Azərbaycan beynəlxalq maliyyə institutları üçün etibarlı tərəfdaşdır və bu qurumlar üçün ölkəmizlə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Bu fikirləri Olaylar.az-a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib.
QHT sədri vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin pandemiya dövründə beynəlxalq əməkdaşlıq çərçivəsində keçirdiyi görüşlər xüsusi əhəmiyyətə malikdir: “Cənab Prezident pandemiya dövründə mühüm videogörüşlər keçirib. Bu görüşlər ölkəmizin siyasi nüfuzu və iqtisadi inkişafı baxımından əhəmiyyətinin göstəricisidir. Cənab prezidentin Dünya Bankının təşəbbüsü ilə bankın rəhbər şəxsləri ilə keçirdiyi videokonfransda bir daha beynəlxalq təşkilatların Azərbaycana göstərdiyi yüksək etimadı hiss etdik.”
Təşkilat sədri qeyd edib ki, bu görüşlərdə ölkə başçısının nüfuzu və liderlik bacarıqları bizi qürulandırır: “Prezident İlham Əliyevin ixtisaslaşmış qurum rəhbərləri ilə keçirilən görüşlərdə həmin sahə ilə bağlı təklifləri və təşəbbüsləri, mütəxəssilər tərəfindən yüksək qiymətləndirilir .”
Dünya Bankının Azərbaycanda mühüm layihələrə dəstək verməsini ölkəmizdəki stabillik və iqtisadi inkişafla bağlı olduğunu diqqətə çatdıran C. Hüseynzadə vurğulayıb ki, Bank 2016-cı ildə TANAP layihəsinə 800 milyon ABŞ dolları kredit ayırıb. Həmin kreditin 400 milyon ABŞ dolları Azərbaycan dövlətinin zəmanəti ilə verilib: “Dünya bankı tərəfindən ümumilikdə layihələrə 3,5 milyard dollardan çox vəsait ayrılıb. Cənab prezident də Dünya Bankı ilə əməkdaşlığı yüksək qiymətləndirib və Azərbaycanın gələcək üçün daha çox planın olduğunu, ölkənin müasirləşdirilməsi, iqtisadiyyatımızın qeyri-enerji sektorunun inkişaf etdirilməsi və infrastruktura investisiya yatırılmasının davam etdirilməsi ilə bağlı planlarının olduğunu bildirib.”
Ölkə başçısı dəfələrlə çıxışında qeyd edib ki, bu gün ölkənin inkişafı və sabitlik səbəbindən istənilən maliyyə qurumu Azərbaycana kredit verməyə hazırdır. Bu fikrin əyani sübutu kimi ölkə başçısının Dünya Bankının rəhbər şəxsləri ilə keçirdiyi videokonfransı hesab etmək olar – deyə C. Hüseynzadə qeyd edib.
Prezidentin özünüməşğulluq proqramı ilə bağlı Azərbaycana dəstək göstərilməsinə dair müraciətinə dərhal cavab verilib. Həmin müraciət 2019-cu ilin yanvarında təqdim olunub və bir ildən də az müddət ərzində artıq bütün hazırlıq işlərini tamamlanmışdır.
Dünya Bankının özünüməşğulluq layihəsində iştirakı təxminən 100 milyon ABŞ dolları həcmində olacaq. Bu il bu proqramın 15 minə yaxın şəxsi əhatə etməsi gözlənilir.
QHT sədri bildirib ki, Azərbaycanın beynəlxalq arenada yüksək nüfuzu iqtisadi inkişaf və stabillik ilə yanaşı, inteqrasiya üçün açıq olması, beynəlxalq humanitar öhdəliklərə bağlı təşəbbüslərlə çıxış etməsi ilə bağlıdır: “Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde bu səbəbdən ölkə başçısına təmsil etdiyi maliyyə qurumu adından verdiyi töhfəyə görə minnətdarlığını bildirdi. Anna Byerde Azərbaycanın ən yoxsul ölkələr üçün olan fondu dəstəkləməyi Dünya Bankı tərəfindən çox yüksək qiymətləndirildiyini qeyd etdi.”
Videokonfranda toxunulan əsas məqamlardan biri də, “Doing Business” hesabatı ilə bağlıdır.
Bildiyimiz kimi, Azərbaycan Dünya Bankının nüfuzlu “Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilib. Hesabata əsasən, Azərbaycan “Doing Business” üzrə dörd sahə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı asanlaşdırıb. Bu sahələr əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların hüquqlarının qorunması və müqavilələrin icrasının təmin edilməsidir. Azərbaycan “Doing Business 2019” hesabatında 32 pillə irəliləyərək, ən islahatçı ölkələr sırasında 57-ci pillədən 25-ci yerə yüksəlmişdi. Görüşdə bank rəsmisi bu nəticələri dəyişikliyin daha bir sübutu kimi qiymətləndirib.
Cənab prezident “Doing Business”dəki mövqeyimizin bizim üçün çox uğurlu sahələrə diqqəti cəmləmək üçün bir növ motivasiya olduğunu qeyd edib.
Cəsarət Hüseynzadə qeyd edib ki, ölkə başçısının bu mövqeyi bir daha onu göstərir ki, Azərbaycanın bu hesabatda vəziyyətin yaxşılaşdırmaqda əsas hədəfi geridə qaldığımız sahələrə diqqəti artırmaq, ölkədəki biznes mühitini daha da yaxşılaşdırmaq və daha çox investisiyalardan faydalanmağa nail olmaq olub. Bu isə ölkənin iqtisadi inkişafını üçün həyata keçirilən davamlı və strateji kursun əsas istiqamətlərindəndir.