ABŞ SSRİ dağılandan sonra təkqütblü dünyaya başçılıq eləməyə başladı. Bu ölkə güclü ordusu, iqtisadiyyatı və dollarına görə qüdrətli sayılmırdı, həm də demokratiyasına, güclü vətəndaş cəmiyyətinə görə bu etimadı qazanmışdı. Sovetlərdən sonra sosializm düşərgəsinin üzvləri, yeni müstəqil olan dövlətlər və öz dövlətçiliyini bərpa edən ölkələr üçün ABŞ demokratiya və ədalət rəmzi oldu. Onun nüfuzu və təsir imkanları hələ də güclüdür. ABŞ-ın qol qoymadığı işlər düzəlmir. İnkişaf səviyyəsindən, ona münasibətindən asılı olmayaraq, bütün dövlətlər maliyyə əməliyyatlarını əsasən Birləşmiş Ştatların dolları ilə aparırlar və s. Ancaq bu gücə malik ABŞ-da demokratiya ilə bağlı problemlərin olduğu meydana çıxıb. Təbii olaraq belə sual yaranır: ABŞ-da demokratiya böhranı var? Bir çox dövlətlər üçün nümunə olan, ədalətli sayılan ABŞ-ı kim qarışdırır?
Deməli, yanvarın 6-da ABŞ-da noyabrın 3-də keçirilən prezident seçkisinin nəticələri müzakirə olunan zaman Konqresin binasına hücum olub. Onlar prezident Donald Trampı dəstəklədiklərini və prezident seçkisinin nəticələrinə etiraz etdiklərini bildiriblər. Konqres seçkinin nəticələrini təsdiqləməli idi. Ancaq o, işini dayandırıb. Yeri gəlmişkən, bəhs edilən siyasi kampaniyada Demokratlar Partiyasının namizədi Cozef Bayden Seçilmişlər Kollegiyası üzvlərinin 306-nın, Donald Tramp isə 232-nin səsini qazanıb. Bu isə demokratların namizədinin qələbəsi deməkdir. Yanvarın 20-də Cozef Baydenin prezident kimi and içəcəyi gözlənilir. İndiki prezident seçkinin nəticələrini tanımadığını bildirmişdi. Yanvarın 6-da baş verən aksiya nəticəsində 4 etirazçı ölüb, 14 polis əməkdaşı yaralanıb, 52 nəfər isə tutulub.
Son zamanlar ABŞ-da irqi ayrı-seçkilik, vicdan azadlığı sahəsində problemlərlə bağlı tez-tez xəbərlər yayılır. Xüsusilə afroamerikalıların qətl edilməsi, İslam dini nümayəndələrindən terrorçu obrazının yaradılması kimi hallar qərb dövlətlərinin çoxu, o cümlədən ABŞ üçün xarakterik olub. Latın Amerikası ölkələrindən olan mühacirlərə qarşı mübarizə, onların Birləşmiş Ştatlara girişinin qarşısının alınması məqsədilə beton divarların hörülməsi ABŞ-ın azadlıq prinsipləri ilə təzad təşkil edir. Yaşıl karta, diktatura rejimli ölkələrdən olan miqrantlara məhdudiyyətlərin qoyulması ona inamı azaldır.
Sovetlər dağılandan sonra da ABŞ-da keçirilən prezident seçkisinin nəticələri ilə bağlı qalmaqal yaşanmağa başlayıb. 2000-ci ildə keçirilən prezident seçkisində kiçik Corc Buşun Demokratlar Partiyasından olan namizəd, Bill Klintonun prezidentliyi dövründə vitse-prezident işləmiş Albert Qor üzərində qələbəsi qalamaqala səbəb olmuşdu. Onda da Seçilmişlər Kollegiyasının səsi problem yaratmışdı. 2015-ci ildə keçirilən seçkidə Hillari Klintonla Donald Tramp arasında da oxşar qalmaqal yaşandı. Onda Klinton Birləşmiş Ştatlar üzrə daha çox seçici səsi toplamışdı. Ancaq nəticədə Seçilmişlər Trampa səs verdi.2020-ci ildə də belə problem yaşandı və Bayden qalib elan olundu. Hazırkı etirazlar da bu nəticəyədir.
Seçilmişlər Kollegiyası ABŞ-da demokratik institutlardan sayılır. Bu həm də federal subyektlərin güclü qalmasına yardım edir. Bununla belə ona yanaşmalar fərqlidir. 1838-ci ildən indiyə qədər düz 13 dəfə səslərin böyük faizini qazanmış namizəd Kollegiyanın səs çoxluğu ilə ölkə prezidenti seçilib. Çünki namizəd bir ştatdan 47 faiz səs toplaya bilir (qalan 53% digər namizədlər arasında bölüşdürülür), ancaq Kollegiyada topladığı 100 faiz səs sonda onun qələbə reytinqini kəskin şəkildə artırır. Xatırladaq ki, mütəxəssislər 2000-ci ilin prezident seçkisində Kollegiyanın qeyri-demokratik xarakterinin hiss olunduğunu bildirmişdilər. Albert Qor seçicilərin 540 000 səs üstünlüyünü qazansa da, Texas ştatının qubernatoru Corc Buş kiçik ştatların çoxunda qalib gələrək bu yolla Seçicilər Kollegiyasının səs çoxluğunu toplamışdı. Florida ştatında səslərin şübhəli sayılması qurumu Corc Buşa tərəf yönəltdi. Səslərin hesabatı məhkəmədə araşdırılarkən respublikaçıların sayca üstün olduğu Konqresin Nümayəndələr Palatası (Aşağı Palata) bütün şübhələri rədd edərək Buşa səs verən seçicilərin siyahısını tam şəkildə qəbul etdi. Florida ştatının qanunvericiləri öz hüquqi (həmçinin mənəvi-əxlaqi) səlahiyyətlərindən kənara çıxmadılar, çünki konstitusiyanın 1-ci bölməsinin 2-ci maddəsində deyilir ki, hər bir ştatda Seçicilər Kollegiyasının üzvləri “qanunverici orqanın müəyyənləşdirdiyi kimi” təyin olunurlar.
Belə çıxır, ABŞ-da demokratik islahatlara ehtiyac var? Çünki prezidentin ümumxalq səsverməsi ilə seçilməsinin ziyanlı olduğunu da deyənlər var. Onlar hesab edir ki, sahibkarından asılı olanlar azadlığın etibarlı qoruyucuları ola bilməz. Belələrinin qənaətincə, kasıb və yoxsullara ictimai maraqları etibar etmək mümkün deyil. Bu qənaətlərdə də həqiqət yox deyil. Ancaq görünən odur ki, ABŞ-da demokratik islahatlara ehtiyac yaranıb. Belə hesab etmək olar ki, ölkədəki bir çox qanunlar kommunizm düşərgəsi ilə mübarizəyə hesablanmışdı. Bu isə 30 ildir yoxdur. Beynəlxalq arenada yeni fiqurlar meydana çıxıb. Rusiya güc mərkəzi olmaq istəyir. Avropa İttifaqı bir sıra məqamlarda ABŞ-a qarşı çıxır. Çin iqtisadiyyatının qarşısı alınmaz olur. İran atom silahı əldə etməyin bir addımlığındadır. Ərəb dövlətləri İsraillə əməkdaşlığa başlayıb. Britaniya Avropa İttifaqından çıxıb və s. Odur ki, ABŞ dünyanın hələ də əsas gücü sayıldığından və diktatura rejimlərinin qorxub çəkindikləri başlıca qüvvə olduğundan burada baş verənlər başqa ölkələrə də təsir göstərə bilər. Ona görə də Barak Obamanın “Change!” (“Dəyişiklik!”) və Donald Trampın “Make America Great Again!” (“Amerikanı yenidən böyük edək!”) şüarlarını yanaşı qoysa,q belə bir yeni şüar alınar: “Amerikanı dəyişikliklə böyük edək!”. Başqa sözlə, ABŞ dəyişiklik, yenilik, islahatlarla böyük ola bilər.
Yeri gəlmişkən, ABŞ tarixində ilk dəfədir dinc aksiya iştirakçıları Konqresin binasına hücum edib. İlk dəfə 1814-cü ildə amerikalılarla ingilislər arasında 1812-1815-ci illər müharibəsi zamanı britaniyalılar hücum etmiş, nəticədə Konqresin, hökumətin bir çox binalarını, o cümlədən Ağ evi yandırmışdılar. Bu hücum yanvarın 6-da baş verənlərdən fərqlənir.
Bəs indi ABŞ-ı kim qarışdırır? Vəziyyətdən kimlər qazanmaq istəyir? Hələ 2015-ci il prezident seçkisindən sonra nəticələrə “Rusiya barmağının” təsir etdiyi barədə açıqlamalar verildi. Hillari Klintonun elektron poçtundakı yazışmalar haqqında məlumatların yayılması, Donald Trampın seçki qərargahının məsullarının Rusiyanın Vaşinqtondakı səfiri ilə görüşməsi və başqa faktlar seçkidə Kremlin “əməyinin nəticəsi” olaraq dəyərləndirildi.
Rusiya SSRİ-nin varisidir. Bu həm də o deməkdir ki, Moskva sovetlərdən qalma “5-ci kolona” da yiyəlik edir. Ona görə ehtimal etmək olar ki, hadisələrə Rusiyanın da təsiri olub. Dövlət çevrilişinin Lenin planı var idi. Həmin plana görə, dəmiryolu, poçt və hökumət binaları inqilabçılar tərəfdən tutulardısa, inqilab baş verirdi. Müasir dövrdə başqa texnologiya tətbiq edilir. Bura hərbçilərin, dövlət məmurlarının etirazçıların tərəfə keçməsi, parlamentin binasının zəbt edilməsi də daxildir.
Dekabrın sonunda yeni prezident Cozef Bayden bildirmişdi ki, Pentaqonun siyasi rəhbərliyi hakimiyyətin yeni administrasiyaya təhvil verilməsinə mane olur. ABŞ-ın sabiq 10 müdafiə naziri hərbçiləri hakimiyyətin Cozef Baydenə təhvil verilməsinə və prezident seçkisi ətrafında yaranan mübahisələrə qarışmamağa çağırmışdılar. ABŞ Müdafiə Nazirliyi isə onun bəyanatını təkzib etmişdi. Pentaqonun başçısı səlahiyyətlərini icra edən Kristofer Miller Bayden və komandasından daxil olan bütün suallara cavab verməyə hazır olduqlarını bildirmişdi. Odur ki, hadisələrdə hərbçilərin iştirakı istisna edilir.
Baş verənlərin arxasında “Proud Boys” adlı ifrat sağ qrupun dayandığı bildirilib. “Qürurlu oğlanlar” adlanan bu dəstə haqqında nə məlumdur? Qrup 2016-cı ildə Kanada əsilli ingilis Kevin Mak İnnes tərəfindən qurulub. Dəstənin üzvlərinin hamısı kişilərdir. Onların çoxu küçələrdə dava-dalaşlar görüb. Qrupun adı isə Disneyin istehsalı olan Ələddinin musiqili versiyasının mahnısından götürülüb. Onlar özlərini qərbli şovinist olaraq tanıdırlar. Qrup üzvləri özlərini trampçı və mühafizəkar sayırlar. “Proud Boys”çular sarı zolaqlı qara köynəklər və “Make America Great Again” şlyapaları geyinirlər. Son iki ildə onlar başda Oreqon, Vaşinqton və Nyu-York olmaqla bir çox şəhərdə küçələrə yürüşlər keçirib, atnifaşist və antiaparteid qüvvələrlə toqquşublar. “Qürurlu oğlanlar” isə antisemit, irqçi və ya faşist olmadıqlarını bildirirlər. Onlar hesab edirlər ki, Amerikanı xilas edəcək mühafizəkarlardır. Qrupun hazırkı lideri Enrique Tarriodur. O, bütün etiraz aksiyalarında iştirak etsə də, Vaşinqtona girişi qadağan edildiyindən Konqresin binasına hücuma qoşulmayıb. Onu Mayamidə tutublar.
Qalmaqalla hakimiyyətə gələn, təsadüfi prezident olduğu iddia edilən Donald Trampın hakimiyyəti hay-küy və qarmaqarışıqlıqla başa çatır. ABŞ Konqresinin hər iki palatasının – Senat və Nümayəndələr palatasının birgə keçirilən iclasında Cozef Baydenin prezident seçkisindəki qələbəsi təsdiqlənib. Donald Tramp isə yanvarın 20-də hakimiyyəti təhvil verəcəyini açıqlayıb.
Son hadisələr sübut etdi ki, baş verənlər təsadüfi deyil. Ehtimal etmək olar ki, daxildəki və xaricdəki qüvvələr ABŞ-da hakimiyyət çevrilişi şousu göstərməyə səy etdilər. Hamı Birləşmiş Ştatların bu kimi hadisələrin qarşısını güc yolu ilə almaq imkanının olduğunu yaxşı bilir. Bu, ABŞ demokratiyası üçün də bir dərs sayıla bilər. Hadisələr bir daha sübut etdi ki, dövlətin idarə edilməsində, hakimiyyətin ötürülməsində demokratiya ən doğru yoldur. Ancaq onun daha güclənməsi üçün demokratik islahatlara da ehtiyac yaranıb. İndi SSRİ yoxdur, İslam dünyası da ABŞ-ın rəqibi deyil. Müsəlman dövlətlərinin demək olar çoxu Birləşmiş Ştatlarla əməkdaşlıq edir, onun müttəfiqidir. İndi Rusiya var. Özünü dirçələn göstərərək ABŞ-la rəqabət aparır.
Odur ki, Birləşmiş Ştatların özünə yeni rəqiblər yaradaraq güclənməsi dövrü də geridə qalır. Belə ehtimal etmək olar ki, ABŞ dünyanın yeni şərtlərinə uyğun olaraq demokratiya və insan hüquqları sahəsində islahatları daha da genişləndirəcək. Yanvarın 6-da baş verən şou isə ölkənin gücünü bir daha nümayiş etdirdi. Hadisələr göstərdi ki, ABŞ öz milli maraqlarını qorumaq üçün başqa dövlətin ərazisində oxşar hadisələrin törədilməsinə yardım edib bunun uğurla başa çatdırılmasına köməklik göstərə bilər. Ancaq nə daxildə, nə də xaricdə ABŞ-da belə bir layihəni reallaşdıra biləcək güc hələ də yoxdur. Odur ki, yaşasın demokratiya!Foto: Cozef Bayden