Şənbə , 21 Dekabr 2024
Drone Cameras

Kobuleti: gözəl məkan, bol turist, çadır tətili, bir də diskotekalarda “Qarabağ davası” – REPORTAJ (FOTOLAR)

Kobuleti deyilmişcən varmş, gerçəkdən də əsl kurort şəhərciyidir. Bir tərəfi göz oxşayan yaşıllıqlar, o biri tərəfi o qədər də çox çırpınmayan mavi dəniz. Uzun və geniş, zəbt olunmamış vətəmiz sahil… Burada dənizi hasarlayanlar yoxdur, xırda-para çəpərləmələr var, o da güman ki, hökumət, bələdiyyə tərəfindən edilib – ağaclara qulluq üçün yəqin ki. Hər tərəf hamının üzünə açıqdır.

Kiçik şəhər turistlərlə dolub-daşır. Burada sanki yerli adam yoxdur, hamı turistdir. Hər kəsin də geyimi spesifikdir – qısa şort və yüngül köynək. Yerli əhali də turistlərə ayaq uydurur.

İstər şəhərin dənizkənarı baş küçəsində, istərsə də dəniz sahilində insanlar qarışqa kimi qaynaşır, necə deyərlər, iynə atsan yerə düşməz.
Kobuletidə turistlərin milli tərkibi rəngarəngdir – gürcülər,acarlar, ruslar, ermənilər və azərbaycanlılar. Onların hansının çox olduğuna gəlincə, yerli adamlar ermənilərin sayca çox olduğunu bildirirlər. Amma qələbəlik yerlərdə ana dilimizdə səslənən danışığı eşidəndə adama elə gəlir ki, bizimkilər də bilindiyindən çoxdur.

Bizimkilər niyə Nabranı qoyub Kobuletiyə gedir?

Təkcə bu yazı müəllifinin qaldığı oteldə 30-dan çox azərbaycanlı var. Onlar əsasən ölkəmizin qərb rayonlarındandır, Gəncə, Mİngəçevir, Qazax, Tovuz, Şəmkirdən olanlar üstünlük təşkil edir. Belə görünə bilər ki, onların seçimində məsafə amilinin və kurort növünün də öz rolu var. Çünki dəniz tətilini sevən bu şəxslər özümüzdəki Nabrana getməkdənsə, ondan daha yaxın Kobuletini üstün tutublar.

Söhbət etdikcə məlum olur ki, onların seçimi təkcə məsafəyə görə olmayıb. Dincəlmək üçün Qara dəniz sahilini seçənlər əmindir ki, burada kurort xərcləri ən azı ikiqat az başa gəlir. Üstəlik, Xəzərin daha dalğalı, çimərliklərin çirkli olması səbəbindən onlar daşlı-çınqıllı, ancaq göz yaşı kimi duru suyu olan Qara dəniz sahilinə yollanıblar.

Belə baxanda digər kurort şəhərləri kimi, Kobuletidə də bahalıqdır, geyim əşyaları, yemək-içmək, meyvə-tərəvəz burada da bahadır. Kobuletidə ucuz olan kirayə evlər, butik otellərdir. Onların sayı həddən çoxdur və hər addımbaşı müvafiq elanlara rast gəlmək olar.

Bir də Kobuletidə ərəb yoxdur. Otel işlədənlər deyir ki, onları yalnız Batumidəki 5 ulduzlu otellərdə görmək olar. Ucuz tətil onlarlıq deyil.

Üç lari pul, bir rəfiqə, bir çadır

Bununla belə, dəniz sahilində çadır qurub ucuz tətil kefi sürdürən gürcülər də var. Onlardan biri də Daviddir. Gürcüstanın əfsanəvi hökmdarı olan Qurucu Davidin adaşı öz tətil planını unikal formada qurub: o, zəruri ləvazimatlarla dolu bel çantasını, çadırını götürüb, yanına da, özü demişkən, rəfiqəsini alaraq Kobuletiyə gəlib. Cütlüyün tətil məsrəfləri minimumdur. Əsasən fast-fud yeməkləri yeyir, kola, fanta, çaça kimi içkilər içir, dənizdə çimir, çadırda gecələyirlər. David qeyd edir ki, onunla Kobuletiyə gələn qız nə nişanlısıdır, nə də həyat yoldaşı, gələcəkdə də heç biri olmayacaq. Onlar sadəcə dostdurlar, çadır yoldaşıdırlar, müvəqqəti olaraq birlikdə yaşayırlar, gələcəyə dair konkret planları yoxdur.

Dəniz sahili boyunca bu cür çadır qurub yaşayanlar çoxdur və heç kəs onlardan nikah şəhadətnaməsi tələb etmir, “burada çadır qurmaq olmaz” demir.

Kobuletinin yağmurlu gecələri, günəşli gündüzləri

Bəlkə də hər zaman belə deyil. Amma son günlər Kobuletidə gündüzlər hava isti, axşamlar ilıq, gecələr isə sərin olur. Hər gecə azı dörd-beş dəfə qısamüddətli yağışlar yağır. Səhər durursan ki, şəhər yağış suyu ilə yuyulub, tərtəmiz hava var və günəş çıxıb, əsl dəniz havasıdır. Yəqin ki, buralar bu qədər yaşıllığı yağmurların intensivliyinə borcludur.

Doğma Bakımızdan fərqli olaraq Kobuletidə şiddətli külək olmur, olsa da az-az olur. O üzdən güman ki, kobuletili Facebook istifadəçiləri “ah, şiddətli külək dəniz planımızı bu dəfə də korladı” tipli statuslar yazmırlar.

“Yeyib-içib şellənməyə” gələn 5 kişi

Əksər kurortlarda olduğu kimi, buraya da insanlar əsasən ailələri ilə gəliblər. Haraya baxsan, hər yaşdan olan cütlükləri, körpə uşaqları, yeniyetmələri görərsən. Uzaq ölkələrdən, məsələn, Hollandiyadan, İsveçdən, Çexiyadan Kobuletiyə gələn yoxdur. Onlar daha komfortlu kurortlara gedirlər. Kobuletidəki hostellərin, qonaq evlərinin ulduzu yoxdur, təqdim etdikləri xidmətlər məhduddur. Hovuzların yox dərəcədə olmasındandır ki, dənizdə qələbəlikdir.

Yuxarıda yazdığım kimi, Kobuletidə ölkəmizdən olan qonaqlar da çoxdur. Onların bir qismi ailəvi gəlib. Amma bir qismi də sırf, özləri demişkən, “yeyib-içib şellənməyə” gələnlərdir. Beş bazburutlu kişinin istər dəniz kənarında, istərsə də otellər küçəsindəki davranışları başqalarından fərqlənir. Onlar daha hay-küylüdürlər, daha sərbəstdirlər.

“Zakaz” güləşdirmək

Erməni-azərbaycanlı konflikti Kobuletidə də davam edir. Qeyd etdiyimiz kimi, burada bizimkilər də, ermənilər də çoxdurlar və tərəflər bir-birinin mövcudluğuna dözmək zorundadırlar. Gürcüstan elə bir ölkədir, Kobuleti elə bir sakit yerdir ki, burada heç kəs balta götürüb can düşməninə hücum edə bilməz.

Bununla belə, bu düşmənçilik özünü gecələr diskotekalarda büruzə verir. Yox, ermənilər və azərbaycanlılar rəqs meydançasında rinqə çıxıb dalaşmırlar, heç kim bir-birinə qarışmır, yaxınlaşmırlar da. Ancaq əgər bir erməni mahnısı səsləndirilirsə, mütləq ardınca bir Azərbaycan musiqisi çalınır. Sonra bir erməni mahnısının sədası gəlir. Ardınca yenə Azərbaycan mahnısı oxunur. Bunların hamısı, əlbəttə ki, quru arzu-istəklə deyil, pulla başa gəlir. Hər sifarişə görə gürcü diceylərə və musiqiçilərə 10-15, bəzən 20 lari pul ödənilir. Onlar məmnundurlar. Ermənistan-Azərbaycan münaqişəsinin tərəflərinə siah satıb pul qazananlar kimi, gürcü diceylər və musiqiçilər də bu düşməçilikdən, konkret halda rəqabətdən pul qazanırlar. Belə aydın olur ki, bu məsələdə gürcülər bizə tərəfdirlər, çünki biizmkilər daha çox və sonra qədər “mahnı pulu” verirlər, ermənilər isə xəsisdirlər, bir yerdən sonra diskotekada “Qarabağ davası” aparmağı dayandırır, çıxıb gedirlər. “Ermənilər pul xərcləmirlər, burada çoxdurlar, amma çoxu da xəsisdir”, – deyir gürcülər.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir