyi_Qosulmama_Herekatindan_Ermenistana_zerbe-993553