Bakıda “Azərbaycan Dəmir Yolları” QSC və “Rusaqrotrans” şirkəti tərəfindən “Azrustrans” birgə müəssisəsinin yaradılması ilə bağlı saziş imzalanıb.
“APA-Economics” xəbər verir ki, sənədi “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini Vüsal aslanov və “Azrustrans” şirkətinin İdarə Heyətinin sədri Cavid Quliyev imzalayıblar.
Şirkət sentyabr ayının əvvəlində Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Müəssisənin 51%-i “Azərbaycan Dəmir Yolları” QSC-yə, 49%-i isə “Rusaqrotrans”a məxsusdur.
“Azrustrans” taxıl daşımaları ilə məşğul olacaq. İlkin mərhələdə müəssisə taxıl daşıyan vaqonları səhmdarlarından icarəyə götürəcək, sonrakı mərhələdə isə öz parkını yaradacaq. Hesablamalara görə, şirkət 2500-3000 vaqon almaq niyyətindədir.
Şirkət Türkiyə və İrana taxıl tranzitini həyata keçirəcək. Bunu nəzərə alaraq səhmdarlar Azərbaycan-İran sərhədində 30 min ton taxıl saxlamaq iqtidarında olan terminal tikmək niyyətindədir. Sonrakı mərhələdə terminalın imkanları genişləndirilə bilər.