Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Cümhuriyyət. Rahil Tahirli yazır..

Beş min ildir ki, biz bu coğrafiyada yaşayırıq. Tarixi Azərbaycan torpaqları, o cümlədən Cənubi Qafqaz və Xəzərin sahilləri bizim evimizdir. Biz həmişə öz evimizi yağılardan qorumaq üçün mübarizə aparmışıq. Öz evimizə sahib çıxmışıq. Evimizin istiliyini, qoxusunu, doğmalığını, müqəddəsliyini unutmamışıq. Gözümüz başqalarının torpağında olmayıb. Gözümüz evimizin, elimizin üstündə olub. Yanmışıq, yağmalanmışıq, ancaq hər dəfəsində külümüzdən dirilməyi bilmişik. İşığımızı yandırmışıq, ocağımızı qalamışıq, ev olmuşuq, gül açmışıq. Kür-Araz mədəniyyəti yaratmışıq.

Nuh peyğəmbərin “Dünya tufanı”ndan qoruduğu həyata Gəmiqayada beşik olmuşuq. Odlar yurdunun odunu Azıx mağarasında qorumuşuq. Qaval daşında Yallı çalıb oynamış, yallımızı Qobustandakı qayalara həkk etmişik.

Bizim həmişə dövlətimiz olub. Və dövlətimiz olduğuna görə də tariximiz olub. Milli kimliyimiz, mənəvi dəyərlərimiz, mədəniyyətimiz, əxlaqımız olub. Bizim həmişə mübarizəmiz olub, qılıncımız, qalxanımız olub. Köksümüzdə Ana Vətənimiz üçün döyünən ürəyimiz olub. Əzəldən çörəyimizin duzu olub. Bizim həmişə yurd sevgimiz, təəssübkeşliyimiz olub.

Türk-müsəlman aləmində ilk demokratik cümhuriyyəti biz yaratmışıq. 102 il bundan əvvəl – 1918-ci il may ayının 28-də bütün dünyaya bəyan etmişik ki,  Azərbaycan tamhüquqlu müstəqil dövlətdir. İstiqlalımızı elan etməklə siyasi nizamı yenidən qurulan dünyanın siyasi xəritəsində yerimizi müəyyən etmiş, bayraqlar içində uca, şanlı bayrağımızı sancmışıq. Bir kərə yüksələn bayraq, bir daha enməz demişik, buna inanmışıq, bunu sübut etmişik.

Cümhuriyyət qurmaq üçün gərək xalq o qədər müdrik olsun ki, özünü özünə etibar edə bilsin. Millət olmağı bacarsın. Cümhuriyyətimiz hər şeydən əvvəl Azərbaycan xalqının böyüklüyünün, azadlıqsevər və mütərəqqi kimliyinin göstəricisidir. Keçmiş xanlıqların 113 min kvadratkilometrlik ərazisində yaranan Azərbaycan Xalq Cümhuriyyəti istiqlal tariximizin şanlı səhifəsi, ötən əsrin əvvəllərində apardığımız müstəqillik uğrunda mübarizəmizin nəticəsi, qisməti, qəniməti, nemətidir.

Cəmi 23 ay yaşaya bilən Xalq Cümhuriyyəti üzləşdiyi çətinliklərə baxmayaraq öz üzərinə götürmüş olduğu missiyanı şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı, müstəqil dövlətçilik atributları – bayraq, himn, gerb yaradıldı. Ana dili dövlət dili elan olundu. Azərbaycan vətəndaşlığı təsis edildi. Azərbaycanın Milli Ordusu, Sərhəd Dəstəsi yaradıldı. Bakı erməni-bolşevik işğalından azad edildi, Gəncənin tarixi adı özünə qaytarıldı, milli məfkurə formalaşdırıldı. Milli iqtisadiyyatın, təhsil, səhiyyə və mədəniyyətin inkişafı ilə bağlı əhəmiyyətli qərarlar qəbul olundu. Şərqdə ilk dəfə qadınlara səsvermə hüququ verildi. Və bu, ABŞ-da qadınlara ilk dəfə belə bir hüququn tanınmasından 2, Fransadan 26, İsveçrədən 53 il əvvəl oldu.

Xalq Cümhuriyyəti tarixi Azərbaycan torpağı olan Naxçıvanın milli kimliyinin qorunub saxlanılmasında və yad əllərə keçməyinin qarşısının alınmasında səmərəli fəaliyyət göstərdi. O dövrdəki siyasi və beynəlxalq vəziyyət elə idi ki, Naxçıvan əhalisi Azərbaycanla bir olmaq arzusunu həyata keçirə bilmirdi. Ermənilərin Naxçıvana hücumları vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Böyük dövlətlərin təsiri ilə qədim Azərbaycan torpaqları olan Zəngəzur və İrəvan Ermənistana verilmiş, Naxçıvan Muxtar Respublikasının indiki ərazisi təcrid olunmuş vəziyyətə düşmüşdü. Nəticədə Azərbaycanın əsas ərazisi ilə əlaqə kəsilmişdi. Belə bir vəziyyətdə – 1918-ci ilin noyabrında Naxçıvanda yaradılmış Araz Türk Cümhuriyyəti bu qədim Azərbaycan torpağının Ermənistan daşnak hökuməti tərəfindən ilhaq edilməsinin qarşısını aldı. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Naxçıvan məsələsində tutduğu mövqe və bu ərazinin qorunması uğrunda aparılan mübarizə, ortaya qoyulan mütəşəkkil siyasi iradə sonrakı dövrdə Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusu qazanmasında mühüm əhəmiyyət kəsb etdi.

1920-ci ilin 28 aprelində Azərbaycan bolşevik işğalına məruz qaldı, Cümhuriyyətimiz süqut etdi. Müstəqilliyi qoruyub saxlamağın onu əldə etməkdən daha çətin olduğunu acı təcrübəmizdən öyrəndik. İstiqlal arzumuzu, bayraq sevdamızı, özümüzə, öz yurdumuza, yuvamıza yiyəlik hissimizi hər cür təhdiddən, təqibdən, sürgündən qoruyub saxlamağı bacardıq. Özümüzü və dünyanı daha yaxşı tanıdıq, daha mübariz, daha müdrik xalq olduq.

Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq,- deyən ulu öndər Heydər Əliyev 70 il sonra, 1990-cı ilin noyabr ayında Naxçıvanda üçrəngli bayrağımızı yenidən qaldırdı. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul olundu. Ulu Öndər Sovet İttifaqının saxlanmasına dair referendumun Naxçıvanda keçirilməsinə imkan vermədi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərini çıxardı. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etdi. Naxçıvan milli müstəqilliyin və dövlətçiliyin bərpası uğrunda mübarizənin əsas mərkəzi oldu.

1991-ci ildə, Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan ikinci dəfə müstəqil ölkə kimi yaşamağa başladı. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illəri çox ağır və faciəli keçdi. Təqribən 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti dövründəki ssenariyə oxşar hadisələr baş verirdi.  Hələ 1990-cı ildə Bakıya qoşun yeridilmiş, Qanlı Yanvar qırğını törədilmişdi. Azərbaycanın siyasi rəhbərliyində təmsil olunanların yarıtmaz fəaliyyəti nəticəsində xalqımız dövlət müstəqilliyinin təzədən itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. Dağlıq Qarabağ və ətraf rayonlar bir-birinin ardınca erməni silahlı birləşmələri tərəfindən işğal olunurdu. Azərbaycanlılara qarşı Xocalı soyqırımı törədilmişdi. Ölkəmizdə xaos, anarxiya, özbaşınalıq hökm sürür, qardaş qanı axıdılırdı. Bu gedişlə 23 ay sonra nələrin baş verəcəyini təsəvvür etmək çətin deyildi. Heydər Əliyev bütün ssenariləri, mənfur gedişatı dəyişdi. Heydər Əliyev 20 ay sonra, 1993-cü ilin iyun ayında üçrəngli bayrağımızın enməzliyini özüylə Naxçıvandan Bakıya apardı. Heydər Əliyev Azərbaycanın qurtuluş dastanını yazdı. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi Azərbaycan xalqının ümummilli lideri oldu.

Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan ölkədir. Azərbaycanın milli maraqlarına xidmət edən bu siyasət xalq tərəfindən dəstəklənir və müdafiə olunur. Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza malikdir. Müstəqil Azərbaycan 50 milyondan artıq soydaşımızın qüruru, təsəllisidir. Bütün xalqların nümayəndələri ölkəmizdə sülh və əmin-amanlıq içində yaşayır.

Azərbaycan öz iqtisadi gücünə və hərbi qüdrətinə görə Cənubi Qafqazın lider dövlətidir. Rəqabətqabiliyyətliliyə görə Azərbaycan dünya miqyasında 35-ci, inkişafda olan ölkələr arasında inkişafa görə üçüncü yerdədir. Nəhəng neft-qaz layihələrimiz dənizləri, nəqliyyat layihələrimiz qitələri birləşdirir. Açıq dənizlərə çıxışı olmayan Azərbaycan bu gün dünyanın nəqliyyat mərkəzlərindən birinə çevrilir. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Güclü ordumuz müstəqilliyimizin əsası, təhlükəsizliyimizin qarantıdır.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası bu gün tarixdəki ən qüdrətli dövrünü yaşayır. Blokada vəziyyətində olmasına baxmayaraq doğma Naxçıvanımızın hərtərəfli inkişafı, ərzaq, enerji, müdafiə təhlükəsizliyi tam təmin olunub. Bütün sahələrdə müasir infrastruktur yaradılıb.

 Bütün bunları sadalamaqda məqsədim odur ki, Cümhuriyyət qurucularımızın arzularının bu gün reallığa çevrildiyini əminliklə söyləyə bilim. Onlar bu günləri görmədilər, ancaq onlar bu günlər üçün çalışdılar, çarpışdılar. Onlar bu günləri arzuladılar.

Cümhuriyyət dövrümüzdən çıxardığımız bir acı nəticə də var. Ancaq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin dəfələrlə bütün dünyaya bəyan etdiyi və tarix boyu küçələrdə qalan ermənilərin küçədən tapıb özlərinə baş erməni təyin etdikləri paşolyanın düz sifətinə dediyi kimi, “biz heç vaxt imkan verməyəcəyik ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın”.  

“Qarabağ Azərbaycandır və nida işarəsi”!

Bizə Dədəm Qorquddan miras qalan müdrik bir söz vardır. “Torpağı əkmirsənsə, qorumağına, qorumursansa, əkməyinə dəyməz”… Vətən torpağını əkənlərə, onu qanı, canı bahasına qoruyanlara, Lələtəpədə, Günnütdə, bütün səngərlərimizdə yurdumun keşiyini çəkənlərə, qəhrəman analarımıza, qeyrətli oğul və qızlarımıza, “Azərbaycan” deyiləndə ayağa duran, həyatının mənasını millətinə və dövlətinə faydalı olmaqda görən, milli maraqları hər şeydən uca tutan,özünü həmişə bu məmləkətə borclu sayan, “öləndə qoynunda qoy ölüm ki, mən, çürüyüm, bir ovuc torpağın artsın” deyənlərə, Azərbaycanla birgə döyünən 50 milyondan artıq ürəyə eşq olsun!

YAŞASIN AZAD, MÜSTƏQİL, QÜDRƏTLİ AZƏRBAYCAN!!!

Rahil Tahirli

jurnalist

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …