Əziz Ələkbərli,
Milli Məclisin üzvü,
Azərbaycan Qaçqınlar Cəmiyyətinin
və Qərbi Azərbaycan İcmasının sədri
Hər il iyunun 15-də Azərbaycan xalqı öz tarixinin və taleyinin ən şərəfli günlərindən birini qeyd edir. Bizim nəslin xoşbəxtliyi ondadır ki, həmin tarixin yazıldığı günlərin canlı şahidi və birbaşa iştirakçısı olub.
Söhbət 1993-cü ilin iyun hadisələrindən gedir. Həmin il iyunun 4-də baş verən Gəncə qiyamı AXC-Müsavat hakimiyyətinin iç üzünü bütünlüklə açıb ortaya qoydu. Azərbaycanda hərbi-siyasi böhran son dərəcə təhlükəli həddə yüksəldi, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldı. Artıq AXC-Müsavat cütlüyü hakimiyyətə nəzarəti itirmiş, bir ovuc hərbi qiyamçı ilə qarşı-qarşıya qalmışdı. Hamı başa düşürdü ki, belə bir vəziyyətdə ölkəni ancaq və ancaq Heydər Əliyev – Azərbaycan xalqının XX yüzildə yetirdiyi ən böyük dövlət və siyasət xadimi olan o böyük Şəxsiyyət xilas edə bilər. Bunu Azərbaycanda bilməyən, görməyən və dərk etməyən yox idi. Bunu hakimiyyətdə olan AXC-Müsavat cütlüyü də çox gözəl bilirdi. Amma qalmışdılar odla su arasında. Nə əllərindəki hakimiyyətlərini itirmək istəyirdilər, nə də bu hakimiyyəti qoruyub saxlaya bilirdilər. Millətin gözü onlara dikilmişdi, onların isə gözü Allah-billaha. Bir tərəfdə hakimiyyətin yumşaq kreslosu dayanmışdı, digər tərəfdə qiyamçı Surət Hüseynovun dar ağacı. İstəyirdilər elə eləsinlər ki, həm kreslolarını qoruyub saxlasınlar, həm də kim isə onları bu dar ağacından xilas etsin. Amma meydanda “kim isə” yox idi. Azərbaycan reallığında xalqın inandığı, güvəndiyi, hakimiyyətə qayıdışını yekdilliklə tələb etdiyi bir real güc var idi – Heydər Əliyev.
Bundan sonra istədilər ki, Heydər Əliyev gəlsin, onları dar ağacından xilas etsin və təzədən qayıdıb getsin Naxçıvana. Lakin artıq xalq hakimiyyətdəkilərin bacarıqsızlığından cana doymuşdu, bir il əvvəlki səhvi təkrar etmək istəmir, hakimiyyətin Heydər Əliyevə ötürülməsini tələb edirdi. Qiyamçılar isə Gəncədə hərbçilərə qarşı uğursuz əməliyyata cəhd edən hakimiyyət nümayəndələrini bağışlamaq istəmirdi. Vəziyyətin çıxılmazlığını görən AXC-Müsavat hakimiyyət nümayəndələri bayrağını öpüb, Qurana əl basıb, son damla qanlarına qədər qoruyacaqlarına and içdikləri dövləti yox, öz canlarını qorumağa üstünlük verdilər. Torpağını düşmən işğalı altına saldıqları, vətəndaşlarını qardaş qırğını astanasına gətirib çıxardıqları, büdcəsini talan etdikləri, iqtisadiyyatını viran qoyduqları Azərbaycanı atıb qaçdılar. Yenə də ölkəni və dövləti xilas etmək tarixi məsuliyyəti xalqın böyük oğlu Heydər Əliyevin üzərinə düşdü. İyunun 15-də Milli Məclisin iclasında təşkilati məsələyə baxıldı və o vaxtkı prezident Əbülfəz Elçibəyin təklifi ilə deputat, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycan parlamentinin sədri seçildi.
Həmin gün təkcə istefa verib canlarını xilas edən AXC-Müsavat cütlüyü nümayəndələri yox, həm də bütün Azərbaycan xalqı dərindən nəfəs aldı. Artıq ölkə əmin əllərdə idi. Xalq uzun mübarizə və gözləntidən sonra öz böyük oğlunu hakimiyyətə gətirmişdi. Xalqın inamı təzədən özünə qayıtmışdı.
Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra hakimiyyətdə olduğu on il ərzində Azərbaycan üçün çox şey etdi, saymaqla qurtarmaz. Əgər 1988-1993-cü illər Azərbaycan tarixinə sürətli hakimiyyət dəyişmələri, qarışıqlıq, xaos, xarici müdaxilə və daxili separatçılıq, etnik və regional qarşıdurmalar dövrü kimi düşmüşdüsə, 1993-2003-cü illər Azərbaycan tarixinə dövlət quruculuğu illəri kimi daxil oldu. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə siyasi, iqtisadi və sosial sabitlik bərpa olundu, dövlət müstəqilliyi möhkəmləndirildi, idarəetmə strukturları işlək hala gətirildi, gələcək iqtisadi inkişaf üçün möhkəm zəmin hazırlandı.
Bununla belə, Azərbaycan xalqı Ulu Öndərə xüsusilə üç böyük əsərinə görə dünya durduqca minnətdar olacaqdır. Bunlardan biri Azərbaycan xalqına miras qoyduğu müstəqil Azərbaycan dövlətidir. Ulu Öndər bu dövlətin memarı və qurucusudur, onun sayəsində bu dövlət möhkəm təməl üzərində ucalmışdır və bu gün o ucalıqdan regionda gedən bir çox proseslərə nəzarət edir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına qoyub getdiyi ikinci miras milli dövlətçilik ideologiyasına çevirdiyi azərbaycançılıq ideyasıdır. 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının birinci qurultayında etdiyi çıxışında səsləndirdiyi aşağıdakı fikirlər bu ideologiyanın təməl prinsiplərinə çevrildi: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına qoyub getdiyi üçüncü miras bu böyük dövlətçilik irsini əminliklə etibar etdiyi siyasi varisi İlham Əliyevdir. Təsadüfi deyil ki, 2003-cü ildən bu günə qədərki 17 il ərzində Azərbaycan heç kəsin gözləmədiyi iqtisadi inkişaf yoluna qədəm qoydu, Azərbaycan dünya iqtisadi bazarında və dünya siyasi tribunasında öz sözünü deməyə, öz iradəsini diqtə eləməyə başladı. Bu gün Azərbaycanın güclü iqtisadiyyatı, dövlətini və xalqını müdafiə, işğal altındakı torpaqlarını azad edə biləcək güclü ordusu, xalqla hakimiyyətin birliyini təmsil edən güclü Prezidenti var. Bütün bunlar, hər şeydən əvvəl, dahi siyasətçi Heydər Əliyev siyasi kursunun təntənəsi, bu siyasi kursun layiqli davamçısı olan Prezident İlham Əliyevin 17 illik uğurlu prezidentlik fəaliyyətinin nəticəsidir.
Və bu gün biz böyük iftixar hissi ilə deyirik: Milli Qurtuluş Günün mübarək, Azərbaycan!