Bazar , 22 Dekabr 2024
Drone Cameras

Ermənistan üçün kritik seçim anı: Rusiya ilə hara kimi?

İşğalçı ölkənin xarici borcu ilə yanaşı, Kremldən asılılığı da sürətlə artır; düşmən ölkə Azərbaycan və Türkiyə ilə dil tapmadan süquta məhkumdur…

Ermənistanda baş nazir dəyişikliyi də ölkənin iqtisadi durumumda pozitiv heç bir gəlişməyə səbəb olmadı. Guya yeni baş nazir Karen Karapetyan texnokratdır, amma onun aylardır göstərdiyi “titanik” səylər də səmərə vermir. Çünki Ermənistanın inkişafı üçün əslində baş naziri yox, onu idarə edənlərin başını – qafasını dəyişmək lazımdır. Yəni ilk növbədə Qarabağ məsələsində illərdir aparılan və Ermənistanın iqtisadi-kommunikasiya izolyasiyasına nədən olan siyasəti dəyişmək lazımdır.

Bunun yolu da çoxdan bəlli: ilk növbədə qonşu ölkələrə – Azərbaycan, Türkiyə və Gürcüstana qarşı əsassız torpaq iddialarından vaz keçmək, qonşularla dinc-yanaşı yaşamaq kursu götürmək, regional iqtisadi inkişafın tərkib hissəsi olmaq, o sırada heç olmasa, bundan sonrakı iri regional layihələrdən kənarda qalmamaq, tranzit ölkəyə çevrilmək. 
Ermənistanda hakimiyyəti zəbt eləmiş “Qarabağ klanı” yaxud “müharibə partiyası”, bu klanın mənfur siyasətinə dəstək verən yerli KİV-lər, ekspertlər isə əsas səbəbi qoyub nəticələrlə mübarizə aparmaqdadır. Nəticə də ki – nəticəsizlikdir. Məhz bu yanlış siyasət nəticəsində ölkə iqtisadiyyatı ildən-ilə daha dərin bataqlığa girir, işğalçı ölkə daha sürətlə boşalır, iş yeri, qazanc yeri tapa bilməyən gənc insanlar başqa ölkələrə – Rusiyaya, Türkiyəyə, Avropaya axışıb gedirlər – həm də geridönməz şəkildə.

***

Dərinləşən daxili böhranlı proseslərin nəticəsidir ki, Ermənistanın dövlət borcu artıq 6 milyard dollara yaxınlaşır. Bu, ölkənin ümumdaxili məhsulunun 60 faizinə yaxınıdır və illik büdcədən çoxdur. Son vaxtlar isə ölkədə üstəlik, işsizlik hallarında artım və banklara xaricdən gələn pullarda azalma müşahidə olunmaqdadır.

Image result for Natiq Cəfərli

“Bu gün Ermənistanın əsas borclu olduğu ölkə Rusiyadır. Ölkə iqtisadiyyatının böyük əksəriyyətinə Rusiya nəzarət edir. Son vaxtlar Rusiyada gedən proseslər Ermənistana ciddi şəkildə təsir edir. Yəni Rusiyanın iqtisadi aktivliyinin azalması buradan Ermənistana pul köçürmələrini də azaldır”. Bu sözləri Ermənistanın iqtisadi vəziyyətini şərh edən iqtisadçı Natiq Cəfərli deyib (axar.az).

Ekspert Ermənistanın artan dövlət borcunun Rusiyadakı proseslərlə bağlı olduğunu bildirib: “Əgər Rusiyanın iqtisadi vəziyyəti zəifləməkdə davam edəcəksə, İrəvan müflis həddinə çatacaq. Ermənistanın xaricdəki diaspor təşkilatlarına da çox ehtiyacı var. Amerika və Avropadakı diaspor təşkilatları Ermənistana birbaşa maliyyə yardımı edirlər. Ermənistan dünyada tək ölkədir ki, büdcəsində diaspor təşkilatlarından köçürülən yardımlar gəlir kimi nəzərdə tutulur. Bu nöqteyi-nəzərdən Ermənistan xaricdə gedən proseslərdən və yardımlardan asılı ölkədir”.

Image result for armenia

***

Bu, gerçəkdən də belədir. Ermənistan adlı saxta dövlət müstəsna olaraq xarici maddi dəstəkdən, Rusiyadan və diaspordan asılı durumdadır. Bu, o deməkdir ki, Rusiyaya tətbiq olunan sanksiyalar dolayısıyla elə Ermənistana tətbiq olunmuş kimidir. Bunu zaman-zaman Qərb diplomatları da rəsmi İrəvana xatırladıb. Məsələn, bir neçə ay öncə ABŞ-ın Ermənistandakı səfiri Riçard Mils İrəvandakı toplantıların birində kifayət qədər açıq mətnlə demişdi ki, “Ermənistan Rusiyanın ən yaxın müttəfiqi kimi qaldıqca Rusiyaya qarşı sanksiyaların neqativ təsirlərini də bölüşməyə hazır olmalıdır”.

O ki qaldı erməni diaspor təşkilatlarına, onlar da sonsuzadək Ermənistandakı korrupsiyalaşmış rejimi maliyyə “inyeksiyaları” eləmək niyyətində deyil. Bunu diaspor təşkilatları ilə Sərkisyan hökuməti arasında illərdir yaşanan gərginlik də sübut edir. Diasporda da başa düşürlər ki, Ermənistanda iqtisadiyyatı, istehsal sahələrini dirçəltməyincə bu ölkəni xarici yardımlar hesabına bataqlıqdan çıxarmaq mümkün olmayacaq.

Yeri gəlmişkən, Qərbdəki erməni lobbisi Ermənistanın Rusiyanın siyasi-iqtisadi təsir dairəsindən çıxmasında maraqlıdır və ölkənin inkişafını dünyaya inteqrasiyada görür. Ancaq necə? Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədən, bütün qonşularla əlaqələri qaydaya salmadan dənizə çıxışı olmayan çırtdan Ermənistanın Rusiya asılılığından qurtulub tərəqqiyə qovuşması mümkünmü?

Əlbəttə ki, cavab neqativdir. Erməni başbilənləri birdəfəlik qulaqlarında sırğa eləməlidirlər ki, Türkiyə və Azərbaycansız onlara nə nicat, nə də qurtuluş var. Ermənilər isə “bir əldə iki qarpız” tutmağa çalışırlar: həm Rusiyanın köməyi ilə Dağlıq Qarabağı həmişəlik ilhaq eləmək, həm də Qərbə sarı getmək istəyirlər. Heç şübhəsiz ki, son vaxtlar Ermənistanın Qərb institutları və qurumları ilə (Avropa Birliyi, NATO) altdan-altdan intensivləşən təmasları da Rusiya ilə axıradək “cəhənnəmə yol yoldaşı” olmaq istəməməklə bağlıdır.

Ancaq bu məsələdə Ermənistandan indi asılı çox az şey var. Bəlkə də heç nə yoxdur. Çünki bu ölkə öz olan-qalan suverenliyini də Azərbaycana qarşı torpaq iddialarına görə Kremlə peşkəş edib. Amma gec-tez işğalçı bu dilemma ilə üz-üzə qalacaq – ya tərəqqi, öz xalqının rifaha qovuşması, ya da miskincəsinə Rusiyanın əbədi girovluğunda, geridə qalmış ucqar əyaləti kimi simvolik dövlətçiliyi də itirmək. Düşmən ölkə üçün kritik seçim anı uzaqda deyil.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir