Bazar , 15 Noyabr 2026
Drone Cameras

İsrail Fransanın tanınmış müxalifət liderinə ölkəyə giriş qadağası qoydu

İsrail hökumətinin Fransanın sol müxalifətinin aparıcı simalarından biri, «Boyun Əyməyən Fransa» (La France insoumise – LFI) partiyasının lideri Jean-Luc Mélenchona ölkəyə giriş qadağası qoyması Avropada yeni siyasi müzakirələrə səbəb olub.

İsrail Xarici İşlər Nazirliyi 12 noyabr 2026-cı ildə açıqladığı qərarda Mélenchonla yanaşı, partiyanın parlament fraksiyasının rəhbəri Mathilde Panotun da İsrailə girişinə icazə verilməyəcəyini bildirib.

İsrail tərəfi qərarını LFI-nin İsrailə qarşı «son dərəcə düşmən mövqeyi» və partiya rəhbərlərinin açıqlamaları ilə əsaslandırıb. İsrail Xarici İşlər Nazirliyinin iddiasına görə, hər iki siyasətçi İsrailə qarşı nifrət yaradan bəyanatlar səsləndirib. Mélenchona qarşı irəli sürülən iradlardan biri də onun Qəzzaya humanitar yardım aparan və İsrail blokadasını yarmağa çalışan flotiliyaların Fransa gəmiləri tərəfindən müşayiət olunmasını təklif etməsidir.

Mélenchonun cavabı: Mən İsrailə getmək üçün müraciət etməmişəm

Fransalı siyasətçi İsrailin qərarına sərt, lakin istehzalı münasibət bildirib. O, Franceinfo radiosuna açıqlamasında deyib ki, özü İsrailə getmək üçün heç bir müraciət etmədiyi halda, ona həmin ölkəyə giriş qadağası qoyulub.

Mélenchon İsrail hökumətinin bu addımını siyasi təqib kimi qiymətləndirərək, qərardan məyus olmadığını bildirib.

Qeyd edək ki, Mélenchon 2027-ci ildə keçiriləcək Fransa prezident seçkilərinin mümkün namizədlərindən biridir və Fransa siyasətində sol müxalifətin əsas simalarından hesab olunur.

Paris-Təl-Əviv xəttində yeni diplomatik gərginlik

Hadisənin diqqətçəkən tərəflərindən biri də Fransa ilə İsrail arasında son günlər yaranmış qarşılıqlı diplomatik narazılıqlardır.

İsrailin qərarından bir gün əvvəl Fransa İordan çayının qərb sahilindəki yəhudi yaşayış məntəqələrinin genişləndirilməsinin tərəfdarı olan Yossi Daganın ölkəyə girişinə icazə verməmişdi.

İsrail mediasında Mélenchon və Mathilde Panota qarşı qərarın Fransanın bu addımına cavab xarakteri daşıdığı barədə məlumatlar yayılıb.

Fransanın xarici işlər naziri Jean-Noël Barrot isə İsrailin qərarını «deməkoqoji qərar» adlandırıb. O, İsrail hökumətinin beynəlxalq hüququ dəfələrlə pozduğunu bildirərək, Parisin İsrail və Fələstin xalqlarının dinc yanaşı yaşamasını nəzərdə tutan iki dövlətli həll prinsipini dəstəkləməyə davam edəcəyini vurğulayıb.

Boyukmillet.com

Mirağa Qafarov

Check Also

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında noyabrın 16-da müşahidə ediləcək vəziyyət açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat …