2004-cü ildə Tarix İnstitutunun rəhbərliyinə gələndə dövlətimizin başçısı tərəfindən qarşımıza bir sıra ciddi məsələlər qoyuldu. Əgər bu gün İrəvan məsələsi ilə bağlı konseptual baxışımız varsa, bu, Azərbaycan Prezidentinin xidmətidir. Eyni zamanda, qarşımıza qoyulan vəzifələr sırasında İrəvan, Qarabağ və Naxçıvanın tarixinin yenidən yazılması, erməni vandalizminin araşdırılması da var idi. Bütün bunların hamısı Azərbaycan Prezidentinin millətimiz və tarix elmi qarşısında konseptual xidmətləridir. Dövlətimizin başçısı tarix elminin zərgər kimi bilicisidir və ərsəyə gələn elmi araşdırmalar bilavasitə onun prinsipial mövqeyinin nəticəsidir. Ulu öndər Heydər Əliyev bu işləri başlatdı və zamanın tələbinə uyğun olaraq Prezident İlham Əliyev onu yaradıcılıqla davam etdirir. Ölkə başçısı real tarixi həqiqətlərə və ilk mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan edib ki, ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin onlara verdiyi İrəvan və ətraflarını əhatə edən Azərbaycan torpaqlarında bir dəfə özlərinə dövlət yaradıblar. Azərbaycan öz ərazisində təcavüzkar Ermənistana ikinci erməni dövləti yaratmağa imkan verməyəcək. Dövlətimizin başçısının tövsiyə və tapşırıqları əsasında Tarix İnstitutunda bu istiqamətdə aparılan tədqiqatlar daha da genişləndirilib, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi ilə bağlı bir sıra yeni sənədlər və maraqlı faktlar aşkar olunub.
Boyukmillet.com xəbər verir ki, bu fikirləri AZƏRTAC-a AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib.
O bildirib ki, Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrindən Cümhuriyyət tarixinə dair ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir. Cümhuriyyət tarixinə dair çoxsaylı sanballı əsərlər, o cümlədən ikicildlik ensiklopediya nəşr edilib. Elmi müəssisədə aparılan tədqiqatlar nəticəsində sübut edilib ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb. Həmçinin institutun Elmi Şurasının qərarı ilə İrəvanın ermənilərə verilməsi məsələsinə həsr olunan “Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır” adlı kitab (Azərbaycan, rus və ingilis dillərində) çap olunub.
Prezidentin İrəvanın verilməsi ilə bağlı fikirləri real tarixi faktlara, tarixi həqiqətə əsaslanıb: “Əlbəttə ki, biz heç vaxt unutmamalıyıq ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri İrəvanı, bizim qədim şəhərimizi Ermənistana vermək idi. Bunu heç cür əsaslandırmaq və heç vaxt bağışlamaq olmaz”.
Fevral inqilabından sonra, 1918-ci ildə Cənubi Qafqazda yalnız iki yerli (aborigen) xalqın – azərbaycanlıların və gürcülərin dövləti yaradıla bilərdi. Çünki ancaq bu iki xalqın müstəqil dövlət yaratmaq üçün tarixi etnik – ərazi bazaları var idi. Cənubi Qafqaza köçürülüb gətirilmiş və əsasən Azərbaycan torpaqlarında yerləşdirilmiş ermənilərin isə dövlət yaratmaq üçün burada ərazi bazaları yox idi.
Birinci Dünya müharibəsini aparan hərbi blokların hər ikisinin, həm Antantanın (Çar Rusiyası, İngiltərə, Fransa, ABŞ), həm də Almaniya-Osmanlı blokunun üzvləri arasında ermənilərə dövlət yaratmaq barədə ümumi fikir formalaşmışdı. Çar Rusiyası, İngiltərə, Fransa və ABŞ gələcək erməni dövlətinin Osmanlı imperiyası ərazisində – Şərqi Anadoluda yaradılmasına tərəfdar idilər. Osmanlı imperiyasının bəzi siyasi dairələri isə “erməni təhlükəsi”ni özündən, yəni Şərqi Anadoludan uzaqlaşdırmaq üçün erməni dövlətinin imperiya sərhədləri xaricində – Azərbaycan torpaqlarında yaradılmasına çalışırdılar.
Azərbaycan tərəfinin, real olaraq, həm böyük dövlətlərin təzyiqlərinə, həm də ölkənin bütün ərazilərində soyqırımları həyata keçirən daşnak-erməni silahlı birləşmələrinə və onların arxasında duran dövlətlərə hərbi müqavimət göstərmək gücü yox idi. Buna görə də, Azərbaycan milli hərəkatının xadimləri ermənilərə dövlət yaratmaq məsələsində Osmanlı dövlətinin bəzi siyasi dairələrinin diktəsi ilə hərəkət edirdilər, daha doğrusu buna məcbur idilər.
Yaranmış tarixi şəraitdə Azərbaycan tərəfi, yəni Zaqafqaziya Seyminin Azərbaycan fraksiyasının nümayəndələri ermənilərə dövlət yaratmaqdan ötrü hansı Azərbaycan torpaqlarının verilməsini müəyyən etmək üçün Osmanlı dövlətinin vasitəçiliyi ilə erməni tərəfi ilə danışıqlara girdi. Danışıqlar Batum konfransı (11 may – 4 iyun 1918-ci il) çərçivəsində və konfransda iştirak edən Osmanlı nümayəndə heyətinin vasitəçiliyi ilə aparıldı. Osmanlı dövlətinin hakim siyasi dairələrində Cənubi Qafqazda erməni dövləti yaradılması məsələsində fikir ayrılığı vardı. Sədrəzəm Tələt paşa və hərbi nazir Ənvər paşa Cənubi Qafqazda erməni dövləti yaradılmasının əleyhinə idilər və bu məsələdə “çibanı kökündən təmizləmək” tərəfdarı idilər. Bu mümkün olmadıqda “ermənilərin çox zəif və yaşaya bilməyəcək bir dövlət şəklində təşəkkül etməsini” təklif edirdilər. Lakin, Tələt paşa və Ənvər paşadan fərqli olaraq, Batum danışıqlarında Osmanlı nümayəndə heyətinə başçılıq edən Dövlət Şurasının sədri və Ədliyyə naziri Xəlil bəy Menteşə və Osmanlı Orduları Qafqaz Cəbhəsinin komandanı Ferik Mehmed Vehib paşa Cənubi Qafqazda Azərbaycan torpaqları hesabına ermənilərə dövlət yaratmaq tərəfdarı idilər. Onlar güman edirdilər ki, bununla ermənilər həm Anadoludan uzaqlaşdırılacaq, həm Osmanlı-erməni münasibətləri biryolluq nizama salınacaq, həm də “erməni məsələsi” ilə bağlı Osmanlı dövlətinə qarşı beynəlxalq qınağa son qoyulacaq.
Yeri gəlmişkən, Azərbaycan tərəfi də Tələt paşa və Ənvər paşanın “çibanı kökündən təmizləmək” siyasətinin əleyhinə idi və “kiçik bir erməni kantonunun” yaradılmasını təklif edirdi. Belə bir təkliflə Batumda danışıqlar aparan Azərbaycan nümayəndələri Məmməd Həsən Hacınski və Məhəmməd Əmin Rəsulzadə hələ 1918-ci il mayın 23-də Ənvər paşaya xüsusi müraciətnamə göndərmişdilər. Həmin müraciətnaməni onlardan başqa Əhməd bəy (Can Baba), Aslan bəy Səfikürdski, Əhməd bəy Pepinov, Məmməd Yusif Cəfərov, Fətəli xan Xoyski, Nəsib bəy Usubbəyov və Xəlil bəy Xasməmmədov da imzalamışdılar. Eyni təkliflə bundan bir gün əvvəl – 1918-ci il mayın 22-də Tələt paşaya və Ənvər paşaya Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu da müraciət etmişdilər.
Azərbaycan tərəfi belə bir təkliflə çıxış edərkən inanırdı ki, bu güzəşt müqabilində, yəni ermənilərə Azərbaycan torpaqları hesabına “kiçik bir kanton” yaradılacağı halda ermənilərin Osmanlı ərazilərindən Azərbaycan torpaqlarına, o cümlədən Bakıya axınının qarşısı alınacaq, ermənilər Azərbaycan xalqına qarşı soyqırımlarını dayandıracaq və bir daha ölkəmizə qarşı ərazi iddiaları irəli sürməyəcəklər. Azərbaycan tərəfi güman edirdi ki, bu addım, həm də, böyük dövlətlər tərəfindən rəğbətlə qarşılanacaq.
Batum danışıqları zamanı ermənilərin özlərinə mərkəz kimi iddia etdikləri Qars və Gümrü (Aleksandropol) artıq Osmanlı hərbi qüvvələri tərəfindən zəbt olunmuşdu və Osmanlı tərəfi bu şəhərlərdən hər hansı birinin danışıqlar mövzusu olmasına imkan vermədi. Beləliklə, İrəvan məsələsi gündəmə gətirildi. Ənvər paşa “çibanı kökündən təmizləmək” planının baş tutmadığını görcək ermənilərə veriləcək torpağın Azərbaycan və Osmanlı əraziləri arasında bir ada kimi əhatəyə alınması təlimatını verdi.
Danışıqlar zamanı Azərbaycan ərazisində dövlət yaratmaq üçün ermənilərə torpaq veriləcəyi halda erməni tərəfi Azərbaycan və Osmanlı tərəfləri qarşısında bir sıra öhdəliklər yerinə yetirməyi üzərinə götürdü. Həmin öhdəliklər aşağıdakılar idi:
1. Ermənilərlə müsəlmanlar arasında düşmənçilik aradan qaldırılacaq və erməni tərəfi Şaumyanla əlaqəyə girib Bakının müsəlman əhalisinin təhlükəsizliyini təmin edəcək, bununla azərbaycanlılara qarşı kütləvi qırğınların qarşısı alınacaq.
2. Erməni tərəfi öhdəsinə götürdü ki, Azərbaycan qəzalarında erməni silahlı birləşmələri tərəfindən müsəlmanlara qarşı həyata keçirilən kütləvi qırğınlar dayandırılacaq.
3. Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməyi öhdəsinə götürdü.
4. Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər.
5. Bundan başqa, İrəvan və ətrafındakı torpaqların verilməsi müqabilində ermənilər Azərbaycanla vahid konfederativ dövlətdə birləşməli idilər.
Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli qərarına əsasən ermənilərə dövlət yaratmaq üçün İrəvanla birlikdə qeyd olunan Azərbaycan torpaqları verilmişdi: Yeni Bayazit qəzası (Basarkeçər adlanan cənub-şərq qismi istisna olmaqla), İrəvan qəzası (Qəmərli-Gərnibasar, Uluxanlı-Zəngibasar və Vedibasar istisna olmaqla), Eçmiədzin qəzası (Sərdarabad istisna olmaqla) və Aleksandropol qəzası (qəza mərkəzi Aleksandropol istisna olmaqla). Beləliklə, yeni yaradılmış Ararat (Ermənistan) respublikası Göyçə gölü ilə Osmanlı dövlətinin yeni sərhədləri arasındakı dar dağlıq ərazini əhatə edirdi. Qərar qəbul olunarkən 28 nəfər Milli Şura üzvündən 20-si iştirak edirdi. Onlardan qərarın lehinə 16 nəfər səs vermiş, biri əleyhinə olmuş, 3-ü bitərəf qalmışdı. Yəni qərar üçdəiki səs çoxluğu olmadan qəbul edilib. İyunun 1-də İrəvandan olan deputatlar – Mirhidayət Seyidov, Bağır Rzayev, Nəriman bəy Nərimanbəyov protest verdilər ki, bu, qeyri-qanuni qərardır. O zaman xalqın iradəsi ilə hesablaşılmadan onun torpağında İrəvan mərkəz olmaqla erməni dövləti yaradıldı. Cümhuriyyət xadimləri Azərbaycan torpaqlarının ermənilərə verilməsi səbəblərini beynəlxalq aləmə açıqlayan bəyanatla da çıxış etmədilər.
Ermənilər məqsədlərinə nail olduqdan dərhal sonra Batum danışıqları zamanı və Batum müqavilələrinə əsasən İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərilərinə götürdükləri bütün öhdəlikləri yerinə yetirməkdən imtina etdilər. Yeni yaradılmış erməni hökuməti, verilmiş vədlərin əksinə olaraq, Azərbaycan xalqına qarşı soyqırımı cinayəti həyata keçirən Şaumyanla əlaqə yaradıb qırğınları dayandırmadı, yeni yaradılmış Ermənistan respublikasının ərazisindəki türk-müsəlman əhalinin dini ibadət, mədəni, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etmədi, Azərbaycanla konfederativ dövlət yaratmaq şərtini yerinə yetirmədi, Qarabağın dağlıq hissəsinə olan iddialarından əl çəkmədi. Məhz buna görə də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Fətəli xan Xoyski 1918-ci il iyulun 31-də o zaman İstanbulda danışıqlar aparan Azərbaycan nümayəndə heyətinin başçısı Məhəmməd Əmin Rəsulzadəyə belə bir göstəriş vermişdi: “Əgər ermənilər əldə olunmuş razılığı pozaraq Qarabağla bağlı iddia qaldırsalar İrəvanın onlara güzəştə gedilməsindən imtina et”.
Batum müqaviləsinin şərtlərinə və Azərbaycan Milli Şurasının qərarına əsasən ermənilərə dövlət yaratmaq üçün İrəvan və ətrafında 9 min kvadratkilometr sahəsi olan Azərbaycan torpaqları verilmişdi. Yəni, erməni dövləti həmin ərazi çərçivəsində mövcud olmalı idi. Lakin, ermənilər, çox keçmədən, Batum müqaviləsinin şərtlərini pozaraq Azərbaycan torpaqları hesabına öz ərazilərini genişləndirməkdə davam etdilər. Belə ki, 1918-ci il mayın 29-da 9 min kvadratkilometrlik Azərbaycan torpağında yaradılmış Ermənistan dövləti müxtəlif dövrlərdə sovet imperiyasının birbaşa köməyi ilə daha 20,8 min kvadratkilometr Azərbaycan torpağını ələ keçirərək ərazisini 29,743 min kvadratkilometrə çatdırdı.
Bütün bunlarla kifayətlənməyən təcavüzkar Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ və ətrafındakı rayonlarından ibarət daha 17 min kvadratkilometrlik ərazisini işğal etdi, insanlığa qarşı misilsiz vəhşilik aktı olan Xocalı soyqırımını törətdi.
“Mən Milli Məclisin deputatı olarkən Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ ilə bağlı məsələni dəfələrlə parlamentdə səsləndirmişəm. Fikrimcə, erməni tərəfi 1918-ci il Batum razılaşmalarının və Batum müqavilələrinin bütün şərtlərini birtərəfli qaydada pozduğu üçün və bununla da göstərilən müqavilələr öz hüquqi qüvvəsini itirdiyinə görə Azərbaycan Xalq Cümhuriyyətinin qanuni varisi olan Azərbaycan Respublikası adekvat addım atmalıdır: Milli Məclisdə Azərbaycan Milli Şurasının xalqın iradəsini nəzərə almadan İrəvanın və ətrafındakı torpaqların ermənilərə verilməsi haqqında 1918-ci il 29 may tarixli qərarına yenidən baxılmalı və həmin qərar qüvvədən salınmalıdır. Bununla, Azərbaycan xalqının öz tarixi torpaqlarına varislik hüququ bərpa olunmalıdır”, – deyə akademik vurğulayıb.