Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Sabir Rüstəmxanlı: “Hansı cinahda dayanmağımızdan asılı olmayaraq, Prezidentin bu siyasətini dəstəkləyəcəyik” – MÜSAHİBƏ

Azərbaycanın siyasi mühitində ciddi dəyişikliklər, yeni-ab-hava müşahidə olunur.

İqtidar-müxalifəti dialoqu intensivləşib, müxalifət nümayəndələri qanunverici orqanda yüksək vəzifələrdə təmsil olunur. Bu proses davamlı olacaqmı? İnkişafa mane olan korrupsionerlərə qarşı mübarizəyə müxalifətin yanaşması necədir?

Cebhe.info-nun suallarını Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, istiqlalçı deputat, Milli Məclisinin üzvü Sabir Rüstəmxanlı cavablandırır.

“Ordu Bakıya girməsəydi, biz Ali Soveti bütövlükdə götürə bilərdik”

-Sabir bəy, siyasətə müstəqillikdən öncə gəlmisiz. Milli azadlıq hərəkatında iştirak etmisiz. Bəzən ölüm təhlükəsi ilə üz-üzə qalmısınız. O zaman siyasi mühit indiki kimi idimi? Rəqabətdə söyüş vardımı? Ölkə müstəqil olandan sonra da daim öndə olmusuz. Belə bir bölgü aparaq: 2000-ci ilə qədər, 2000-ci ildən sonra Azərbaycan siyasəti. Hansı dövrdə ölkə siyasətində mənəvi mühit daha sağlam idi?

-1987-90-cı il, hətta 1991-ci ilin siyasi mühitini indiki ilə müqayisə etmək olmaz. O vaxt Azərbaycan bir millət, xalq olaraq Sovet imperiyasına qarşı mübarizə aparırdı. İmperiyadan qopmaq, müstəqillik əldə etmək istəyirdi. Üstəlik Ermənistanın Azərbaycana torpaq iddiası var idi və bu amil də bütün xalqı birləşdirmişdi. Meydana 1,5 milyon insan yığışanda belə, arada ayrı-seçkilik olmurdu. Meydan hərəkatı 18 gün davam etdi və meydanı mənimlə Nemət Pənahlı idarə edirdi. O dövrdə hətta oğrular da bəyan etmişdilər ki, meydan hərəkatı davam etdikcə, Bakıda oğurluq olmayacaq. Doğrudan da olmadı, bir nəfərin burnu qanamadı. Xalq bir yumruq kimi idi. Onda meydana saysız-hesabsız, kisələrlə məktublar gəlirdi. O məktubların içində milli birliyi ifadə edən yazılar var idi. Məsələn, biri yazırdı ki, biz meydana bakılı, şəkili, gəncəli, lənkəranlı, naxçıvanlı, muğanlı, qarabağlı, qubalı kimi gəldik, amma burdan azərbaycanlı kimi gedirik. Yəni hamımız birik. Birlik duyğusu çox güclü idi. Xalq meydanda təşkilatlanırdı. Ən uzaq kəndlərdən belə müraciətlər olurdu ki, biz artıq təşkilatın özəyini yaratmışıq, xahiş edirik bizi o təşkilata cəlb edib. Bu qədər möhkəm birlik var idi. Bir tərəfdən SSRİ Ali Sovetində mübarizə gedirdi. Artıq SSRİ-nin qalıb-qalmaması müzakirə olunurdu. Mart ayında referendumda xalqı məcbur edirdilər ki, SSRİ-nin tərkibində qalmaqla bağlı səs versinlər. Avqustda “QKCP” hadisəsindən sonra biz yenidən meydana qayıtdıq. 1990-cı ildən sonra 18-19 ay davam edən fövqəladə vəziyyətə baxmayaraq meydana gəldik və rejim ləğv olundu. O vaxt artıq Azərbaycan rəhbərliyinin səhvi ortaya çıxanda onlar da xalqın tələbinə əməl etməyə məcbur oldular. 1991-cı ilin 30 avqustunda müstəqillik bəyannaməsi qəbul edildi. Sentyabrın birində bizi də dəvət etdilər, Moskvada SSRİ Ali Sovetinin iclası keçirilirdi və o artıq sonuncu sessiya idi. Bundan bir qədər sonra 18 oktyabrda müstəqillik aktını qəbul etdik. 90-cı ilin payızında seçkilər keçirildi. O seçkilərdə çox ciddi rəqabət, mübarizə var idi. Baxmayaraq ki, yanvar ayında ordunun Bakıya girməsi bizim əl-qolumuzu bağlamışdı, amma demokraik fikirli 25 nəfər Ali Sovetə seçilə bildik. Ordu Bakıya girməsəydi, biz Ali Soveti bütövlükdə götürə bilərdik. Əlavə olaraq bizim müdafiə etdiyimiz 15-17 bitərəf ziyalı Ali Sovetə seçildi. Çünki o seçkilərdə bir Xalq Cəbhəsinin siyahısı var idi, bir də bizə ziyalılar müraciət edirdi və biz də onları Xalq Cəbhəsinin dəstəklədiyi adamlar siyahısına salırdıq. Beləliklə 40-dan çox adam Ali Sovetə seçilmişdi. Bizə qarşı nə qədər müqavimət olsa da, qarşımızı almaq mümkün olmadı. Bu şeyləri düşünəndə, həm seçki mühiti, həm xalqın dəstəyi baxımından o dövr daha romantik, daha gözəl, daha cazibədar idi. Hər şeyə daha çox ümidlə baxırdıq ki, Azərbaycan müstəqilliyini elan edən kimi bütün problemlərini həll edəcək, Qarabağ azad olunacaq. Azərbaycan iqtisadiyyatı gündən-günə çiçəklənəcək. Azərbaycan dünyanın ən zəngin ölkələrindən birinə çevriləcək. Buna Azərbaycanın imkanı da var. Biz o vaxt bunu meydanda da deyirdik. Təəssüf ki, müharibə bu ümidlərlərin çoxunun reallaşmasına imkan vermədi.

“Prezidentin təşəbbüsü və iradəsi ilə siyasi partiyalarla görüşlər ardıcıl şəkil alıb”

-Son zamanlar iqtidarla müxalifət arasında dialoq təşəbbüsləri artıb. Bunun cəmiyyət faydası nədir? Sizcə, bu proses siyasi mühitin və rəqabətin sağlamlaşmasına aparırmı?

-Şübhəsiz ki, aparacaq. Yəni əvvəllər də dialoq olurdu. Xüsusilə də seçkilər ərəfəsində Yeni Azərbaycan Partiyası ilə siyasi müxalifət arasında görüşlər keçirilirdi. Orada çox vaxt bütün partiyalar iştirak edib. Amma o görüşlər qısaömürlü olurdu. Görüş keçirilirdi, seçkidən sonra isə yaddan çıxırdı. Amma bu gün artıq etiraf etmək lazımdır ki, ölkə Prezidentinin təşəbbüsü və iradəsi ilə siyasi partiyalarla görüşlər ardıcıl şəkil alıb. Parlamentdə təmsil olunan müxalifət partiyalarının bəzi nümayəndələri Milli Məclisin rəhbərliyinə seçilib. Məsələn, Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini həm də Milli Məclisin sədr müavinidir. Bəzi müxalifət partiyalarının liderləri burada komitə sədrlərinin müavinləridir. Bundan da əlavə Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi həm də parlamentlə əlaqələr məsələsinə baxır. Demək olar ki, tez-tez müəyyən ünsiyyətlər qurulur. Baxmayaraq ki, pandemiya dövründə birbaşa görüşlər səngiyib, amma hər halda Milli Məclisdə olan Siyasi Partiyalar Qrupu, Beynəlxalq Komissiyalar Qrupu və digər bütün komitələrin qrupları var ki, o qruplarda tez-tez görüşürük. O görüşlərdə həm də Prezident Administrasiyasının nümayəndəsi iştirak edir. Təbii ki, görüşlər onlayn formatda keçirilir.

“Müxalifətin radikal qanadı da dialoqa gəlməlidir”

-Partiyanız Milli Məclis rəhbərliyində təmsil olunur. Müxalifət təmsilçilərinin parlamentdə sədarətə, komitə rəhbərliyinə seçilməsi sivil münasibətlərin formalaşmasına təsir edəcəkmi?

-Bizim Vətəndaş Həmrəyliyi Partiyası 1992-ci ildən yaranıb. O vaxtdan indiyə qədər 28 ildir ki, ölkədə milli birliyi və vətəndaş dayanışmasını təbliğ edirik. Müxalifətlə də, iqtidarla da normal münasibətlərimiz var. Çünki millətin, xalqın gələcəyini biz yalnız bu birlikdə görürük. Müharibəni həll etməyin də rolu milli birliyə nail olmaqdan keçir. Biz deyə bilmərik ki, VHP bütün müxalifəti təmsil edir. Çünki daha radikal qanad var və onlarla bizim fikirlərimiz üst-üstə düşmür. Onların bu dialoqa cəlb olunmasını mən zəruri hesab edirəm. Radikal qanad da bu dialoqa gəlməlidir. Son bəyanatlarından sonra görürəm ki, buna müəyyən istək də var. Təbii ki, bu cür danışıqların iki tərəfi var. Bir tərəfdən hakimiyyət, o biri tərəfdən də müxalifət müəyyən addımlar atmalıdır. İlk növbədə, söyüş ritorikasına, əsassız ittihamlara, mədəniyyətdənkənar yazılara son qoyulmalıdır. Hər kəs keçmişinə hörmət etməlidir. Hakimiyyətdə olmuş, tarixdə izi olan, hətta dövlətin başında olmuş adamlar səhv də edibsə, bu, keçib gedib. Bunların hamısına sayğı ilə yanaşmaq lazımdır. Biz 90-cı illərdən bu yana hakimiyyətdə olmuş adamlara bu cür yanaşmalıyıq. Bu yumşalmalar davam etməlidir. Hər halda hesab edirəm ki, müxalifətsiz nə parlament olmalıdır, nə də dövlət. Müxalifətsizlik əslində hərc-mərclik, özbaşınalıq və qanunlara məhəl qoymamaq mühiti yaradar. Müxalifətin müdaxiləsi və tənqidi qeydləri hakimiyyəti daim ayıq saxlayır. Ona müəyyən mesajlar verir. Bəzən hakimiyyətin tənbəlləşən duyğularını hərəkətə gətirir. Bəzən Milli Məclisdə də müxalifəti ümumi ittiham edirlər, amma bütün müxalifəti qarışdırmaq olmaz. Əgər siz radikal müxalifətdən narazısınızsa, onun adını çəkin. Məncə, səbəblər deyilməlidir və problem aydın olmalıdır.

“Rəsulzadə bəlkə də Azərbaycanın min ildə yetişdirdiyi tarixi şəxsiyyətlərdən biridir”

-Müstəmləkə görmüş xalqların ziddiyətli tarixi, şəxsiyyətləri olur. Məsələn, biz həm Məhəmməd Əmin Rəsuzadəi sevirik, həm də Nəriman Nərimanova heykəl qoyuruq. Həm Qırmızı Orduya qarşı vuruşmuş Azərbaycan legionunun komandiri Düdənginskini sevirik, həm də Mehdi Hüseynzadəni. Sizcə bu, təzad deyilmi? Müstəqillik yolunu seçmiş Azərbaycanın ideologiyası necə olmalıdır? Hansı şəxsiyyətlərə ehtiram göstərilməlidir?

-Mən burada ziddiyyət görmürəm. Hər tarixi şəraitin özünə uyğun addımlar atılmalıdır. Əslində Nəriman Nərimanov Azərbaycanı Rəsulzadədən az sevmirdi. O da Azərbaycanı sevirdi və işğalaqədərki ərazi sərhədlərinin qorunmasında çox böyük rolu var. Onun ideologiyası ayrı idi, solçu, kommunist idi. Bu gün də dünyada solçuluq davam edir və əksinə, bir az da güclənir. Ziyalıların böyük əksəriyyəti sola meyillənir. Çünki solda sosial ədalət daha güclüdür. Ona görə Nərimanovun o tərəfə meyillənməsini də başa düşmək lazımdır. Nərimanov milli ideyanın yaranmasında ciddi rol oynamış adamdır. O vaxt ermənilər Sosial Demokrat Partiyasında birləşəndə, bizimkilər ona inanmırdırlar, ona görə də “Hümmət”i yaratmışdılar. Nərimanov bunun yaranmasında ciddi rol oynamışdı. Bu gün deyirlər ki, Nərimanova niyə heykəl qoyulub? Onu demək lazım deyil. Demək lazımdır ki, niyə Rəsulzadəyə heykəl qoyulmayıb? Çünki Nərimanov bizim həyatımızın, milli ideologiyamızın, keçdiyimiz yolun bir tərəfi idi. Amma Rəsulzadə bəlkə də Azərbaycanın min ildə yetişdirdiyi tarixi şəxsiyyətlərdən biridir. Rəsulzadə dahi idi. Onun yazdıqlarını bu gün diqqətlə oxuyanda görürük ki, qeyri-adi təfəkkürün məhsuludur. Onun sayəsində milli hökumət quruldu və o, Milli Şuranın sədri seçildi. Qısa müddətli dövlətçilikdə onun çox böyük rolu var. Rəsulzadənin türk ordusunun Nuru Paşanın komandalığında Bakıya dəvət olunmasında, dövlətin qorunmasınnda, Bakının işğaldan azad olunmasında şəksiz rolu var. Ona görə də onun qiyməti verilməli, Rəsulzadənin haqqı özünə qaytarılmalıdır. Heç vaxt da Nərimanovla Rəsulzadəni üz-üzə qoymaq lazım deyil. Rusiya, Avropa, dünya tarixində çox belə hadisələr olub. Adamlar bir-birinə zidd mövqedə dayanır, amma eyni zamanda sonda xidmətlərinə görə hər biri qiymətləndirilir. Bu baxımdan, Əli bəy Hüseynzadə ilə Cəlil Məmmədquluzadə ədəbi dilə fərqli mövqedən yanaşırdılar. Cəlil Məmmədquluzadə sırf xalq dilində yazmağın, Əli bəy Hüseynzadə dünya türkləri üçün qəbul olunmalı olan ümumi ədəbi dildə yazmağın tərəfdarı idi. Amma hər ikisinin bizim mədəni, ictimai-fikir tariximizdə son dərəcədə böyük rolu var. Onlar bir-biri ilə həm də dost idilər. Həmişə belə olub və belə olacaq. Əks fikirlər əslində cəmiyyətdə həqiqətin, ədalətin axtarılıb üzə çıxarılmasına kömək edir.

“Təmizlənmə getməli, yeni kadrlar gəlməlidir”

-Sabir bəy, son olaraq Dövlət Təhlükəsizlik Xidmətinin bəzi korrupsionerlərə qarşı keçirdiyi əməliyyatlara toxunmaq istəyirik. Ötən günlərdə də DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirdi…

– Bu prosesə çox müsbət yanaşıram. Hansı cinahda dayanmağımızdan asılı olmayaraq, Prezidentin bu siyasətini dəstəkləyəcəyik. Cəmiyyət də dəstəkləyir. Həm sözümüzlə, həm yazılarımızla, həm beynəlxalq miqyasda verdiyimiz mesajlarla, seçicilərimizlə görüşdə dediklərimizlə bu prosesi birmənalı şəkildə dəstəkləyirik. Xalqın istədiyi bu idi. Təbii ki, bir təmizlənmə getməli və yeni kadrlar gəlməlidir. Amma əlbəttə, bu, tək kadr məsələsi deyil, həm də görünür sisteminin özündə icra başçısı statusları, onların iş əsasnamələrində, bələdiyyələrlə icra başçıarının münasibətlərində dəqiq bölgülər olmalıdır ki, bu məsələlərdə qarışıqlıq olmasın. Fikrimcə, Prezident o adamlara açıq şəkildə mesaj verir ki, düz işləyin, rüşvət olmasın, korrupsiya olmasın.

Vilayət Muxtar

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …