Bazar , 29 Dekabr 2024
Drone Cameras

Putin Ərdoğana qarşı plana razı olmadı – Duqindən sensasiya

Bunu “Habertürk” qəzetinə müsahibəsində Kremlin ideoloqu, politoloq Aleksandr Duqin söyləyib.

“İraqın işğalı və ABŞ-la yaşanan böhrandan sonra Ankara yeni təhlükənin Qərb olduğunu anladı. Qərb Türkiyəni öz daxilinə almaq istəmir. ABŞ kürdləri dəstəkləyərək türk dövlətinə təhdid yaradır. Ərdoğan həm müsəlmanlar, həm də Qərblə ittifaq qurdu. Nəticəsi nə oldu? Çevriliş cəhdi… ABŞ çevrilişi islamçı ideologiya və FETÖ-nu istifadə edərək təşkil etdi. Davudoğlunun Suriya siyasəti də buna başqa örnəkdir. Bu, yenə islamçı və qərbçi fikirlərin qarışığıydı.

Putin Türkiyəni öz tərəfinə çəkməyə çalışmır. Qərb Türkiyəni Rusiya tərəfə itələyir. Onlar Ərdoğanı çevrilişlə devirməyə çalışdılar. Səbəb Ərdoğanın Su-24 böhranı zamanı üzr istəməsi və Rusiya ilə əlaqələri normallaşdırması idi. Qərbin gözündə bu xəyanət idi. Çevrilişin əsas səbəbi həm Ərdoğanın Putinlə yaxınlaşması, həm də müstəqil siyasəti idi. Ərdoğan nə qədər müstəqil olmaq istəsə, o qədər Qərbin hədəfinə çevrilir. Türkiyə bütöv qalmaq istəyirsə, Qərb düşərgəsində olmamalıdır. Ona görə ki, bombaları Türkiyə parlamentinə Rusiya atmadı”, – deyə o bildirib.

Generallar Putinə dedi ki…

Duqin müsahibəsində həmçinin Türkiyənin Rusiya ilə Su-24 böhranından sonra necə barışmasına da aydınlıq gətirib:

“Vətən Partiyasının rəhbəri Doğu Perinçəkə yaxın olan hərbçilərdən ibarət nümayəndə heyəti Su-24 təyyarəsinin vurulmasından sonra Moskvaya gəldi. Onların arasında general İsmayıl Haqqı Pekin də vardı. Nümayəndə heyəti təyyarənin vurulması əmrinin Ərdoğan tərəfindən verilmədiyini, hökumət daxilində Qərb tərəfdarı bir qrupun xəyanət etdiyini söylədi. Türkiyə səfiri də Rusiya ilə əlaqə kanalını açmaq üçün məndən kömək istədi. Rusiya Türkiyənin söylədiyi bütün arqumentləri araşdırdı. Daha sonra martda Ərdoğana yaxın şəxslərlə Ankarada görüşdüm. Ərdoğanın Putinə məktubundan sonra Türkiyəyə getdim. Məqsədim Ankaranın diqqətli olması, atdığı önəmli addımın təyyarəni vuranların hərəkətə keçməsinə səbəb olacağı mesajını çatdırmağım idi. Daha sonra isə çevriliş cəhdi oldu. Putinə Ərdoğan məsələsində yardımlar etmişəm, ona görə ki, savaşın astanasına çatmışdıq. Lakin bizim prezident asan şəkildə fikrini dəyişən adam deyil. Putin rasional və realist biridir. Əgər bəzi məsələlərdə dəlil olsa, o bunu dərhal dəyərləndirir”.

Rus ideoloq ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Türkiyədə uğursuzluğa düçar olmasının əsas səbəbinin Ankaranı böyük güc kimi görməməsi olduğunu deyib:

“MKİ türk ordusuna o qədər də diqqət etmədi. Ərgənəkon və Balyoz davalarından sonra onlar orduda Ərdoğanı dəstəkləyəcək adamların qalmadığını düşünürdülər. Lakin ordudakı kamalist qrup Ərdoğanı dəstəklədi. MKİ həmçinin 15 iyul gecesi Rusiya və Türkiyə arasındakı əlaqə kanallarını da kəsməyə çalışdı. Putini Türkiyəyə qarşı sərt mövqe tutmağa inandırmağa çalışdılar. Ərdoğandan başqa digər liderlərin yaxşı olacağını, vətəndaş müharibəsi başlayacağını və Rusiyanın bu savaşı öz xeyrinə istifadə edə biləcəyini dedilər. MKİ Putinin ətrafındakı təsirli şəxsləri təşkilatlandıra bildi. Lakin Putin buna razı olmadı. Çünki bu, Türkiyənin sonu demək idi. Əvvəl də demişdim. Çevrilişdən sonra kürdlər üsyan başlatmaq üçün hazırlıq görmüşdülər. MKİ yenidən çevriliş üçün bu yollardan istifadə edə bilməz. Başqa yollardan istifadə edəcəklər, ona görə ki, hələ Türkiyə daxilində güclü mövqeləri var”.

Zərrab davası – B planı

Ekspertin fikrincə, ABŞ Türkiyəyə qarşı yenidən FETÖ-dan istifadə etməyəcək:

“Bir çox faktoru bir araya gətirəcək strategiya tətbiq edəcəklərini düşünürəm. Məsələn, etnik qarşıdurma, iqtisadi-sosial təhdidlər, siyasi və hərbi elita daxilində Ərdoğana qarşı etibarsızlıq yaratmaq ən vacib addımlar ola bilər. Amerikalılar bütün zəif nöqtələrdən istifadə etməyə çalışacaqlar. Rza Zərrab davası da buraya daxildir. Onlar bütün iqtisadi əlaqələrdən yararlanacaqlar. Daima hücumlarla üz-üzə qalacaqsınız. İrana və Rusiyaya tətbiq edilən sanksiyalardan Türkiyəyə də tətbiq edilə bilər. İqtisadiyyatınızı xilas etmək üçün B planınızı hazırlamalısınız”.

ABŞ-da Klintonu dəstəklədik

Duqin həmçinin Rusiyanın ABŞ-dakı prezident seçkisinə müdaxilə etdiyini də bildirib:

“Bəli, Rusiya ABŞ-dakı seçkiyə müdaxilə etdi. Bu müdaxilə Tramp lehinə olmadı. Rus oliqarxlar Klintonu dəstəklədilər. Amerikalılar istintaqı dərinləşdirdikcə Rusiyanın Klintonun kampaniyasına dəstək verdiyini ortaya çıxaracaqlar. Onlar öz qazdıqları quyuya özləri düşdülər. Məncə, Trampa qarşı impiçmentdən istifadə edilməyəcək. Çünki bu, vətəndaş müharibəsi deməkdir. ABŞ qarşıdakı 3 il ərzində iflic vəziyyətindədir. Bu, böyük şansdır, ondan yaxşı istifadə etmək lazımdır”.

Karlov sui-qəsdi

Duqin Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı sui-qəsdin Su-24 böhranının davamı olduğunu söyləyib:

“Karlov sui-qəsdi zamanı Rusiyanın reaksiyası fərqli oldu. Təsəvvür edin ki, səfir öldürülür və Rusiya heç bir şey etmir. Çünki hər şey aydın idi. Əsl hədəf səfir yox, Ərdoğan idi. MKİ-nin bunu istifadə edib-etmədiyini bilmirəm. Sui-qəsd FETÖ-nun metodu idi. Ərdoğana güvənirik və artıq Rusiyaya qarşı onu provokasiyaya cəlb etmək asan deyil.

Ərgənəkon və Balyoz davaları FETÖ-nun əli ilə kamalist zabitlərin ordudan uzaqlaşdırılması üçün təşkil edildi. Bu davalarda mənim də adım keçirdi. Türkiyədə görüşdüyüm bütün avrasiyaçı fraksiyaları hədəf alırdılar. Rusiya ilə əlaqələri kəsmək məqsəd idi. Eyni şey İran və Çinə də aid idi. Ərgənəkondan öncə təkcə Perinçəklə yox, həm də Süleyman Dəmirəl və Rauf Denktaşla da görüşdüm”.

“Ərdoğan kimi öldürüləcəkdim”

Ekspert müsahibəsində 15 iyul çevrilişi informasiyasını haradan aldığı məsələsinə də aydınlıq gətirib:

“Bəzi şeyləri demək doğru olmaz. Təbii ki, rus kəşfiyyatı türk ordusunda hərəkətlilik olması haqqında mənə informasiya verdi. Aldığım məlumatı doğru analiz etdim.

Çevriliş günü çox gec saatda Türkiyədən uçdum. Esenboğa hava limanında idim. Rusiya ilə daima əlaqədəydim. Türkiyədə gözləmək çox çətin idi, çünki kimin qalib gələcəyi bəlli deyildi. Üstəlik, özümün izlənildiyimi də bilirdim. Çevriliş baş tutsaydı, Ərdoğanla Perinçəkin başına gələnlər mənim də başıma gələcəkdi”.

Kürd planı: İlk dövlət Suriyada qurulacaq

Rusiyalı ideoloqun fikrincə, kürd məsələsi Yaxın Şərq üçün böyük təhdiddir:

“İran, Türkiyə, Rusiya, Suriya və İraq bir araya gəlib, kürdləri razı salacaq bir təklif irəli sürsə, öz təhlükəsizliklərini zəmanət altına ala bilərlər. Kürd kimliyini torpaq altına basdırmaq olmaz. Ona görə ki, biz belə etdikcə, onlar daha çox ABŞ və İsrailin əlinə düşürlər. Kürdlərin ABŞ imperializminin oyuncağı olmasını əngəlləmək lazımdır. Bunun üçün Suriya bütöv qalmalıdır. Bütün azlıqların haqları zəmanət altına alınmalıdır. Hazırda Səudiyyə Ərəbistanı və Qətər çökmək ərəfəsindədir. Hamımız birgə ABŞ-ın Yaxın Şərqdən getməli olduğunu deməliyik. Bu, Suriya və kürd məsələsinin həllinin tək yoludur. Rusiyanın kürdlərlə hər cür əlaqəsi Türkiyənin maraqlarına uyğundur.

ABŞ rəhbərliyi hazırda xaos içindədir. Bir yanda Tramp, bir yanda ABŞ dərin dövləti, digər tərəfdə isə kürdlərə dəstək verən qlobalistlər var. Amerikalılar tam olaraq müstəqil Kürdüstana icazə verdilər, amma bu dövlət İraqda yaradılmamalı idi. Kürdüstan layihəsi Suriyadan başladılmalı idi. Bərzani bunu anladı və ona görə də etiraz etdi. Bərzaninin məqsədi həmin dəqiqə müstəqil olmaq deyildi. O, Bağdadla sövdələşməyə güclü şəkildə getmək istəyirdi. Torpaqlarının yarısını itirib, savaşmaqdan qorxdular. Amerika rəhbərliyindəki xaosun qurbanı oldular. Rusiya bu proses çərçivəsində sərt açıqlamanı kürd məsələsində çox diqqətli olduğu üçün vermədi. Onlar üzərində təsirimizi artırmağa çalışırıq. Burada neft maraqlarımız da var, amma İraqın parçalanmasını istəmirik”.(axar.az)

 

boyukmillet.com

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir