“Kiyev-Bakı münasibətlərindəki pozitivlik heç də hamının xoşuna gəlmir”.
APA-nın məlumatına görə, bunu Bakıda Ukrayna baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv bəyan edib.
O qeyd edib ki, buna görə də istər Ukraynanın xaricində, istər də daxilindəki bəzi qüvvələr Azərbaycana münasibətdə ardıcıl siyasət yürüdən prezident Pyotr Poroşenkonun imicinə ziyan vurmaq istəyirlər. S. Kubivin sözlərinə görə, Ukrayna Ali Radasının nümayəndə heyətinin bəzi üzvlərinin AŞPA-da Azərbaycana dair səsvermə zamanı tutduğu mövqe buna sübutdur.
Ukrayna baş nazirinin birinci müavini vurğulayıb ki, mövzu Azərbaycan mətbuatında geniş, bəzi hallarda isə yanlış tərzdə yayıldığı üçün məsələyə aydınlıq gətirilməlidir.
Qeyd edək ki, AŞPA-nın son sessiyasında ukraynalı deputatların bir hissəsi Azərbaycana qarşı qətnamələrin lehinə səs verib, bəziləri isə bitərəf qalıb.