Cümə , 22 Noyabr 2024
Drone Cameras

Əbülfəs Qarayevin verdiyi fəxri adlar geri qaytarılsın

…Son vaxtlar Mədəniyyət Nazirliyində baş verənlər hələ də müzakirə mövzusudur. Təbii ki, nazir dura-dura onun həbs olunan işçilərinin hər hansı bir məsuliyyət daşıması ağlabatan iş deyildi. İstər nazir müavini Rafiq Bayramov, istərsə də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi olmuş Zakir Sultanov nə karədirlər ki, hər hansı bir təşkilatla müqavilə bağlasınlar və ya hər hansı bir sənədə qol çəksinlər. Ona görə də haqlı olaraq xalqı, həbsin ilk günlərində bir sual narahat edirdi: – Bəs niyə nazir Əbülfəs Qarayev həbs olunmur və ya işdən çıxarılmır? Nəhayət, xalq öz sualına cavab tapdı və nazir Əbülfəs Qarayev işindən azad edildi.

Təbii ki, bu işdən çıxarılma ilə xalq razılaşmırdı. Ona görə ki, mədəniyyətimizin anasını ağlar günə qoyan Əbülfəs Qarayevin həbsi gözlənilirdi. Nəyə görə Ə.Qarayev həbs edilməlidir? Mən bu yazımda məhz həmin suala aydınlıq gətirmək istəyirəm.

Uzun illərdir Ə.Qarayev mədəniyyət naziri işləyirdi. Gəlin görək bu illər ərzində mədəniyyətimizin, musiqimizin inkişafında, maddi-mədəniyyət abidələrinin qorunmasında, teatrlarımızın yaşaması üçün, yeni kino çəkilişlərini həyata keçirmək məqsədilə hansısa bir iş görülübmü? Birmənalı şəkildə demək olar ki, yox! Fikrimi əsaslandırmaq üçün ustad Cəlil Məmmədquluzadənin bir felyetonundan sitat gətirmək istəyirəm. C.Məmmədquluzadə yazır: “Mən divarın yanı ilə gedirəm. Birdən divarın o biri tərəfindən qoşunun addım səsləri gəlir. Cəld divara qısılıram ki, qoşunun ayaqları altında qalmayım. Xeyli gözləyirəm, qoşun görünmür, amma addım səslərini eşidirəm. Nəhayət, dözməyib divarın sonuna çatıb boylanıram ki, görüm bu nə məsələdir? Nə görsəm yaxşıdır? Görürəm ki, əsgərlərin belə bir məşqi var, yerində qaçma. Mən də elə bilmişəm qoşun bu tərəfə gəlir. Sən demə, əsgərlər yerində qaçma məşqini edirlərmiş. Bizim millət də elə yerində qaçma ilə məşğuldur”.

İndi Ə.Qarayevin nazir olduğu 16 il ərzində mədəniyyətimiz də yerində qaçmaqla məşğul olub və bir addım da olsun irəli getməyib. Bu sətirləri oxuyan hər bir kəs belə düşünə bilər ki, heç bir fakt olmadan danışıram. Hər bir kəs diqqətlə baxsa, hətta adi gözlə də görmək olar ki, mədəniyyətimiz nə gündədir?

Kino çəkilişi üçün dövlət tərəfindən milyonlarla manat pul ayrılır. Bəs hanı o çəkilən kinolar, qurulan teatrlar? Səviyyəsiz, düşük məişət mövzudunda çəkilən seriallar isə xalq arasında ikrah doğurur. Qarabağa dair, ermənilərin tarixən cəllad olması və heç vaxt dövlətlərinin olmaması barədə Azərbaycanın, Türkiyənin, Rusiyanın və Avropa dövlətlərinin arxivləri əsasında film çəkib dünyaya yaymaq olmazdımı? Müharibə gedən dövlətdə Azərbaycan xalqı “Bacanaqlar” filminə layiq deyil. Elə bu fakt kinomuzun məhvinə sübut deyilmi? Teatrlarımız ondan da betər gündədir. Ermənilərin işğal etdikləri Qarabağda, həmçinin Ermənistandakı maddi-mədəni abidələrimizi darmadağın etməsinə dair sənədli filmlər çəkib dünyaya çıxarmağa Ə.Qarayevə nə mane olurdu? Bütün bu faktlar göstərir ki, Ə.Qarayevin adından başqa azərbaycanlıya, həmçinin musiqimizə, mədəniyyətimizə heç bir aidiyyatı yoxdur.

