Cümə , 26 Aprel 2024
Drone Cameras

ÖMRÜN 28-Cİ BAHARI

Bir peşə var ki, icra edərkən də, o peşə uğrunda candan keçərkən də insan ucalır. Bu hərbiçi peşəsidir. Hərbiçi vətənin keşiyin çəkir, xalqın firəvan yaşamağı üçün hər vəchlə çalışır. Hər zaman ölümün gözlərinə dik baxan bu peşə sahiblərindən biri kapitan Məmmədov Toğrul Səyyad oğlu haqqında yazıb bu qəhrəmanın şücaətlərindən söz açacam. Toğrul Məmmədov 1988-ci il iyulun 26-da Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şıxmahmud kəndində dünyaya göz açıb. Ailənin ilk övladı olan Toğrul ata-anasını erkən yaşlarında itirdiyi üçün bacı və qardaşına atalıq edib. Həyatın çətin sınaqları ilə erkən yaşlarında üz-üzə qalan Toğrul ən çətin peşə olan hərbiçi peşəsini seçib. O, 2002 – ci ildə Naxçıvan Muxtar Respublikası Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialına daxil olmuşdur. 2005-ci ildə ordan məzun olduqdan sonra Heydər Əliyev adına Azərbaycan Hərbi Məktəbinə daxil olmuşdur. Atdığı hər addımla vətənə layiq bir övlad olduğunu bəlli edən qəhrəman 2009-cu ildə bu məktəbi leytenant hərbi rütbəsi ilə bitirmişdir. Bununla yetinməyən Toğrul Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-tədris mərkəzində 1 illik ixtisasartırma kursu keçmişdir. İllərlə hərbi təhsildən qazandığı bilik və bacarıqlarla hər zaman ön cəbhədə vuruşan qorxmaz, igid oğul 2014-cü ildə düşmən təxribatının qarşısını alarkən yaralanmışdır. Ancaq o bu yoldan geri dönməmiş cismindəki yara sağalan kimi yenidən ön cəbhəyə atılmışdır. Çünki onun qəlbində sağalmayan Qarabağ yarası hər an qanayırdı.Toğrul hər zaman döyüş yoldaşlarından bir addım öndə gedərək silahdaşlarını təhlükədən uzaq tutmağa çalışırdı. O subay olduğunu dilə gətirərək hər zaman ailəli hərbiçilərimizdən öndə gedirdi.Bu qorxmaz insan həm dostlarını həm də vətənini düşməndən qorumağa çalışırdı. Ordumuzun ən ağır və qürurverici döyüşə imza atdığı zamanda da Toğrul Məmmədov azadlıq uğrunda ölməyi və öldürməyi gözə alan qəhrəmanlarımızdan oldu. Aprel döyüşlərində neçə-neçə qəhrəmanlarımız kimi o da qəlbindəki qisas hissi ilə düşmənə qan uddurdu. Həmin o döyüşlərdə Toğrul da canını vətənə sipər etdi.Onun illərlə gözlədiyi an yetişmişdi.  Toğrul hər zaman doğmalarına şəhidlərimizin qisasını alacağını deyirdi. Qardaşı Üzeyir Toğrul haqqında bu fikirləri mənimlə paylaşdı:

– Toğrul bizə tarix boyu xalqımızın başına gətirilən bəlalardan danışardı. Həmişə deyərdi ki, “biz torpaqlarimizi geri alib bu yolda şəhid olanların qisasını almalıyıq”. Toğrul qisas eşqi ile yaşayırdı və xidmətdə olduğu müddətdə öz nümunəvi xidməti ilə və düşmən ordusunu məğlubiyyətə uğradan saysız-hesabsız əməliyyatlarda iştirak edərək öz vətən borcunu yerinə yetirdi. Hər zaman arzuladığı kimi bu yolda şəhid oldu. Toğrul torpaqlarımızın azad olunmasını görməyəcək ancaq bizlər torpaqlarmızı azad edərək neçə – neçə Toğrularımızın ruhların şad edəcəyik.

Dəfələrlə yaralanan Toğrul Aprel döyüşlərində də yaralandı. Ancaq bu dəfə onun cismi deyil ruhu yaralandı. Çünki Toğrulun ən yaxın sirdaşı, silahdaşı kapitan Savalanov Nəcməddin Akif oğlu o döyüşlərdə ağır yaralandı. Günlərlə yaşamaq uğrunda mübarizə aparan Nəcməddin mayın 8-də şəhadət zirvəsinə ucaldı. Dostunun həyata vida etməyi Toğrulu dərindən sarsdı. Nəcməddinin dəfnində göz yaşları içində “qardaşım, qisasını alacam ” deyən Toğrul cəmi 67 gün sonra 14 iyul 2016-cı ildə Ağdam istiqamətində düşmən təxribatının qarşısını alarkən düşmənin snayperdən açdığı atəş nəticəsində qəhrəmancasına şəhid oldu.  Dəfələrlə ölümün pəncəsindən xilas olan vətən keşikçisi bu dəfə şəhadət zirvəsinə ucaldı. Beləcə cənnət sakini şəhid olub şəhadətə ucalanlara qoşuldu. Əminəm ki, Toğrulun cənnətdə ilk qovuşduğu insan dostu-sirdaşı olan Nəcməddin oldu. Həyat yolları kəsişən bu iki dostun əbədiyyətdə də yolları kəsişdi.Toğrul həyatından qopan insanların acısı ilə böyümüşdü. Onun ata-ana həsrəti ilə yanan ürəyini bir də dost həsrəti yandırırdı.

Ömürün hər ötən günü bir xəzan yarpağı kimi qopub düşür. Ötən gün bir də geri dönmür. Bir – birinə calanan o günlər kimisinin bəxt payına uzun yazılır kimisinə isə qısa. Ancaq hər kəsin bəxtinə ölümü ilə ölümsüzlük qazanmaq yazılmır. Allah sevdiyi, seçdiyi insanları bu məqama ucalmağı layiq bilir. Ömürün 28-ci baharında həyata vida edib qəlblərdə əbədiyaşarlıq qazanan Toğrul Məmmədov adı vətənin hər qarış torpağına qanla həkk olunub.

***

QİSAS ALAN ŞƏHİDİM

Sənin həsrətinlə ağlayır gözlər,

Ardınca düzülüb indi xoş sözlər.

Qəfil gedişinə inanmaq olmur,

Toğrul, sevənlərin yolunu gözlər.

Yoxluğun qəlblərin imtahanıdır,

Sənin axan qanın şərəf qanıdır.

Xalqım, dur ayağa, sarıl silaha –

Şəhid qanlarının qisas anıdır.

Söz verdin dəfnində əziz dostuna,

Sözünü tez tutdun getdin yanına.

Sən dostun qisasın aldığın kimi,

Sənin qisasın da təki alına.

Bu hava, bu torpaq indi qan qoxur,

Bu qoxu qəlblərə intiqam toxur.

Şəhidin ağısın anası deyil,

Hər gecə gizlincə mələklər oxur.

Torpağı almaqdır şərəf borcumuz,

Gərəksə tutacaq silah ovcumuz.

Düşmən tapdağında qalan torpağı,

Düşməndən qurtarar güclü ordumuz.

MANYA SƏXAVƏTQIZI

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …