Şənbə , 21 Dekabr 2024
Drone Cameras

2017-ci ilin I rübündə 250-yə yaxın dövlət əmlakı özəlləşdirilib və icarəyə verilib

Görülən tədbirlər nəticəsində 2017-ci ilin I rübündə ümumilikdə 250-yə yaxın kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi, yarımçıq tikililər və nəqliyyat vasitələri, habelə müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi, səhmdar cəmiyyət özəlləşdirilib, 63 qeyri-yaşayış və torpaq sahəsi isə icarəyə verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) keçirilən 2017-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirədə komitənin sədri Kərəm Həsənov bildirib.

Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu sosial-iqtisadi islahatlar və məqsədyönlü siyasət nəticəsində ölkəmizin iqtisadi potensialı daha da güclənib, davamlı inkişaf dinamikası təmin edilib. ƏMDK da, ölkədə həyata keçirilən iqtisadi islahatlar fonunda öz fəaliyyət istiqamətləri üzrə gördüyü işlərlə aparılan islahatlara öz töhfəsini verib. Bu istiqamətlər üzrə işlər Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritələri” çərçivəsində görüləcək iş planlarında nəzərdə tutulmuş tədbirlər haqqında Fərmanının icrası sahələrində aparılıb.

Bildirilib ki, cari ilin ilk rübündə dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə olunması ilə bağlı monitorinqlər aparılıb, 294 monitorinq aktı təhlil edilib. Dövlət müəssisələri və səhmdar cəmiyyətlərdən dövlət əmlakının səmərəli istifadəsinə dair 5000-nə yaxın illik xüsusi hesabat forması alınıb ki, bunun da 89.7 faizi elektron qaydada qəbul olunub.

Özəlləşdirmə prosesində xarici investorların geniş iştirakının təmin olunması məqsədilə komitə tərəfindən müxtəlif sahələrdə fəaliyyət göstərən 500-ə yaxın nüfuzlu xarici şirkətə, investisiya bankına, investisiya və pensiya fonduna özəlləşdirmə barədə tanıtım məktubları ünvanlanıb, onlar özəlləşdirmədə iştiraka dəvət olunub. Prosesə yerli investorların daha fəal cəlb edilməsi məqsədilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və AZPROMO-nun iştirakı ilə 120-yə yaxın iri yerli holdinq, şirkət, assosiasiya, həmçinin iş adamlarının qatıldığı işgüzar forum keçirilib. Forum çərçivəsində ASK ilə əməkdaşlıq haqqında memorandum imzalanıb. Bildirilib ki, komitə tərəfindən istifadəyə verilmiş Özəlləşdirmə portalından I rüb ərzində istifadə edənlərin sayı 200 minə yaxın olub. Ümumilikdə fəaliyyətə başladığı dövrdən portaldan 600 minə yaxın istifadəçi qeydə alınıb.

Diqqətə çatdırılıb ki, elektron kadastr uçotu işləri yekunlaşıb, 12 rayon üzrə məlumatların emal edilməsi, təhlili və bu rayonların ərazilərinin bələdiyyə xəritələrinin hazırlanmasına başlanılıb. Ümumi ərazisi 130 min hektar olan 53 rayon mərkəzi və ona bitişik şəhər və qəsəbələrdə daşınmaz əmlaklar barədə elektron kadastr məlumat bazasının yaradılması, ərazinin rəqəmsal kadastr xəritəsinin tərtibi işləri davam edir. 14 rayonun 810 min hektara yaxın ərazilərinin yay və qış otlaqlarında, eləcə də bələdiyyələrin kəndətrafı örüş və biçənəklərində irimiqyaslı çöl-geobotaniki tədqiqat işlərinə başlanılıb və bu işlər ilin sonunadək tam yerinə yetiriləcək. 2017-ci ildə 14 rayonun bələdiyyə və xüsusi mülkiyyətinə verilmiş 649 min hektara yaxın ərazilərində irimiqyaslı çöl-torpaq tədqiqatı işlərinin aparılması nəzərdə tutulur. Respublikanın 52 şəhər və rayonu, o cümlədən, 156 qəsəbə və 1533 kənd yaşayış məntəqəsi üzrə 32 mindən artıq küçə və prospekt formalaşdırılıb, 600 mindən artıq giriş ünvan nömrələri Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilib.

Respublikada aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində komitə tərəfindən də bir sıra işlər həyata keçirilir. Belə ki, 18 torpaq sahələrinin kateqoriyasının və təyinatının kənd təsərrüfatı məqsədləri üçün dəyişdirilməsi ilə bağlı tədbirlər görülüb. “Aqropark”ların yaradılması məqsədilə təyinatı dəyişdirilməsi nəzərdə tutulan 21 rayon üzrə 118.2 min hektar torpaq sahəsinin təyinatı dəyişdirilib.

Komitə tərəfindən torpaqların səmərəli istifadəsi və mühafizəsinə nəzarət məqsədilə paytaxtda və regionlarda monitorinq və reydlərin keçirilməsi işləri davam etdirilib. Respublika üzrə icarədə olan dövlət və bələdiyyə mülkiyyətinə aid torpaqların istifadə vəziyyəti göstərilməklə, icarəçilərin ümumi siyahısı hazırlanaraq vahid baza yaradılıb. Hesabat dövründə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 140 hal üzrə inzibati protokollar tərtib edilib, bundan 85 hal üzrə inzibati tənbehvermə haqqında qərarlar qəbul edilərək monitorinqlər zamanı pozuntu hallarının qarşısının alınması, qanunvericiliyə əsasən, cəza və inzibati tədbirlərin görülməsi təmin edilib.

Müşavirədə qeyd olunub ki, ötən il daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi, xidmətlərdə sosial və innovativ amillərin gücləndirilməsi, rahatlıq və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilib. Şəffaflıq və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin fəaliyyət istiqamətləri üzrə göstərdiyi xidmətlərə görə alınan xidmət haqqının və rüsumların hesablanmasını onlayn şəkildə avtomatik həyata keçirən “Əmlak Kalkulyatoru”ndan rüb ərzində istifadə edənlərin sayı 10 mindən çox olub. İlk 3 ay ərzində keçirilmiş 9 “Kütləvi çıxarış” kampaniyasının 2-si paytaxt rayonlarında, 7-si isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutub, 700-ə yaxın vətəndaş bu xidmət növündən yararlanıb. 2017-ci il ərzində ölkə üzrə 44 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb.

Qeyd edilib ki, komitə I rübdə innovativ sahədə də müxtəlif layihələr həyata keçirib. Fevral ayında vətəndaşların istifadəsinə verilən AzNav – ilk rəsmi naviqasiya sistemi istifadəçilərinin sayı cari ilin ilk rübündə 50 minə yaxın olub. Komitənin fəaliyyət sahələri üzrə təşkil edilmiş elektron xidmətlər vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən 2017-ci ilin ilk rübündə 45 mindən çox müraciət daxil olub və cavablandırılıb.

K.Həsənov, həmçinin qeyd edib ki, ƏMDK keçən il olduğu kimi, bu il də Bakıda böyük əmlak və investisiya sərgisi keçirəcək. Sərginin keçirilməsi üzrə artıq hazırlıq işlərinə start verilib.

Cari ilin I rübü ərzində regionlarda 3 vətəndaş qəbulu keçirilib, 29 vətəndaş qəbul edilərək müraciətlərinə baxılıb.

Müşavirənin sonunda K.Həsənov qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını səsləndirib. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritələrində nəzərdə tutulan tədbirlərin icrası üçün zəruri işlərin görülməsi barədə tapşırıqlar verilib. Qeyd edilib ki, fəaliyyət prosesinin şəffaflığı, vətəndaş məmnunluğunun təmin edilməsi prosesində operativ fəaliyyət göstərilməli, müxtəlif profilli yerli və xarici investorların özəlləşdirmə prosesinə cəlb edilməsi məqsədilə aparılan işlər genişləndirilməlidir. Regionlarda rəqabət potensialı olan və sosial-iqtisadi inkişafa töhfə verə biləcək müəssisələrin özəlləşdirilməsi üçün investorların cəlb edilməsi üçün işlər sürətləndirilməlidir. Dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin səmərəli fəaliyyətinin qiymətləndirilməsi qaydasının hazırlanması ilə bağlı beynəlxalq təcrübə araşdırılmalıdır. Daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində işlər daha keyfiyyətli və operativ şəkildə həyata keçirilməli, komitənin vətəndaşlara göstərdiyi xidmətlər üzrə məmnunluq səviyyəsi maksimum təmin olunmalıdır.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir