Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş idarəsinin və 3 saylı istintaq təcridxanasının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddənin keçirilməsinin qarşısı alınıb.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən həbs edilmiş şəxs – Ağaverdiyev Maksud Eldar oğlu ilə qısa müddətli görüşə gəlmiş bacısı – Bakı şəhər sakini Bayramova Lamiyə Eldar qızının üstünə və əşyalarına baxış keçirilən zaman gətirdiyi sovqatdakı əncir mürəbbəsinin içərisində gizlədilmiş 1 ədəd sellofan bükülüdə çəkisi 1.168 qram olan narkotik vasitə – heroin aşkar edilərək götürülüb.
Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Xəzər Rayon Polis İdarəsinə göndərilib.