Bazar , 22 Dekabr 2024
Drone Cameras

Astanada dünyadakı ilk Türkologiya Muzeyi açılıb

Astanada Beynəlxalq Türk Akademiyasının nəzdində Türkologiya Muzeyinin açılış mərasimi keçirilib. 

“Report” xəbər verir ki, tədbirə Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyə, Özbəkistan və Monqolustandan gələn elm adamları, ziyalılar və media nümayəndələri qatılıblar.

Türkologiya sahəsində ilk belə nümunə olan muzeydə görkəmli türkoloqlar Abduali Kaydar, Abjan Kurışcanov, Əmir Nacib, Rəbiqə Sızdıkova və Osman Fikri Sertkayanın istifadə etdiyi şəxsi əşyaları, indiyədək nəşr olunmayan gündəlikləri və əlyazmaları sərgilənir.

Beynəlxalq Türk Akademiyasının prezıdentı Darxan Kıdıralı bıldırıb kı, Beynəlxalq Türk Akademiyası Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğızıstan dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilən sammitində yaradılıb. O qeyd edib ki, sammitdə akademiyanın nəzdində kitabxana və muzeyin açılması da tövsiyə olunmuşdu: “Bu gün Türkologiya Muzeyini açmaqla həm türkologiya elminin inkişafında xidmətləri olan nüfuzlu alimlərimizi yad etmiş olduq, həm də həmin tövsiyələrin həyata keçirilməsi istiqamətində daha bir addım atdıq. Burada böyük çöldə yaşayan qardaş xalqların mədəniyyətini, tarixini əks etdirən əşyaları nümayiş etdirməkdən böyük şərəf duyuruq. Hazırda muzeydə Türk dünyasından elm adamları və türkoloqların bağışladığı 300-dən artıq tarixi əsər və əşyalar yer alır, amma qarşıdakı dövrdə burdakı nadir eksponatların sayını daha da genişləndirmək üçün çalışacağıq”.

Türkiyə prezidentinin məsləhətçisi İhsan Şener isə qeyd edib ki, Türk dünyası öz mədəniyyətini, adət-ənənələrini, elmini yeni kəşf etməyə başlayıb: “Qısa müddətdir ki, fəaliyyət göstərməsinə baxmayaraq, Beynəlxalq Türk Akademiyası Türk dünyası ilə bağlı tədqiqatlara mühüm töfhə verib”. Onun fikrincə, bəzən siyasi münasibətlərin həll edə bilmədiyi məsələləri, mədəniyyət və elm vasitəsilə çözmək mümkün olur. Bu baxımdan elm və mədəniyyətə beşiklik edən, onları yaradan, istehsal edən, gələcək nəsillərə ötürən önəmli mərkəzlərin dəstəklənməsi çox vacibdir.

Türk Tarix Qurumunun rəhbəri, professor Refik Turan türk tarixi, incəsənəti olmadan dünya incəsənətinin çox kasad görünəcəyini vurğulayıb və qeyd edib ki, Türkologiya muzeyində toplanan nadir eksponatlar bunun açıq isbatıdır.

Muzeyin açılışından sonra Beynəlxalq Türk Akademiyasında “Türkologiya və Altay araşdırmalarının müasir problemləri” mövzusunda “dəyirmi masa” təşkil olunub.

Tədbir çərçivəsində Monqolustan Milli Muzeyi və digər müvafiq qurumları ilə Beynəlxalq Türk Akademiyasının bu ölkədəki arxeloji tədqiqatları davam etdirməsinə dair razılıq əldə olunub. Eyni zamanda, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin “Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz”i arasında əməkdaşlıq memorandumu da imzalanıb.

Qeyd edək ki, tədbir çərçivəsində tanınmış türkoloq, Amerikanın Miçiqan Universitetinin professoru Timur Kocaoğluna türkologiya elminin inkişafındakı xidmətlərinə görə Akademiyanın medalı təqdim edilib. 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir