“Vaxtilə azərbaycanlı əsirlərin daxili orqanlarının alveri ilə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatları Azərbaycana təzyiq göstərməyə, Azərbaycan-Avropa İttifaqı münasibətlərinə xələl gətirməyə çalışır”.
Bunu Milli Məclisin noyabrın 17-də keçirilən iclasında deputat Azay Quliyev deyib.
O bildirib ki, hər dəfə Azərbaycanla Avropa İttifaqı arasında mühüm məsələlər müzakirə olunan zaman bu cür şəbəkə fəallıq göstərir.
“Həmin qeyri-hökumət təşkilatlarının siyahısına baxsaq, görərik ki, bu təşkilatlar qərəzlidir və onlar bəlli qüvvələr tərəfindən yönləndirilirlər. Onlar kimlərdir? Bunlar Avropa İttifaqı ilə Azərbaycan arasında strateji əməkdaşlıq haqqında sazişin imzalanmasını istəməyənlərdir. Bu təşkilatlar arasında PİN adlı biri var. Hansı ki, bu təşkilat Dağlıq Qarabağ müharibəsinin qızğın vaxtında azərbaycanlı əsirlərin daxili orqanlarının ticarəti ilə məşğul idi. İndi bu təşkilat Azərbaycana təzyiq edilməsini tələb edir. Bu təşkilatların sırasında Sorosun da dəstəklədikləri var. O Soros ki, biz onu 7-8 il öncə qeyri-konstruktiv fəaliyyətinə görə Azərbaycandan çıxarmışıq. İki ay öncə Avstriya eyni addımı atdı. Həmin addımı bir neçə il öncə Macarıstan da atıb. Ancaq onlara heç bir təzyiq edilmədi. Amma Azərbaycan bu addımı atanda, Azərbaycan-Avropa İttifaqına münasibətlərinə xələl gətirmək istəyən həmin qüvvələr bizə irad bildirirdilər. Belə bir həssas məqamda Azərbaycan qarşı aparılan bu kampaniya davam etdirilir. Ancaq, bütün bunlara baxmayaraq, Azərbaycan- Avropa İttifaqı arasında münasibətlər inkişaf edəcək və biz qarşımızda duran hədəflərə çatacağıq”. (turkustan.info)