Bundan əvvəlki bir neçə yazımızda siyasi təsisatların, xüsusilə də parlamentdə təmsil olunan partiyaların koronavirusla mübarizə sahəsində təşəbbüskarlıqla bağlı fəaliyyətlərinin zəif və bəzən heç olmadığını qeyd etmişdik. Sevindirici haldır ki, artıq bu istiqamətdə bir hərəkətlənmə hiss edilir.
Yayılan rəsmi məlumatda bildirilir ki, Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri və nümayəndələri tərəfindən Azərbaycanda siyasi partiyalar arasında geniş müzakirələrin aparılması üçün iyulun 7-də videokonfrans formatında görüş keçirilib. Görüşdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də iştirak edib.
Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri olan deputatlar müxtəlif mövzularda çıxış ediblər. Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizədə görülən tədbirlərin miqyasından və səmərəliliyindən danışaraq, respublikamızın bu sahədə qlobal səviyyədə nümunəvi dövlət olduğunu diqqətə çatdırıb.
Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa çıxışında pandemiya dövründə siyasi partiyaların davranışlarını təhlil edib. O qeyd edib ki, bu mübarizədə dövlətin gördüyü tədbirlərlə yanaşı, siyasi təşkilatların fəaliyyətinin də mühüm rolu var.
Ana Vətən Partiyasının sədri, Milli Məclisin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalının çıxışı isə pandemiya şəraitində siyasi partiyalarla vətəndaş münasibətlərinin sağlam təməllər üzərində qurulması məsələlərini əhatə edib.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev koronavirus pandemiyasına qarşı mübarizədə beynəlxalq təşəbbüslərə toxunaraq, Azərbaycanın bu istiqamətdə atdığı addımların dünya birliyi tərəfindən müsbət qarşılandığını bildirib.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı isə pandemiya dövründə ictimai maarifləndirmə və cəmiyyətin doğru məlumatlandırılmasında siyasi partiyaların rolundan danışaraq, bu prosesdə doğru davranış qaydalarının təşviq olunmasında partiyaların üzərinə düşən vəzifələrin öhdəsindən gəlməsinin vacibliyini qeyd edib.
Vətəndaş Birliyi Partiyasının sədri, Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Sabir Hacıyev pandemiya dövründə Azərbaycan dövlətinin sosial-iqtisadi təşəbbüslərini nəzərdən keçirərək, bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlərin əhəmiyyətini vurğulayıb.
Vəhdət Partiyasının sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli pandemiya dövründə vətəndaş cəmiyyəti institutları və birliklərinin davranışları haqqında çıxış edərək, mövcud vəziyyət və perspektivləri diqqətə çatdırıb.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Asim Mollazadə çıxışında pandemiya dövründə qanunçuluğa riayət olunmasının əhəmiyyətindən danışaraq, eyni zamanda, vətəndaş məsuliyyətinin yüksəldilməsinin vacibliyinə diqqət çəkib.
Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Elşən Musayev isə pandemiya dövründə kütləvi informasiya vasitələrində, o cümlədən sosial mediada ictimai məsuliyyət məsələlərinə toxunub, bu istiqamətdə atılması vacib olan addımlardan danışıb.
Göründüyü kimi, parlamentdə təmsil olunan partiyaların təmsilçiləri pandemiya şəraitində partiyaların rolu ilə bağlı çıxışlar ediblər. Amma onlar bu yöndə konkret olaraq hansı işləri görəcəkləri ilə bağlı nəsə deməyiblər. Təbiidir ki, bu xüsusda hakim partiyanı istisna saymaq olar. Çünki ölkədə pandemiya ilə mübarizənin aparılmasının əsas təşkilatçılarından biri elə hakim partiya sayılır. Bəs digər parlament partiyalarının pandemiya ilə bağlı apardıqları işlər cəmiyyətdə hər hansı formada hiss edilirmi?
- Samir Adıgözəlli: “Hamısının sədri millət vəkilidir, belə resurslarla onlar bizim etdiyimizdən də qat-qat çox iş görə bilərlər”
İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli qəzetimizə açıqlamasında bildirdi ki, bu istiqamətdə QHT-lərin fəallığı daha aydın hiss edilir: “Bilirsiniz, burada təşəbbüskarlıq olmalıdır. Biz onu siyasi partiyalardan görmürük. Siyasi partiyaların təsnifatı yekcins deyil. Bura hakim partiyanı, müxalifləri və parlament partiyalarını aid edə bilərik. Hakim partiya bu istiqamətdə yükün daşıyıcısı sayılır. Radikal müxalifət isə elə belə məqam axtarır ki, iqtidarın “səhvlərini” tənqid etsin. Parlament partiyaları isə bu istiqamətdə tam fəaliyyətsizdir. Onların dünən keçirilən videokonfransdakı çıxışlarına baxdım. Ancaq ümumi dəyərləndirmə etdilər. Yaxşı olardı ki, gördükləri işin hesabatını verəydilər. İş olmadığı üçün, ordan-burdan danışdılar. Bu müddət ərzində biz QHT olaraq məhz pandemiya ilə bağlı bir çox aksiyalar həyata keçirmişik. Bir neçə QHT ilə birgə Operativ Qərargahın verdiyi qərarlara yerlərdə hansı səviyyədə əməl edildiyinin monitorinqini aparmışıq. Bundan əlavə virusla mübarizənin ön sıralarında dayanan həkim və polislərimizə dəstək aksiyası olaraq gül hədiyyə etmişik. Təbiidir ki, bütün bu aksiyaları karantin qaydalarına ciddi əməl etməklə keçirmişik. Parlment partiyalarının yaxşı maddi imkanı və şəraitləri var. Hamısının sədri millət vəkilidir, belə resurslarla onlar bizim etdiyimizdən də qat-qat çox iş görə bilərlər. Amma təəssüf ki, ortada heç nə yoxdur”.
Məhəmmədəli QƏRİBLİ