Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası istiqamətində görülən işlər sırasında bu təbəqədən olan vətəndaşların protez-ortopedik məmulatlarla təminatı mühüm yer tutur.
Cari ilin 9 ayında nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 10989 nəfər əlilliyi olan şəxsə protez-ortopedik xidmətlər göstərilib. Onlardan 1293 nəfəri Qarabağ müharibəsi əlillərindən ibarət olub.
Hesabat dövründə əlilliyi olan şəxslər 1093 ədəd əlil arabası, 715 ədəd aşağı ətraf protezi, 925 ədəd aşağı ətraf ortezi, 1280 cüt dirsəkaltı ağac, 662 ədəd dördayaqlı dayaq vasitəsi, 569 ədəd bel və boyun nahiyəsi üçün korset, 3546 cüt ortopedik ayaqqabı, 2457 cüt protez ayaqqabı, 525 ədəd eşitmə aparatı, 6649 ədəd müxtəlif reabilitasiya vasitəsi, 1945 ədəd əsa və s. ilə təmin olunublar. Onlara məxsus 682 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulatın isə təmiri işləri aparılıb.
Ümumilikdə cari ilin yanvar-sentyabr aylarında əlilliyi olan şəxslərə 25266 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat verilib. Mərkəzin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında 529 nəfər əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib.