Cümə axşamı , 29 Oktyabr 2026
Drone Cameras

Səudiyyə Ərəbistanında hərbi baza Türkiyəyə bu imkanları açacaq

Səudiyyə Ərəbistanı Türkiyəyə öz ərazisində hərbi bazanın yaradılması ilə bağlı rəsmi təklif göndərib. “Hürriyet” qəzetinin məlumatına görə, bu baza Türkiyənin Qətərdəki mövcud hərbi bazasının modeli əsasında formalaşdırıla bilər.

Səudiyyə Ərəbistanında Türkiyənin hərbi bazasının yaradılması Türkiyənin hansı strateji maraqlarına xidmət edir? Türkiyə üçün əhəmiyyəti nədir?

ABŞ-ın haqqı yoxdur ki, dünya dövlətlərini öz maraqlarına uyğun  klonlaşdırsın"- Azad Məsiyev

Politoloq Azad Məsiyev Musavat.com-a bildirib ki, Səudiyyə Ərəbistanının Türkiyəyə öz ərazisində hərbi baza yaratmağı təklif etməsi doğru xəbərdirsə bu, Ankara ilə Ər-Riyad arasında münasibətlərin yeni mərhələyə keçə biləcəyini göstərir. Bu məsələni yalnız iki ölkə arasında hərbi əməkdaşlığın genişlənməsi kimi qiymətləndirmək düzgün olmazdı: “Burada Türkiyənin Yaxın Şərqdə strateji mövqelərini gücləndirmək, regional təhlükəsizlik proseslərində daha fəal iştirak etmək və müdafiə sənayesinin imkanlarını genişləndirmək maraqları da var. Türkiyə son illərdə təkcə öz sərhədlərinin təhlükəsizliyini təmin etməyə çalışan dövlət deyil, həm də regional təhlükəsizlik arxitekturasının formalaşmasında iştirak edən aktor kimi çıxış edir. Suriyada, İraqda, Şərqi Aralıq dənizində, Qafqazda və Liviyada həyata keçirilən siyasət Ankaranın xarici siyasətində hərbi və təhlükəsizlik amilinin əhəmiyyətini göstərir. Səudiyyə Ərəbistanında hərbi bazanın yaradılması isə Türkiyənin bu coğrafiyada mövcudluğunu daha da möhkəmləndirə bilər. Birinci strateji məqsəd Türkiyənin Körfəz regionunda hərbi mövcudluğunu genişləndirməkdir. Türkiyənin Qətərdə hərbi bazası var. Səudiyyə Ərəbistanında da oxşar infrastrukturun yaradılması Ankaraya Fars körfəzi və Qırmızı dəniz ətrafındakı təhlükəsizlik proseslərini daha yaxından izləmək, müttəfiqləri ilə hərbi koordinasiyanı gücləndirmək və zərurət yarandıqda qüvvələrini daha operativ şəkildə yerləşdirmək imkanı verə bilər”.

Politoloq qeyd edib ki, Səudiyyə Ərəbistanı böyük iqtisadi və enerji potensialına malik olmaqla yanaşı, Yaxın Şərqin əsas siyasi aktorlarından biridir. Bu ölkədə hərbi iştirak Türkiyənin regiondakı siyasi çəkisinin artmasına, Ər-Riyadla uzunmüddətli təhlükəsizlik əlaqələrinin qurulmasına və digər regional dövlətlərlə münasibətlərində əlavə imkanlar əldə etməsinə şərait yarada bilər.

Check Also

İlham Əliyev Ərdoğanı təbrik edib

Hörmətli cənab Prezident, Əziz Qardaşım, Qardaş Türkiyə Respublikasının milli bayramı – 29 Oktyabr – Respublika …