Cümə , 27 Dekabr 2024
Drone Cameras

Əkbər Qoşalı: “Milli mənlik şüuru elə bir hadisədir, bəzən çox dərinə çəkilə bilir”

“ƏGƏR”LƏ “MƏGƏR” ARASINDA

Vətən nə alınandır nə satılan. Onu tərənnüm etməkçün də əslində  nə uzun-uzadı sözə, nə musiqiyə, nə də şeirə ehtiyyac var. Bu gözəl vətəni sacəcə sevmək lazımdır. Bundan sonra nə lazımdırsa tarix özü yazacaq. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda həmsöhbətim şair-publisist, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı ilə olan müsahibəni “Hərbi and” oxucularına təqdim edirik.

  • – Sizi yaxından tanıyaq.
  • – Bu sual məndə ikili hiss yaradır. Necə deyərlər, hisslərim haçalanır: Birincisi, əgər bu sual verilirsə, demək hələ də tanıdılacaq hansısa yönümüz var; ikincisi, hələ yetərincə tanınmamışam məgər. Sanki “əgər”lə “məgər” arasında qalıram və bu “əgər-məgər” aralığını dediyiniz “yaxından” sözü xilas edir. Belə, ömrün 44-nü arxada qoyan, şüurlu həyatını yazarlığa, ictimai fəaliyyətə adamış, iki fərqli ali məktəbdən (Texniki Universitet və Dövlət İdarəçilik Akademiyası) diplom almış mənimçün, özümü tanıdarkən Əkbər Qoşalı demək yetərlidir, deyə düşünürəm. Yetərli de­yilsə, bundan sonra “0”dan başlayıb, yenidən tanınmaq istəməzdim. Üstəlik də, evli və üç uşaq atası olan adamçün, ancaq irəlini düşünmək qalır, keçmiş keçmişdir.
  • – Sizin kimi insanları yetişən nəslə ilbə-il tanıtmaq lazımdır. Uşaqlığınızı necə xatırlayırsız?
  • – Uşaqlığım paytxatdan 450 km uzaqda, dəniz səviy­yəsindən 1515 metr yüksəklikdə, dağlar qoynunda keçib. Kəndimiz sınır kəndindir. Doğrudur, “dağların o üzü” də çox uzaq olmayan tarixdə bizim olub, yenə bizim olmalıdır. Oralarda, özünəməxsus ortam və ortamsızlıqda keçən uşaqlıq, gün-gün, özünəməxsus qayğılardan keçib. Çoxuşaqlı ailə idik və evimizə ilk diplomu mən aparmalı olmuşam. Rəhmətlik atam şəxsən mənim timsalımda oxumağa fövqəladə önəm verirdi. Mən uşaqkən kəndimizdə bir ümumi, bir də məktəbin kitabxanası vardı. Ümumi kitabxananın demək olar əksər kitabları bizim evdə oxunmuşdu. Atam el şairiydi. Kəndimiz böyüklü-kiçikli məktəbə, gələcəyə, üstüm sabaha təşnə kəndidir. Uşaqlığım həsrətlərin, qibtələrin, sanki “əlçatmazlıq”ların uşaqlığı idi. Nə qərib, indi mən özüm kəndimizdən uzaqlardayam. Kəndin özünəməxsusluqları üçün darıxıram, ora can atıram. Yenə, “əgər”dən “məgər”ə “zaman tuneli” görünür.
  • – Köklü bir kənd həm də etnoqrafik yaddaş deməkdir. Bəs milli mənlik sizin üçün nə deməkdir?
  • – Milli mənliyin rüşeymləri, əlbəttə kənddə yaranıb. “Etnoqrafik yaddaş” dediyiniz nəsnələr bizim kənd üçün bütün ölçülər, ülgülər (parametrlər) üzrə dolu-dolu özünü göstərir. Yer adları, yer altından tapıntılar, gələnəklər, oğuz-qıpçaq ele­mentlərini daşıyan üz, ləhcə, hətta biş-düş, qonum-qonşuluq və s. Bütün bunlar da milli mənlik şüurunun formalaşmasında iştirak edir, ona təsir göstərir, müəyyən mənada onu yaradır. Bu öz yerində. Ancaq milli mənlik həm söz olaraq özü özünü ifadə edir, həm də dövlət müstəqilliyimizin bərpası prosesində bizi meydanlara daşıyan səbəbi axtaranda məhz onu görürük. Milli mənlik şüuru elə bir hadisədir, bəzən çox dərinə çəkilə bilir. Sanki sıra­dançıxmış, öləzimiş sayıla bilir və elə bir məqam gəlir bir qığılcımla o özünü bütün parlaqlığı ilə göstərir. Ötən ilin aprelində cəbhədə baş verən hadisələr, bu hadisələr vaxtı xalq ruhunun şahə qalxması dediklərimizə ən yaxın dövrün sü­butdur. Hər kəs özü olunca maraqlıdır, başqasına bənzəyincə deyil. Milli mənliyi olmayan insan, topluluq həyata, əməli çalışmalara, dünyaya, yaradılana, Yaradana münasibətdə dayaz və dayazda qalar. Milli mənlik özünü­qoruma instikti ilə yanaşı başqasına sayqıduyarlığı da yaşadan hadisədir. Milli mənlik bizimçün, bugün bir çoxlarından daha güncəl, daha vacibdir. Çünki millətimizin mənliyinin sınırları tapdaq altdadır, o mənliyi yaratmış kişilərin bir çoxunun məzarı düşmən nəzarətində – daha doğrusu, nəzarətsizliyindədir və da­ğıdılmış, uçuq-sökük durumdadır. Milli mənlikdən danışarkən, üçboyalı qutlu bayrağımızda, başda məhz milli mənliyimizi, milli kimliyimizi simvolizə edən göy (mavi) boya gəlir.
  • – Türksoylu xalqlarla işgüzar əlaqələriniz var. O xalqların gəncləri bizim­ki­lər­dən nə ilə fərqlənir?
  • – Türksoylu xalqlar bizim qardaşlarımızıdr. Dərinlikdə bizim birgəliyimiz, eyni­liyimiz daha çoxdur, nəinki fərqlərimiz. Bəlkə bu baxış həm də ondan irəli gəlir ki, mənim mənsub olduğum Birlik, daha çox birləşdirici məqamları axtarmaq man­datını daşıyır. Bununla belə, fərqlilik də özlüyündə bir gözəllikdir. Fərqli olub da, bir olmaq var. Bir yolda yürürkən fərqli səmtlərə boylanmaqdansa, fərqlilik­lərimizlə birgə, eyni səmtə baxa bilməyimiz, eyni yolda yürüməyimiz gözəldir. Əlbəttə, türk ölkə və topluluqlarının zaman-zaman yığılmış problemləri, o cüm­lədən müəyyən coğrafi, dini, sosial-iqtisadi, ideoloji-siyasi ayrılmalara, müəyyən fərqliliklərə də yol açıb. Ancaq fərqliliyin də fərqi var. Məsələn, Altaylının şaman, Sibirdəki hansısa azsaylı qardaşlarımızın bütpərəst, Kırım karaimlərinin musəvi, qaquzun xristian, uyğurun müsəlman olması mənə dəhşətli gəlmir və kiminsə dinini dəyişməsinə çalışmaq kimi bir niyyətə sahib deyiləm. Bu hər kəsin, hər toplumun, xalqın özünün zamanla, təbii şəkildə həll edəcəyi məsələdir. Məni düşündürən qardaşlıq ruhudur. Qardaşlıq sıradan çıxmasın! Öləziyibsə də onu diriltməkçün əl-ələ verib, sanki bir tonqal ətrafına cəm olmağı bacarmalıyıq. O zaman, kimin əyninə nə geyinməsi, kimin kımız içib-içməməsi, kimin necə dua etməsi bizi ayıra bilməz, ayırmamalıdır. Əgər Avropada macarlar, Asiyada ko­relilər bugün Turan birliyindən danışır, bu mövzuda konfrans, qurultay düzənləyir, araşdırmalar aparırsa, fərqli­liklərin birliyə nəinki mane olmadığını, ümumi işimizə yeni bir çalar qatdığını, könül dünyamızadək, içimizi-çölümüzü daha da təravət­ləndirdiyini, coşğun ulusumuzun qaynar qazanının da­dını, tamını artırdığını qəbul etməliyik.

 

  • – Müasirliklə milli dəyərlər nə dərəcədə uzlaşır?
  • – Çağdaşlıqla milliliyin uzlaşıb-uzlaşmaması barədə müzakirələr yəqin, yalnız bizdə getmir və heç xüsusi problem də deyil, məncə. Yalnız bizdə deyil, dünyanın dörd bir yanında İKT-nin gənc nəslə təsiri, milli dəyərlərlə az qala yanaşı təsirə malikdir. Biri içəridən, biri dışarıdan olsa da təsir təsirdir. Bununla belə, klassik fizika qanunu “təsir əks təsirə bərabərdir” yaxud onu doğurur, deyir, elə deyilmi? Əgər eləsə, bizə yönələn “vektor”lara bizim dəyərlərdən çıxan “vektor”lar “cavab” verməlidir. Gənclərimizin İKT ilə məruz qaldığı hansısa yabançı təsirdən “sığortalanma”sı üçün ən yaxşı yol, onların “ gənclik menyü”sünə mümkün miqdar daha yaxşısını təqdim etməkdir. Bir də, bayaq bayraqlı cavab deyə bir söz işlətdik, yenə bayrağımıza qayıtmaq istərdim. Qutlu bayrağımızda çağdaşlığı simvolizə edən al (qırmızı) boya var və o milli kimliyimizi birləşdirən göy (mavi) boya ilə dini kimliyimizi bildirən yaşıl boyanın arasındadır. Biz bu aradalığı ayrıçılığa deyil, birliyə qovuşmağa xidmət edən hal, durum kimi qəbul edirik. Başqa sözlə, milli kimliklə dini kimliyin birliyi yeni çağırışlara cavab verməkdən, dünya ilə ayaqlaşmaqdan, in­kişafdan, tərəqqidən, yeniliklərə biganə qalmamaqdan keçir. Digər dövlət atributumuz olan himnimizdə isə:“…Namusunu hifz etməyə,
    Bayrağını yüksəltməyə,
    Cümlə gənclər müştaqdır!
    Şanlı Vətən! Şanlı Vətən!
    Azərbaycan! Azərbaycan!” cümlələri keçir. Çağdaşlıq və gənclik, gənclik və millilik anlayışları itələyici, itirici deyil, birləşdiricidir, bir yerdə qüvvətlidir deyə düşünürəm.
  • – Soy-kökümüzə xas özəlliklər tərbiyə metodikasında necə tətbiq edilməlidir?
  • – Öyrədilmə yerlərimiz bəllidir. Təlim-tərbiyə, tədris müəssisələri, bunlardan da qa­baq ailə! Şübhəsiz, partiyaların, KİV, QHT kimi vətəndaş cəmiyyəti institutlarımızın da üzə­rinə sorumluluq düşür. Sorumluluq ictimai fikri qidalandıran yazıçı, şairlə­rimizin, elm adamlarımızın da üzərinə düşür.
  • – Vətənpərvərlik hisslərinin aşılanması necə?
  • – Xalq şairi Sabir Rüstəmxanlının sözü ilə desək, QAN YADDAŞIndan, RUH SAĞLIĞIndan başlamış ən praktik müstəvi üzərində maddiləşdirilməsi, gerçək­ləş­dirilməsi mümkün olan əməli çalışmaların hər biri, dediyiniz o “aşılanma”da rol oynayır yaxud rol oynamalıdır.Söhbət metodikadan gedirsə, burda artıq işin içində elm olmalıdır, iş elmlə görülməlidir. Xatırlayıram, biz tələbə olarkən “Milli qürur hissi” adlı (Prof.Dr. Q.Hü­seyinlinin müəllifi olduğu) bir kitab çıxmışdı. İlk baxışda adama elə gəlir ki, hiss, duyğu, düşüncə sınır tanımır, metod, metodika qəbul etmir. Ancaq Z.Freydin, başqa böyük alimlərin araşdırmalarına da istinad etsək görərik ki, yuxu belə öyrənilir, tədqiq olunur. Düşüncənin dəyişdirilməsi, duyğunun köklənməsi, hiss-həyəcan yaşatmağın mümkünlüyü qəbul ediləndirsə, vətənpərvərlik hissi də vətənkeşlik, milli qürur hissi də özünə həssas münasibət tələb etməkdə haqlıdır.
  • – Sizcə bu günün əksər gəncliyi “hazıra-nazir” prinsipinə qulluq etmir ki?
  • – Açığı, mən neçə illərdir gənclərlə işləyən bir şəxs olaraq, bu qənaəti bölüş­mürəm.
  • – Uşaqları milli ruha kökləməkçün nələr lazımdır?
  • – Təki ulusumuzun anaları çox uşaq doğsun, atalar uşaqları normal yaşayışla təmin edə bilsin, ilk növbədə yaxşı (milli) ad versinlər övladlarına, sonra həkimlər o uşaqların sağlamlığı keşiyində dursun, məktəblər təlim-tərbiyə verə bilsin, gerisi öz-özünə gələcək.
  • – Vətənpərvərlik ruhunun yüksəlməsi üçün necə?
  • – Bir yandan baxınca, düşünürsən, əgər vətənpərvərliyi ruha bağlayırıqsa, o zaman məsələ böyük ölçüdə Tanrıdan asılıdır, nəinki “faili-muxtar”dan. Digər yandan, düşünürsən ki, vətənpərvərlik əlbəttə ən yuxarı kateqoriya hadisəyə bağlan­malıdır, nəinki məişətə, keçici həvəsə və s.AMEA Fəlsəfə-Hüquq İnstitutunda, DİAda, Müdafiə Nazirliyində, AGİNdə, AGFdə, NAYORAda yaxud bu qurum və quruluşların ortaq komis­si­ya­sında (gənclik mövzusunu, vətənpərvərlik mövzusunu ardıcıl işıqlandıran, güncəl tutan mütəxəssislərin iştirakı ilə) mövcud durumun dərin təhlili aparıla, sonuclar dəyərləndirilə bilər.İkincisi, cənab Prezidentin imzaladığı “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı gənclər arasında geniş təbliğ olunsa, proqram çərçivəsində həyata keçiriləcək işlər daha çox gəncimizi əhatə edə bilər.

    Torpaqlarımızın işğalı faciəmizidir, əlbəttə. Bu faciənin bizi əzməsinə imkan ver­məməliyik. Bunun da yolu torpaqlarımızı azad etməkdən keçir. O gün uzaqda deyil, deyə inanıram! İnanıram ki, kənd-kənd azad olunan torpaqlarımız uşaqlarımızı, ümumən millətimizi dirçəldəcək, ağrı-acıları “sıfır”layacaqdır. Bir sözlə, vətənpərvərlik ruhunun yükəsldilməsi üçün həm də Qarabağ savaşının son döyüşünə hazır olmaq lazımdır.

  • – Müsir dövrlə əski milli dəyərlərin tarazlığını necə qorumaq olar?
  • – Bu tarazlığı ən gözəl ölçü-ülgüsünü, istiqamətini dövlət bayrağımız göstərməkdədir.
  • – Düşmənə nifrət hissini necə aşılamaq lazımdır?
  • – Belə bir müdrik söz var, “Mən müharibənin əleyhinə deyiləm, sülhün lehinəyəm”. İndi mən də, düşmənə nifrətin lehinə deyiləm, millətimizə, ölkəmizə qarşı işlənən saxtakarlıqların, işxalçılığın əleyhinəyəm!
  • – Kütlədə vətənpərvərlik, milli qürur hislərini aşılamaqçün KİV-də nələr çatmır?
  • – KİV-in bu işdə özünəməxsus rolu olsa da, bayaq sadaladığımız kimi, xeyli başqa qurum və quruluşun da bu məsələdə məsuliyyət payı vardır. KİVdə də digər ünvanlarda da çatış­maz­lıqlarımız var, zamanla öz həllini tapar deyə ümid edirəm.
  • – Hərbi vətənpərvərlik təbliğatı üçün necə?
  • – KİV-lərimizi vətənpərvərlik məsələsində yoxsul saymaq düzgün olmazdı. Azərbaycan Prezidenti yanında KİVDF yarandıqdan sonra isə vətənpərvərlik, milli mənlik mövzuları mətbuatımızda daha dolğun, daha ardıcıl, sistemli şəkildə işıqlandırılır, maraqlı araşdırmalar təqdim olunur.
  • – Vətənpərvərlik təkcə vətəni sevməyə deyilir?
  • – “Vətəni sevməyən insan olmaz, Olsa da, ol şəxsdə vicdan olmaz” deyirdi Abbas Səhhət. Bu sualınıza ən səhhətli cavab bu olsa gərək.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir