Gürcüstan parlamentinin sabiq sədri Nino Burcanadze “Russia Today” kanalına 8 avqust 2008-ci ildə baş verən Cənubi Osetiya hadisələri haqda danışıb.
Boyukmillet.com xəbər verir ki, o, regionda Cənubi Osetiyada başlayan müharibənin məsuliyyətini sabiq Gürcüstan prezidenti Mixail Saakaşvilinin üzərinə qoyub.
“Müharibəni Saakaşvili başladı. Bu faciəvi hadisələrlə bağlı məsuliyyəti ilk növbədə onun üzərinə düşür. Bütün mətbuat nümayəndələri məni Gürcüstanın düşməni elan etdilər. AB komissiyasının təhqiqatının nəticələrinə baxmayaraq, Haydi Talyavinin (2008-ci il münaqişəsinin səbəblərini araşdıran beynəlxalq komissiyasının sədri, isveçrəli diplomat) bəyanatına baxmayaraq və hər kəsin nəyin nə olduğunu bildiyi halda müharibəni Saakaşvilinin başlatmasından danışmaq Gürcüstanda məqbul sayılmır. Heç kəs bu məsələyə diqqət ayırıb, bu mövzu ətrafında danışmaq istəmir” – Burcanadze belə deyib.
Xatırladaq ki, 2008-ci ilin 8 avqustunda Gürcüstanın Cənubi Osetiyada başlatdığı əməliyyatlar nəticəsində Rusiya ilə 5 günlük müharibə başlamışdı. Müharibənin nəticəsi olaraq Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyaraq onların ərazisində öz qoşunlarını yerləşdirmişdi.