ABŞ-ın Los-Anceles şəhərində yaşayan yəhudi din xadimi Ravvin İsrael Barukun qələmə aldığı, Xocalı soyqırımı zamanı azərbaycanlılara qarşı törədilən bəşəri cinayətləri əks etdirən kitab işıq üzü görüb.
“Report”un məlumatına görə, “Xocalı: İnsanlığa qarşı cinayət” (Khojaly: A Crime Against Humanity) adlı kitab Kaliforniya ştatında fəaliyyət göstərən “Berkley Press” nəşriyyatında çap edilib.
Geniş və təkzibolunmaz faktlara əsaslanan bu tədqiqat işində əvvəlcə Ermənistan-Azərbaycan münaqişəsinin yaxın tarixdəki kökləri barədə məlumat verilib, bu səpkidə ermənilərin öz separatist niyyətlərini həyata keçirmək üçün 1980-ci illərin sonundan etibarən aşkar şəkildə nümayiş etdirdikləri bədxah əməllərə diqqət çəkilib.
Müəllif vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı yeritdiyi əsassız torpaq iddiaları silahlı münaqişə mərhələsinə çatdıqdan sonra, ermənilər öz məkrli planlarını reallaşdırmaq üçün terroçuluqdan xüsusi vasitə kimi istifadə ediblər, mülki azərbaycanlılar üzərində qorxu yaradaraq onları öz dədə-baba yurdlarından didərgin salmaq planlarını icra ediblər. Müəllif qeyd edib ki, həmin illərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı müxtəlif tarix və məkanlarda çoxsaylı qəddarlıqlar törədilsə də, Xocalı soyqırımı öz amansızlığı və kütləviliyi baxımından belə əməllərin zirvə nöqtəsini təşkil edib. Xocalı soyqırımı zamanı ermənilər tərəfindən törədilmiş vəhşilikləri, ikinci dünya müharibəsi zamanı yəhudi xalqına qarşı nasistlər tərəfindən həyata keçirilən soyqırımı zamanı törədilən qəddarlıqları müqayisə edən İ.Baruk hər iki soyqırmı arasında bu baxımdan oxşarlıqların olduğunu qeyd edib.
Kitabın süjet xətti iki əsas istiqamət üzrə qurulub. Birinci istiqamət Xocalı soyqırımının canlı şahidlərini, belə ki, soyqırımı zamanı ermənilərə əsir düşmüş və əsirlikdən azad edildikdən sonra həyat mübarizəsi apara bilən azərbaycanlıların danışdığı tükürpədici cinayət faktlarını əks etdirir. Bu səpkidə silahsız və müdafiəsiz mülki azrbaycanlılara, o cümlədən qadınlara, uşaqlara və yaşlılara qarşı törədilmiş ağır işkəncələr və amansız qəddarlıqlar soyqrımı şahidlərinin öz dillərindən oxucuya çatdırılıb.
Əsərin ikinci istiqaməti isə Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması ilə bağlı mövcud vəziyyəti əks etdirir. Müəllif konkret mənbələrə istinad edərək, müxtəlif ölkələrin, o cümlədən ABŞ-ın 21 ştatının, həmçinin, çoxsaylı beynəlxalq təşkilat və KİV-lərin bu qətliamın insanlığa qarşı törədilmiş cinayət olduğunu təsdiq edən sənədləri barədə oxucularla məlumat verir. Bu səpkidə qeyd olunur ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya Ədalət” kampaniyası Xocalı soyqırımının dünyada tanınması sahəsində böyük işlər görüb.
Qeyd edək ki, kitab, işıq üzü gördükdən sonra müxtəlif kitab satış mağazalarında amerikalı oxucuların ixtiyarına verilib. Üstəlik, ictimai marağı nəzərə alaraq, nəşriyyat tərəfindən sözügedən əsərin tanınmış internet kitab mağazası olan “Amazon” vasitəsilə satışa çıxarılması, dünyanın müxtəlif ölkələrindən bu mövzuya maraq duyan kitabsevərlərə əlavə imkan yaratmışdır.