Avropanın bir çox ölkələrində yumurta böhranı başlayıb.
Boyukmillet.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, böhrana səbəb bir çox yumurtalarda və toyuq ətində “Fipronil” adlı böcək dərmanının tapılması olub.
Bildirilir ki, Avropa Birliyinin ərzaq təhlükəsizliyi ilə bağlı qanunvericiliyində bu dərmanın toyuq məhsullarında istifadəsi qadağan edilibmiş. Di gəl ki, Belçika hökuməti Hollandiyadan idxal olunan yumurtalarda “Fipronil” izinə rast gəlib. Beləcə, iki dövlət arasında əməlli-başlı qalmaqal yaranıb.
Belçika rəhbərliyi Hollandiyanı fərqində olduğu halda zəhərli yumurtaların ixracına şərait yaratmaqda günahlandırır. Hollandiya hökuməti isə ilk əvvəl bu ittihamı yaxına buraxmasa da, aparılan növbəti araşdırmalar nəticəsində günahlarını etiraf etməli olub. Bununla da, Avropanın bütün ölkələrində yumurtaların zəhərli olub-olmaması üzərində ciddi araşdırmalara başlanılıb.
İndiyə qədər Avropanın bir çox ölkələrində təsbit edilən zəhərli yumurta böhranının artıq Asiya ölkələrinə də yayıldığı bildirilir. Böhrandan ilk nəsibini alan isə Cənubi Koreyadır.
Bəs, “Fipronilli” yumurta nədir? Nə kimi təhlükələr əxz edir? Azərbaycan ixrac olunan yumurtalarda bu cür araşdırmalar aparırmı?
Araşdırmalarımıza görə, “Fipronil” bit dərmanıdır. Əsasən, yeyilməyən ev heyvanlarını bitdən qorumaqda istifadə edilir. Məsələn, pişik və itlərdə. Amma yeyilən ev heyvanlarının yetişdirildiyi fermalar bu dərmanla dezinfeksiya olunanda istər-istəməz “Fipronil” həmin heyvanlara da toxunur. Beləcə, həm heyvanlar, həm də onlardan istehsal olunan məhsullar zəhərlənirlər.
“Fipronil” zəhər olduğundan onun bütün canlı orqanizm, o cümlədən insan səhhəti üçün də zərərləri var. Həkimlərin bildirdiyinə görə, zəif zəhər olduğundan “Fipronil”in insana vurduğu zərər də tədrici olur. Yəni “Fipronil”li toyuq məhsulları, məşhur Azərbaycan filmlərindən birində deyildiyi kimi, insanı birdən yox, yavaş-yavaş “yandırır”.
Araşdırmalarımıza görə, bir insanın bu böcək dərmanından zəhərlənməsi üçün, sadəcə, 0.72 milliqram Fipronil kifayət edir. Odur ki, Avropa Birliyi toyuq məhsullarında həmin maddənin 0,005 milliqramın üzərinə çıxmasını qadağan edib. Nədən ki, Dünya Səhiyyə Təşkilatının II dərəcəli zəhər olaraq qeydə aldığı “Fipronil”li yumurtalar və toyuqlar çox istifadə olunduğu təqdirdə insanın böyrəklərini, çiyərlərini və qalxanabənzər (tiroid) vəzlərini sıradan çıxara bilər.
Bəs, insan sağlamlığı baxımından olduqca təhlükəli nəticələrə yol açan zəhərli yumurta və toyuq ətlərinin Azərbaycana idxalı mümkündürmü? Azərbaycan gömrüklərində bu kimi məhsulların yoxlanılması təmin olunurmu?
Bu barədə fikir mübadiləsi apardığımız yerli ekspertlər hətta “Fipronil” adlı zəhərin mövcudluğundan, onun yumurta və toyuq məhsullarında nə kimi ciddi nəticələr yarada biləcəyindən xəbərsiz olduqlarını gizlətmədilər. Bununla belə, gömrüklərdə bu kimi yoxlanışların görüntü xarakteri daşıdığını etiraf edən mənbələrimiz Azərbaycanın mövcud imkanlarıyla hər hansı yumurtada 0.005 milliqaram zəhəri təsbit edə biləcəyinə də inanmırlar.
O halda növbəti sual yaranır: Bəs, görəsən, Azərbaycana xaricdən yumurta gətirilirmi?
Söhbət etdiyimiz iqtisadçı ekspert Elçin Qurbanovun bildirdiyinə görə, bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev Qaxda keçirilən məşhur müşavirədə ölkəmizin ərzaq təhlükəsizliyi istiqamətində ciddi addımlar atdığını bildirmişdi: “Möhtərəm Prezidentimizin sözlərinə görə, ölkəmiz bir çox sahələrdə, özəlliklə də toyuq əti və məhsullarında özü öz ehtiyaclarını 100 faiz ödəmək gücündədir, süd və süd məhsullarında isə bu nisbət 80%-dir”.
Azərbaycanın həqiqətən də bu potensiala sahib olduğunu bildirən həmsöhbətimiz, buna baxmayaraq, bəzi brolyer firmalarının hələ də xaricdən damazlıq yumurta aldıqlarını gizlətmədi:
“Təəssüf ki, həmin firmalar xarici şirkətlərin şirnikləşdirici təkliflərinə aldanır və ucuz qiymətə satılan yumurtaların alınmasına üstünlük verirlər. Belə şirlətlərdən biri də “Qaraqaşlı broyler”dir. Mətbuatda dərc olunan məlumatlara görə, bu şirkət hər ay Türkiyədən 600 min civarında damazlıq yumurta idxal edir. Həmin yumurtaların sağlamlığının gömrüklərdə təsbit edilə bilinməməsi ehtimalında isə bu, Azərbaycanın istehlak bazarına hər ay 100 minlərlə zəhərli toyuğun çıxarılması deməkdir”.
Qeyd edək ki, Azərbaycan təkcə Türkiyədən deyil, Rusiya, İran, Ukrayna və bir sıra Avropa ölkələrindən də damazlıq yumurta idxal edir. Bu fakt idxal damazlıq yumurtadan əmələ gələn toyuqların zəhər daşıma riskinin xeyli yüksək olduğunu göstərir.
Bu ehtimalla razılaşan həmsöhbətimiz bəzi yerli şirkətlıərin, o cümlədən, “Qaraqaşlı broyler”in idxal yumurtaya üstünlük verməsində xarici şirkətin ucuz mal təklifinin ciddi rol oynadığını bildirir. Bu yerdə ataların gözəl bir misalı yada düşür: “Ucuz ətin şorbası olmaz”. Görəsən, Azərbaycana satılan həmin damazlıq yumurtalar xəstəliyi təyin olunub bazardan çıxarılan “Fipronil”li məhsullar ola bilərmi? Nədən ki, onsuz da heç bir bazar qiyməti olmayan, vitrinlərdən yığışdırılan bu məhsuların dəyər-dəyməzə satılması istehsalçı şirkətə də sərf edir.
Həmsöhbətmiz əlində ciddi faktlar olmasa da, bu ehtimalı istisna etmədi. Onun sözlərinə görə, faktiki olaraq Azəybaycana satılan həmin yumurtaların maya dəyərindən aşağı olduğu bildirilir: “Bu zamana qədər mən bunu xarici şirkətlərin Azərbaycanın yerli təsərrüfatlarını batırmaq niyyəti kimi qiymətləndirirdim. Çünki, yerli təsərrüfatların yaranması və Cənab Prezidentimizin dediyi kimi, ölkə ehtiyaclarını 100% yerli məhsullarla təmin edilməsi, istər-istəməz, xarici şirkətlərin böyük bir bazarını əllərindən çıxarırdı. Məsələn, bir zamanlar Azərbaycanın damazlıq yumurta ehtiyacının böyük hissəsini təmin edən “Emre Piliç” şirkəti öz etirafına görə, 2014-cü ildə ölkəmizə 100 milyondan artıq məhsul satmışdı. İndisə yerli təsərrüfatlar onun bu imkanlarını xeyli daraldıblar. Şirkət isə maya dəyərindən aşağı qiymətə yumurta təklif edərək, yəni dempinq siyasəti həyata keçirərək, yenicə formalaşmağa başlayan yerli təsərrüfatları batırmaqda maraqlıdır. İndi sizin toxunduğunuz bu fakt bəlkə də qiymətin necə ucuz tutulması barədə şübhəli məqama aydınlıq gətirir. Müvafiq orqanlar antidempinq siyasəti çərçivəsində bu məqamı araşdırmalıdır. Əks halda ölkəmizin ərzaq təhlükəsizliyində ciddi problemlər yarana bilər”.
Həmsöbhətimiz sözügedən ehtimalı qüvvətləndirən başqa bir fakta da diqqət çəkdi: “Hazırda da Azərbaycanın bəzi broyler şirkətlərinə damazlıq yumurta satan “Emre Piliç”-in 3 ortağından ikisi ermənidir. Onlardan Arto Sevan Oskayan və Andranik Raffi Bozaçıyanın hər birinin şirkətdəki payı 30%-dir. Yəni şirkət faktiki olaraq 60% erməni sərmayəsilə çalışır. Baxmayaraq ki, bu faktlar ortaya çıxdıqdan sonra şirkət öz adını dəyişdirdi. İlk əvvəl “Orallar”, daha sonra isə “Garanti” adıyla Azərbaycana məhsul satmağa başladı. Amma fakt faktlığında qalır. Azərbaycan bazarını yenə həmin erməni iş adamları ələ keçirməyə çalışırlar. Təbii ki, erməni məkrinin insanları tədricən zəhərləyən “Fipronil”li yumurtalar metoduyla Azərbaycana ciddi zərbə vurması ehtimalı da istisna edilməməlidir”.
Bəs, Azərbaycan hakimiyyəti yerli istehsalat olduğu halda, eyniadlı məhsulun idxalına niyə ağır rüsumlar tətbiq etmir?
Bu sualımızı cavablandıran ekspert əslində belə bir rüsumun tətbiq olunduğunu, amma ermənilərlə əlbir olan bəzi şirkətlərin sənəd saxtakarlığına gedərək, qiyməti aşağı göstərdiyini və dolayısıyla dövlətə az rüsum ödədiyini bildirdi: “Digər şirkətlərin gömrük sənədlərinə baxanda bir damazlıq yumurtanı 0.28 dollara, “Qaraqaşlı”nın isə 0.18-0.20 dollara aldığı məlum olur. Sözsüz ki, eyniadlı məhsulda bu qədər qiymət fərqi iqtisadi cəhətdən əsaslandırıla bilməz. Görünür, az gömrük rüsumu ödəmək üçün “Qaraqaşlı Broyler” ilə ixracatçı şirkət arasında hansısa bədniyyətli danışıqlar olub. Bu bəd niyyətin əsl motivi fərqli və daha təhlükəli planlarla da bağlı ola bilər. Bütün hallarda müvafiq orqanlar bunu incələməlidirlər”.