Burada bir haşiyə çıxmaq istəyirəm. Oğuz rayonunda doğulmuş, Gəncədə ali təhsil almış və ahıl yaşlarına kimi Bakıda yaşamış, yazıb-yaratmış, ən çox da uşaq şeirlərinin müəllifi kimi tanınmış dağ yəhudisi olan Simax Şeyda haqqında oxucularımıza mütəmadi məlumatlar vermiş və müsahibələr təqdim etmişik. Son iyirmi ilə yaxın isə, səhhəti ilə bağlı Almaniyanın Münhen şəhərində yaşayır. Azərbaycan vətəndaşıdır və bununla da həmişə qürur duyur. Bir gözü tamam tutulub, o biri gözü isə, hardasa 15-20 faiz görür. Bununla belə, orada aldığı pensiyanı ildə bir dəfə Bakıya gələrək uşaqlar üçün yazdığı şeirləri, kitab halına salaraq nəşr etdirir. Yenə də öz pensiyası hesabına Azərbaycanın klassik şairləri Nizami, Füzulidən tutmuş, müasir şairlərimiz Məmməd Araz, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Söhrab Tahir, Məmməd İsmayıl, Cabir Novruz, Musa Yaqub və başqalarının şeirlərini dağ yəhudi dilinə çevirərək, 3 cildlik antologiya şəklində çap etdirib. Azərbaycanın üzləşdiyi faciələrlə bağlı, o cümlədən Xocalıya, 20 Yanvar şəhidlərinə, Qarabağa, Şuşaya aid uşaqlar üçün yazdığı vətənpərvərlik şeirləri olduqca diqqətəlayiqdir. Mənə elə gəlir ki, Simax Şeyda haqqında misal gətirdiyimiz bu kiçik fakt da onun Azərbaycanı necə dəlicəsinə sevməsinin bariz nümunəsidir. Niyə görə bu insandan misal gətirirəm? Ona görə ki, Simax Şeydaya, bir çox dəyərli ziyalılar Prezident təqaüdünün və ya fəxri adın verilməsi üçün həm Yazıçılar Birliyinə, həm də Mədəniyyət Nazirliyinə dəfələrlə müraciət ediblər. Lakin bu müraciətlər, sanki dərin quyuya düşüb. Bir çox artistlərə, müğənnilərə, incəsənət adamlarına layiq oldu-olmadı Prezident təqaüdü və fəxri adlar verilir. O insanlara fəxri adlar və təqaüdlər verilir ki, onların buna heç ehtiyacları yoxdur. Bu kateqoriyadan olub ad, təqaüd alan insanlar toylarda, konsertlərdə oxumaqla ciblərini doldururlar. Amma xalqın yolunda canını qoyan, aldığı pensiyası hesabına kitablar çap etdirərək, Azərbaycan məktəblərinə və kitabxanalarına pulsuz paylayan Simax Şeyda kimi 84 yaşlı bir insana isə adi Prezident təqaüdünü də çox görürlər.

Tədbirlərin birində Ə.Qarayevə şəxsən, “Təzadlar”ın əməkdaşı olaraq belə bir müraciət etdim:

– Əbülfəs müəllim, dağ yəhudisi olan şair Simax Şeydanı tanıyırsınızmı?

– Eşitmişəm, məlumatım var.

– Siz bilirsinizmi ki, bir dağ yəhudisi olaraq öz pensiyası hesabına kitablar çap etdirir, yaşadığı Almaniyada Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Belə bir insana niyə fəxri ad verilməsin?

– Biz ona bu yaxınlarda deyəsən ad verdik.

– Bəli, Simax Şeydaya fəxri ad verilməsi üçün sizə həm bir qrup ziyalı, həm də yəhudi sinaqoqu müraciət etmişdir. Nəticədə ona fəxri ad yox, Prezidentin Fəxri Fərmanı verildi.

Mənim bu sözlərimdən sonra Ə.Qarayev yanındakılardan birinə belə dedi:

– Mənim yadıma salarsan, o məsələ ilə məşğul olaram.

Sonrakı gedişat göstərdi ki, Ə.Qarayevin başı, soyunub özlərini çöldə qoyanlara fəxri ad verməyə qarışıb.

Son vaxtlar, yəni Ə.Qarayev nazir kürsüsündən gedəndən sonra demək olar hamı onu ən çox layiq olmayan müğənnilərə, əməkdar və xalq artisti adlarının verilməsində qınayır. Amma heç kəs konkret ad çəkmir. Nəticədə, bilinmir ki, o xalq artisti adına layiq olmayanlar kimlərdir.

Amma bu sətirlərin müəllifi olaraq mən, özündən demək olmasın, “Təzadlar” qəzetinin sonuncu səhifəsində müəllifi olduğum “Həftəbecər” rubrikasında, necə deyərlər, Ə.Qarayevin sağlığında, Xalq artisti adına layiq olmayanların adlarını dəfələrlə çəkmişəm. Mən musiqi üzrə mütəxəssis deyiləm, amma ən yaxşı musiqi mütəxəssislərini, peşəkarları, konservatoriyanın bacarıqlı müəllimlərini yığıb bir komissiya təşkil edin, bundan sonra Xalq və Əməkdar artisti adı alanları bu komissiyada yoxlayın və görək onlar o ada layiq olduqlarını sübut edə biləcəklər, ya yox? Məsələn, Səməd Səmədov, Miri Yusif, Röya Ayxan, Faiq Ağayev, Aygün Kazımova, Tünzalə Ağayeva, Ədalət Şükürov, Elza Seyidcahan, Xumar Qədimova, Naibə Allahverdiyeva, İlqar Muradov, aktrisa Xalidə Quliyeva, aktyor Vidadi Həsənov, aktrisa Mehriban Xanlarova və digər adlarını unutduqlarımın hansı xalq artisti və ya əməkdar artisti adına layiqdir? Heç biri! Səməd Səmədova, Röyaya, Mir Yusifə, Faiqə, Aygünə Xalq artisti adı vermək və bunları xalqa sənətkar kimi təqdim etmək, ən azından korifey sənətkarlar Rəşid Behbudovun, Lütfiyar İmanovun, Sara Qədimovanın, Şövkət Ələkbərovanın, Rübabə Muradovanın və digərlərini ruhlarını təhqir etməkdir. Bu adlar Əbülfəs Qarayevə təqdim olunanda, niyə bircə dəfə düşünməyib ki, axı, toy müğənnilərinə fəxri adlar vermək olmaz. Amma Əbülfəs Qarayevin sayəsində bu toy müğənniləri bu gün fəxri adlar alaraq efirlərimizin bəzəyinə çevriliblər. Bu müğənnilərə Xalq artisti adı yox e, istəyirsən dünya şöhrətli bir ad ver, xeyri yoxdur. Bununla onların nə səsi açılasıdı, nə də qabiliyyətləri, tərbiyələri yerinə gələcək. Savadsızlar, ağzının danışığını bilməyənlər, neçə dəfə ərdə olub boşananlar, dəfələrlə arvad alıb ayrılanlar, onun-bunun arvadına göz dikib, bunu açıq etiraf edənlər, arın-namusun nə olduğunu bilmədikləri üçün soyunub hər yerini çöldə qoyan bu insanlar, efirdən xalqa abır-həya, ismət-namus, qeyrət dərsi keçirlər.

O qədər fəxri ada layiq olub bunu ala bilməyən bacarıqlı, istedadlı sənətkarlarımız var ki, onları yada salanda adamın ürəyi ağrıyır.

Son aylar bir çox həbs olunan icra başçılarının milyonlarla dollar, manat, avro pulları və çoxsaylı sərvətləri, daşınmaz əmlakları, obyektləri üzə çıxır. Təbii ki, bu korrupsiya əməlində günahkar olan hər hansı icra başçısı layiq olduğu cəzanı alacaq və həmin pullar, sahibi olduğu daşınmaz əmlaklar dövlətə qaytarılacaq. Bununla da ayrı-ayrı adamlara və dövlətə vurduğu ziyan ödənilmiş olacaq.

Amma Ə.Qarayevin layiq olmayanlara fəxri adları verməsi və bununla da xaqımızın mənəviyyatına vurduğu ağır zərbəni aradan qaldırmaq üçün bəlkə də 50 il, 100 il vaxt lazımdır. Bunu hər hansı həbslə, dövlətin büdcəsinə qaytarılan pulla ödəmək olmaz. Ancaq xalqa cüzi təsəlli o olardı ki, peşəkarlardan ibarət xüsusi bir komissiya yaradılsın və o komissiyanın rəyi ilə Ə.Qarayevin dövründə və ondan da əvvəl əməkdar və xalq artisti adı alanların adları geri qaytarılsın. Əgər həbs olunan hərbçinin rütbəsi geri alınırsa, niyə qanunsuz əməlllərinə görə işdən çıxarılan Ə.Qarayevin verdiyi fəxri adlar geri alınmasın? Bununla bəlkə də haqq-ədalət az da olsa bərpa olunar və nəhayət, layiq olanlar fəxri adlara layiq görülərlər.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …