Çərşənbə axşamı , 24 Dekabr 2024
Drone Cameras

“Qarabağ”, sən qapını, Allah səni qorusun!

Çempionlar Liqasının qrup mərhələsinə düşmək üçün “Kopenhagen”lə bugünkü oyunda Azərbaycan təmsilçisinə 0:0 bərabərlik də yetərlidir…

Bu gün “Qarabağ” Danimarkada son illərin ən mühüm oyununa çıxır. Bakı vaxtı ilə saat 22:45-də başlayacaq “Kopenhagen”- “Qarabağ” qarşılaşmasında Danimarka təmsilçisi qalib ayrılarsa, bu onlar üçün o qədər də toy-bayram olmayacaq. Çempionlar Liqası qrupuna yenidən düşdükləri üçün ciblərinə bir az daha çox pul gələcək. Amma “Qarabağ” qalib gələrsə, Azərbaycan və ölkəmizi sevənlər ürəkdən sevinəcək. Bakıda bəlkə toy-bayram da olacaq.

Səmimi deyirəm, “”Qarabağ” ÇL qrupuna düşərsə, nə qədər qazanacaq?” başlıqlı xəbərləri oxumadım. Dünya da, futbol da maddiyyat üzərində qurulub, amma “Qarabağ”ın məsələsi indilkidə pul deyil. Əminəm ki, bunu klub üzvləri də, rəhbərlik də hamıdan yaxşı anlayır. “Qarabağ” Ermənistana və bizim uğurumuzu istəməyənlərə elə bir gözdağı verə bilər ki, bunu hətta qrup oyunlarında “Real”a uduzsaq belə (halbuki “Qarabağ”ın daha yaxşı oynayacağı gözlənilir) ləzzətlə yaşaya bilərik. Nə edək ki, futbol həm də kiçik siyasət meydanıdır, bizi də, “Qarabağ”ı da salıblar onun içərisinə. Bu da bizim taleyimizə biçilmiş belə bir azarkeşlikdir…

Ermənilər Bakıdakı 1:0-lıq qələbədən sonra görürsüz nə qarın ağrısına düşüblər? İspaniyanın hətta hansı komandanın hansı oyunçusu hansı maykanı geyinib-soyunduğundan xəbər verən məşhur nəşri guya ki, Ağdam klubunun bu vaxta kimi ermənilərə heç bir dəxli olduğunu bilməyib? Üzrləri başlarına dəysin, “Qarabağ”ın heç olmasa son oyunun videoyazısına baxın da ay “Marca”nəşri…Hələ qrupa düşməmiş başlayıblar qaralamağa. Deməyimiz budur ki, “Qarabağ” Çempionlar Liqasına düşmək şansını necə olursa-olursa bu axşam qorumalıdır. “Qarabağ” Azərbaycanı o liqada təmsil etməyə ən çox haqq etmiş klubdur, bu ilkə də onlar imza atmalı. Mən Qurban Qurbanovun oyun qurmaq taktikasına çox güvənirəm, bu gecə “Qarabağ” qapısını qoldan qorumalıdır, hətta imkan düşsə, bir top da vurmalıdır. Bakıdakı qarşılaşmaya Rusiyanın “Futbol-3” kanalından baxdım, sonra iki dəfə də videoyazısını verdilər. Rus hakimiyyəti Qarabağ məsələsində bizim yanımızda deyillər, amma şərhçilər kifayət qədər obyektiv olmağa çalışırlar. Oyunu şərh edən “Qarabağ”ın “Kopenhagen”i keçmək gücündə olduğunu bir neçə dəfə təkrar etdi və bugünkü oyun ərəfəsi yaddaşımda nədənsə elə o cümlələri təkrar-təkrar “fırladıram”…

idman 23 (3).jpeg (289 KB)

***

“Kopenhagen”lə qarşılaşacaq “Qarabağ” iki gündür ki, Danimarkadadır. Danımarkalıların oyun ərəfəsi “boylarından uca” danışmaları gözlənilən idi, amma bunlar nəsə çox yekə danışırlar.

İş o yerə çatıb ki, “Kopenhagen” 19 il əvvəl – 1998-ci ildə Danimarkada keçirilən oyunun videosunu yayıb. Bakıdakı görüş ərəfəsi biz də o oyunları xatırlatmışdıq. UEFA Kuboklar Kuboku turniri adlanan yarışın birinci mərhələsində “Qarabağ” “Kopenhagen”ə Bakıda 0:4, səfərdə 0:6 hesabı ilə uduzduğu oyunları xatırlatmaq danimarkalıların heç də arxayın olmadıqlarına işarədir. Yaxşı ki, özləri də bunu gizlətməyiblər. “Bu dəfə ”Qarabağ”a qalib gəlmək asan olmayacaq. Bunun üçün sizin dəstəyiniz lazımdır” – deyə, klub videoyazının sonunda bildirilib.

Danimarka klubu tez-tez “Qarabağ”ı bundan əvvəlki rəqibləri “Vardar”ilə müqayisə edirlər. Guya bizim xətrimizə dəyəcəklər. (Klubun adı “Vartan” olsaydı, xətrimizə dəyərdi). Danimarkalılar “Vardar”a öz meydanlarında uduzmuşdular, Danimarkada isə mərhələ keçən “Kopenhagen” oldu. “Vardar” klubunu qoy “Fənərbaxça”lılar düşünsün, çünki Makedoniyada qapılarına iki top vurublar və İstanbul təmsilçisini Avroliqadan kənarda qoya bilər.

Danimarkalılar “Qarabağ”dan yüzdə-yüz çəkinirlər. Bakıdakı oyundan əvvəl də yazmışdıq ki, bu klubun Çempionlar Liqasının qrupunda dördü dəfə oynamasına baxmayaraq, keçilə biləcək rəqibdir. “Kopenhagen” mənə Bakıdakı oyunları ilə hətta Moldovanın “Şerif”indən zəif rəqib kimi göründü. Bircə boylarının hündürlüyündən başqa heç bir “boy” göstərə bilmədilər.

“Qarabağ”ın oyun taktikası yaxşı alındı, heç kim xüsusi olaraq fərqlənmədi, amma komanda oyunu qalib gəldi. Rəqib topsuz qoydular, bunu bu gecə də edə biləydilər kaş…

idman 23 (4).jpg (39 KB)

Baş məşqçisi Stole Solbakken “Qarabağ”ın üstün durumda olmasını qeyd etməklə yanaşı, komandasının mərhələ adlamaq şanslarının olduğunu da bildirib: “Adətən bu mərhələnin oyunları çətin olur. İlk görüşdən sonra ”Qarabağ”ı favorit adlandırmaq olar. Amma unutmayaq ki, bizim də şansımız var. Çərşənbə günü “Qarabağ” qapalı oyuna üstünlük verəcək. Ancaq biz öz meydanımızda oynayırıq, tribunalar dolu olacaq. Azarkeşlərin dəstəyi ilə daha artığına nail olmaq niyyətindəyik”.

idman 23 (1).jpg (57 KB)

Klubun serbiyalı oyunçusu Pavloviçin fikrincə isə “Qarabağ”ın müdafiə xətti elə də güclü deyil: “Sadəcə, Bakıda bir o qədər də təzyiq etmədik. Yarımmüdafiə xətti isə çox güclüdür. Həmçinin Bakıda stadionda olan möhtəşəm atmosfer onlara yaxşı, bizə pis təsir etdi. Növbəti oyunda daha diqqətli olub, dərin düşünüb oynamalıyıq. İlk oyunda qeydə alınan 1:0 hesabı bizim üçün maneə deyil. Biz bunu ötən tur ”Vardar”la oyunlarda sübut etmişik”. Yenə bu “Vardar”…

Danimarka superliqasında “Senderyuske” ilə gərgin matçdan 3:2 qalib ayrılan “Kopenhagen” daha “qaza gəlib”. “Qarabağ”la qarşılaşmada da belə oynayarsa, mərhələ adlayacaqlarını deyirlər. “Qarabağ”da çempionata uğurlu başlayıb və klubun motivasiyası yerindədir. Qalır bu motivasiyanı bu gecə meydanda da göstərmək…

idman 23 (5).jpg (257 KB)

***

“Kopenhagen” – “Qarabağ” oyununu “Marca”nın “həmyerlisi” İspaniya Futbol Federasiyasından Alberto Undiano Malyenko idarə edəcək. Ona Roberto Alonso və Raul Kabanero köməklik edəcək. Bu gecə “Qarabağ”ı separatçılarla qarışdıran ispanlara da dərs vermək zamanıdır demək…

idman 23.jpg (62 KB)

Biz sənə inanırıq “Qarabağ”! “Qarabağ”, sən qapını, Allah səni qorusun!

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir