Bazar ertəsi , 23 Dekabr 2024
Drone Cameras

Azərbaycanlı astroloqun 2017-ci ildəki iddiaları: doğrular və yalanlar…

Şərq təqvimi üzrə Xoruz işarəsi altında daxil olan 2017-ci il yekunlaşmaq üzrədir.

Tanınmış astroloq, “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimli “Xoruz ili” üçün öncədən verdiyi proqnozlar və nəticələr barədə Modern.az-a danışıb.

S.Rəhimli verdiyi 25 proqnozdan 22-sinin tam, 2-sinin qismən özünü doğrultduğunu, 1 proqnozun isə reallaşmadığını qeyd edib. 

Astoroloq 2017-ci ildə dünya üçün nələr vəd etmişdi? 

1. Bu il (2017) kiçiklər böyüklərin içində əriyəcək – hər mənada. Prosesləri uzatmaq istəməyən güclər nəyin bahasına olursa-olsun, bütün yarımçıq işləri tamamlamağa çalışacaqlar. Bu da öz-özlüyündə ağır fəsadlara yol açacaq. Baş verənləri qitələrarası gərginlik də hesab etmək olar.

– Doğru çıxdı. Kiçik dövlət kimi yaranmağa cəhd edən Kataloniya və Kürd Muxtariyyəti baş qaldırmamış necə deyərlər, əridi. Bundan başqa, 2017-ci il ərzində rəqib dünya gücləri arasında son 5 ilin ən diplomatik görüşmələri, siyasi qarşıdurmaları oldu. İŞİD-in tamamən zərərsizləşdirilməsi, hərbi münaiqşələrin qismən sakitliklə əvəzlənməsi deyilənləri sübut edir. Rusiya ilə ABŞ-ın qarşıdurması, Yaxın Şərqdə baş verənlər, Donald Trampın Qüds açıqlaması qitələrarası gərginliyə rəvac verdi. Bu istiqamətdə Şimali Koreyanın yolagəlməzliyi xüsusi vurğulanmalıdır. Çünki məsələ o qədər gərginləşdi ki, ABŞ və Cənubi Koreya Kim Çen Inın öldürülməsi üçün briqada belə yaratdı. Apreldə Türkiyə Şimali Koreyanın ölkədəki bütün aktivlərini dondurdu, Rusiya və Çin Şimali Koreya ilə sərhədə yüz minlərlə ordu yeritdi, Hindistan Şimali Koreya ilə ticarət əlaqələrini kəsdi, sentyabrda Çin bu ölkənin qazını kəsdi və gərginlik hələ də yüksələn xətt üzrə davam edir.

2. Dünyada mövcud olan iqtisadi böhran ən yaxşı halda avqustun ortalarına qədər davam edəcək.

– Doğru çıxdı. Dünya bazarlarında neftin bahalaşmağa başlaması neft istehsal edən ölkələrin iqtisadiyyatının özünə gəlməsinə səbəb oldu. İyunun sonlarından başlayaraq dünya bazarlarında neft artmağa başladı. Həmin dövrdə barreli 44 dollara satılan nefti hazırda 62-63 dollar arasında təklif edilir. Neftin bahalaşması neft ölkələrinin milli valyutalarının dollara münasibətdə bahalaşmasını təmin etdi. Dünyanın aparıcı iqtisadiyyatları olan ABŞ və Avropa iqtisadiyyatları iqtisadi artımı təmin etməyə başladılar, işsizliyi azaltmağa nail oldular. İyul ayından başlayaraq tələbatın artması səbəbindən dünya bazarlarında qızılın sürətlə bahalaşması (iyul-sentyabr ayları ərzindən unsiyası 1200 dollardan 1350 dollara qədər bahalaşdı, sonra 1250 dollar səviyyəsindən sabitləşdi) müşahidə edildi.

3. İŞİD terror təşkilatı darmadağın olsa da, müxtəlif ölkələrdə səyyar terrorları daha sərt şəkildə artıracaq.

– Doğru çıxdı. İlin ilk yarısında İŞİD-in nəzarətində olan Mosul, ikinci yarısında isə Kərkük azad olundu. Demək olar ki, bu terror təşkilatı tam məğlubiyyətə uğradı. Rusiya aviasiyasının öldürücü zərbələri, İranın silahlı hücumu, Suriya Azadlıq Ordusunun ölkə daxilində mövcud olan bütün İŞİD silahlılarını darmadağın etməsi deyilənləri isbatlayır. Artıq mart ayında İraqda 1,5 milyon qaçqın evlərinə qayıtdı, hazırda da Suriya və İraqa qaçqın köçləri davam edir. Bunlarla yanaşı, aprelin əvvəlində Sankt-Peterburq metrosunda 12 nəfərin ölümü ilə nəticələnən terrorun, İsveçin paytaxtı Stokholmda və ABŞ-da törədilən terror aktlarının məsuliyyətini də məhz İŞİD öz üzərinə götürdü.

4. Rusiya prezidenti Vladimir Putinin könüllü istefaya getməsi və ya hakimiyyətdən salınması baş verməyəcək.

– Doğru çıxdı. İl ərzində hətta ən ciddi siyasi simaların qənaətləri Putinin ilin sonuna qədər davam gətirməyəcəyi haqqında dedikləri proqnozların əksinə olaraq, o, öz postunda qaldı.

5. Suriya prezidenti Bəşər Əsəd 2017-ci ildə də ölkəyə rəhbərlik edəcək.

– Doğru çıxdı. İlin ilk yarısında Bəşər Əsəd hökuməti az qala ipdən asılı vəziyyətə düşsə də, Rusiya və İranın açıq, Türkiyənin isə gizli dəstəyi ilə hakimiyyətini qorumağı, hətta güclənməyi bacardı.

6. Türkiyə ilə Suriyanın münasibətlərində müsbət dönüş yaranacaq.

– Doğru çıxdı. Türkiyə ilə 2016-cı ildə yaranmış dərin gərginlik yaz aylarından etibarən yumşalmağa başladı. Hətta Bəşər Əsəd hökuməti Türkiyənin Rusiya ilə birlikdə Suriyada hərbi əməliyyatlar keçirməsinə razılıq da verdi.

7. Türkiyədə terror olayları fevraldan başlayaraq sürətlə zərərsizləşdirilməyə doğru gedəcək.

– Doğru çıxdı. Son 5 ildə baş verən terrorlara baxanda, 2017-ci ildə kütləvi itki ilə nəticələnən hər hansı olay yaşanmadı. Fevraldan sonra isə tamamilə sakitlik hökm sürdü və təxminən 5 böyük terrorun qarşısı alındı.

8. ABŞ prezidenti Donald Trampın hakimiyyətdən uzaqlaşdırılması və ya ona qarşı hər hansı sui-qəsd kimi hallar olmayacaq.

– Doğru çıxdı. Nəinki dünya dövlətlərində, hətta ABŞ-ın özündə, Ağ Evdə, üstəlik Trampın öz komandasında olan nüfuzlu şəxslər də 2017-ci ildə ona qarşı impiçment olunacağını, hakimiyyətdən gedəcəyini və ya sui-qəsd olunacağını proqnozlaşdırmışdılar.

9. Dünyanın 30-a yaxın ölkəsində üsyanlar, siyasi-ictimai xadimlərə qarşı ölümlə nəticələnən sui-qəsdlər, dövlət çevrilişləri, hakimiyyət dəyişiklikləri baş verəcək.

– Doğru çıxdı. Bu bölümdə yalnız bir hal baş vermədi: ölümlə nəticələnən sui-qəsd. Düzdür, aprelin əvvəli Tailand baş nazirinə qarşı sui-qəsd edildi, lakin qarşısı alındı. İl ərzində hakimiyyətlərə qarşı sərt və yumşaq hücumlar da az olmadı. Məsələn, Paraqvayda etirazçılar parlamentin binasına od vurmağa qədər fəallaşdılar, Venesuelada hökumət-xalq qarşıdurmasında 93 nəfər, Mərkəzi Afrika Respublikasında baş vermiş toqquşmalarda isə 50 nəfər öldürüldü. Zimbabve prezidenti, “son diktator” Muqabe istefaya göndərildi. Bu il həmçinin Qambiyada, Ekvadorda, Fransada, İranda, Monqolustanda, Dağıstanda, Nepal, Honduras və Monqolustanda yeni prezidentlər seçildi. Yaponiyada hökumətin istefaya getməsi nəticəsində Yaponiya İmperatoru taxtdan imtina etdi, kütləvi etirazlar nəticəsində Səudiyyədə Kral Salman ölkə işlərini oğluna təhvil verdi, saysız həbslər başlandı. Bundan başqa Moldovada hökumətin yarıbayarı ixtisar olunması, Talibanın hücumundan sonra Əfqanıstanın müdafiə naziri və baş qərargah rəisinin istefa verməsi deyilənləri doğruldur.

10. 2017-ci ildə təyyarə qəzaları və dəhşətli təbii fəlakətlər (xüsusən də zəlzələlər) rekord həddə çatacaq.

– Doğru çıxdı. İl ərzində daşqınlar nəticəsində Tailandda 87 nəfər, Zimbabvedə 246 nəfər, Syerra-Leonedə 461 nəfər, Hindistanda 129 nəfər, Peruda 78 nəfər, Yaponiyada 38 nəfər, Kolumbiyada 612 nəfər, Haitidə 101 nəfər həlak oldu. Qasırğa və güclü yağışlar nəticəsində Tailandda 23 nəfər, Fransada 28 nəfər, Uqandada 17 nəfər, Puerto-Rikoda 36 nəfər, Vyetnamda 44 nəfər, Texasda 70 nəfər öldü. Bu il torpaq sürüşmələri, qar uçqunları və meşə yanğınları da çox can aldı: Efiopiyada 46 nəfər, Avstriyada 64 nəfər, İndoneziyada 40 nəfər, Hindistanda 167 nəfər, Portuqaliyada 63 nəfər, Kaliforniyada 21 nəfər. 2017-ci ildə təyyarə qəzaları da çox oldu. Düzdür, onların əksəriyyəti itkisiz nəticələndi, lakin əks göstəricilər də oldu: Portuqaliyada 4 nəfər, Türkiyədə (helikopter) 12 nəfər, Lissabonda 5 nəfər, ABŞ-da (hərbi təyyarə) 16 nəfər, Kolumbiyada isə 8 nəfər. İl ərzində dağıdıcı zəlzələlər də az olmadı. Onların ən dəhşətlisi Güney Azərbaycanda (570 itki) və Meksikada (361 itki) oldu.

11. Rusiya ilə yanaşı, Kanada, İtaliya, Danimarka, Hindistan, Balkanlar, Meksika və Baltikyanı ölkələrdə böyük hadisələr baş verəcək.

– Doğru çıxdı. Rusiyada baş verənlər göz önündədir – ilboyu bu ölkədə olanlar dünya mediasının manşetlərində yer tutdu. Hindistanın Çinlə ərazi mübahisəsi az qala nüvə müharibəsi həddinə çatmışdı, son anda ara sakitləşdi. Hindistanda istilik elektrik stansiyasında çoxsaylı ölümlə nəticələnən partlayışın törədilməsi, avqustda ölkədə qarşıdurmanın yaradılması, 30-dan çox insanın həlak olması, İtaliya Futbol Federasiyasının prezidentinin istefa verməsi, Trampın Meksika ilə sərhəddə divar çəkmək niyyətini təsdiqləməsi ilə iki ölkə arasında gərginliyin yaradılması, nəticədə Meksika prezidentinin ABŞ səfərindən imtina etməsi, fevralda Danimarkanın “erməni soyqırımı”nı tanıması ilə kəskin siyasi hücumlara məruz qalması, İtaliyada qar uçqunu altında qalmış hoteldə ölənlərin ciddi sayda artması, ABŞ-ın Latviyaya 220 hərbçi göndərərək hərbi təlimlər keçirməsi, Litvanın ABŞ hərbçilərinin ölkədə daimi qalmasını dəstəkləməsi deyilənlərin sübutu oldu.

12. Yer altından çoxlu sayda və bəşəriyyətin az bildiyi qədim şəhərlər üzə çıxacaq.

– Doğru çıxdı. İl ərzində İranın Kerman şəhərinin yaxınlığında baş verən qum fırtınası nəticəsində qədim dövrə aid bir şəhərin böyük hissəsi aşkarlandı; Naxçıvan MR-nın Şərur rayonunun Oğlanqala yaşayış ərazisində aparılan arxeoloji qazıntı zamanı e.ə. IV-II minilliyə aid, uzunluğu 35, eni 30 metr olan sütunlu saray aşkar edildi; Monqolustanda qədim türk heykəlləri tapıldı; Misirdə Nil çayının qərb sahilindəki Luksor şəhəri yaxınlığında eramızdan əvvəl 1500-1000-ci illərə, Yeni Krallıq dövrünə təsadüf edən türbə, 1000-dən çox heykəl və 10 sarkofaq tapıldı; Güney Azərbaycanın Həmədan bölgəsində 2000 illik bir-birilərilə tunellərlə bağlanan 25 mahaldan ibarət qədim şəhər tapıldı (şəhərin qədim Əhəməni imperiyasının süqutu ilə Parfiyanın yüksəliş dövrü arasında salınmış olduğu ehtimal edilir); Misirin Luksor şəhərindəki Dra Abu əl-Naqa ərazisində ispaniyalı arxeoloqlar tərəfindən aparılan qazıntılar zamanı 4 min il əvvələ aid olduğu ehtimal edilən məzarlıq tapıldı; Qusar rayonu ərazisində Zindan Muruq kəndi yaxınlığında eramızdan əvvəl II-I minilliklərə aid olunduğu bildirilən qəbiristanlıq aşkarlandı; Yardımlının Sarıbulaq və Çiçəkli yaylaqlarında e.ə. II minilliyin sonu – I minilliyin əvvəlində (son tunc-ilk dəmir dövrü) yarımköçəri həyat tərzi sürən insanların qədim yaşayış yerləri aşkarlandı; Türkiyədə, Kütahyanın Domaniç kəndinin ərazisində tikinti zamanı aparılan qazıntı işləri çərçivəsində qədim Roma dövrünə aid məzarlar üzə çıxdı; Türkiyənin Van gölündə 3000 illik tarixə malik qala tapıldı; Misirin paytaxtı Qahirə yaxınlığında yaşayış evinin tikintisi zamanı qədim Misir ehramının qalıqları aşkar edildi, mütəxəssislər hesab edir ki, burada tək bir ehram yox, qədim şəhərin qalıqları ola bilər.

S.Rəhimli Azərbaycanla bağlı verdiyi proqnozların nəticələri barədə də təfərrüatlı danışıb. Astroloq 2017-ci ildə ölkədə seçki keçirilməyəcəyini proqnozlaşdırmışdı:

13. 2017-ci ildə Azərbaycanda hər hansı seçki keçirilməyəcək.

– Doğru çıxdı. Belə ki, ötən ilin sonlarında Prezidentin Milli Məclisi buraxacağı və yeni seçkilər keçirəcəyi ilə bağlı çox ciddi mənbələr məlumat yaymışdılar. Bundan başqa, bəzi siyasi şərhçilər vitse-prezidentin birinci şəxs olması üçün növbədənkənar prezident seçkiləri keçiriləcəyini də söyləmişdilər.

14. Qarabağda hər hansı döyüş əməliyyatları keçirilməyəcək, savaş ərazi müstəvisindən diplomatik və siyasi müstəviyə keçəcək.

– Doğru çıxdı. İnsanlarımız 2016-cı ilin aprel döyüşlərindən daha kəskin hərbi əməliyyatlara köklənsə də, bu, alınmadı. Əvəzində ilin ikinci yarısından diplomatik və siyasi müstəvidə danışıqların aparılması intensivləşdi. Təkcə Ərdoğan-Putin, Ərdoğan-Putin-Xameneyi görüşləri, Avropa İttifaqının qətnaməsi bu istiqamətdə deyilənləri təsdiqləyir.

15. Müəyyən sahələrdə vəziyyəti heç də ürəkaçan olmayacaq, xüsusən də ilin ilk üç ayında. Maliyyənin azalması, ixtisarlar və digər hallar onların bəzisinin sıradan çıxmasına səbəb olacaq.

– Doğru çıxdı. Hakimiyyətdaxili qarşıdurmalar bir çox hallarda açıq müstəviyə keçdi. Bu da aqressiv halların sayını artırdı. AXCP sədrinin müavini Gözəl Bayramlının həbsi, tanınmış müstəqil jurnalist, Qarabağ qazisi Əfqan Muxtarlının Gürcüstanda saxlanılaraq, Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi, ilahiyyatçı Taleh Bağırzadəyə 20 il, AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya 10 il, siyasi fəal Elgiz Qəhrəmanlıya 5 il 6 ay həbs verilməsi, Leyla Şıxlinskaya barəsində cinayət işinin başlanması deyilənlərin nəticəsi oldu (17-ci proqnozun cavabında da bu barədə geniş məlumat var).

16. Fevral ayından etibarən islahatlara gedəilcək, hətta müstəqil qurumlarla, müxalifətlə müəyyən məsələlərdə bir araya da gəlinəcək.

– Doğru çıxmadı. Düzdür, seçki ili olmamasına baxmayaraq payızda Milli Şuranın 3 dəfə mitinq keçirməsinə icazə verildi, lakin bu, müxalifətin fəallaşmasına və proseslərdə əsaslı inkişafına təkan vermədi.

17. Bu il xırda və orta səviyyəli məmurların istefalarını, “ixtisarlarını” çox görəcəyik. Hətta təxminən 5 populyar məmur da vəzifəsini itirəcək.

– Doğru çıxdı. İlin əvvəlində nəqliyyat naziri, ölkənin ən böyük oliqarxlarından olan Ziya Məmmədovun istefaya göndərilməsi ilə proses start götürdü. İlin sonunda isə vergilər naziri Fazil Məmmədov işdən çıxarıldı. Bu ikisinin arasında energetika naziri Natiq Əliyevin vəfatı daha bir əhəmiyyətli vəzifəni boş qoydu. Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, ATV, Space, Lider, CBC televiziyalarının rəhbərləri, həmçinin “ARB Kəpəz” telekanalının baş direktoru, 4 rayonun Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru, “Yuğ” Teatrının direktoru və baş rejissoru, Azərbaycan Dillər Universitetinin 5 dekanı, Qubanın İH başçısı Yaşar Məmmədov və onlarla digər vəzifəli şəxs istefaya göndərildi. Bundan başqa, apreldən başlayaraq Bakı Metropolitenində çalışan qadınların, orta məktəb muəllimlərinin kutləvi ixtisarına başlanıldı. General Novruzəli Orucov işdən çıxarılması, Təfəkkür və Qafqaz universitetlərinin fəaliyyətlərinin dayandırılması, “Avtodəmiryol tikinti” və “Azərçörək” İB-nin ləğv edilməsi, “İçərişəhər”in Nazirlər Kabinetinin tabeliyindən çıxarılması, dövlət işində çalışan məcburi köçkünlərə aylıq yardımın ləğv olunması, Ümumrusiya Azərbaycan Konqresinin rəsmən dayandırılması məhz deyilənlərə əsas oldu.

18. Xəzərdəki platformalarda ölümlə nəticələnən qəzalar olmayacaq.

– Doğru çıxdı. Əvvəlki illərdəki kimi yanğın və çoxsaylı tələfat olmadı. İl ərzində yalnız noyabrın 2-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kompleks Qazma İşləri Trestinin 490 saylı quyusunda istehsalat qəzası baş versə də, yalnız 2 nəfər qazma köməkçisi yüngül xəsarət aldı.

19. Ölkəmizdə ilin ikinci yarısından qismən iqtisadi sabitlik yaranacaq.

– Doğru çıxdı. Fevral ayından başlayaraq özünə gələn manat dollara nisbətən itirdiyi mövqeyini bir qədər bərpa etməyə başladı. Fevralda rəsmi olaraq hər dollara 1 manat 92 qəpik verilirdisə (qara bazarda daha baha idi), sonradan manat bahalaşaraq apreldə 1 dollar = 1,72 manat səviyyəsinə qədər bahalaşdı. Apreldən başlayaraq manatın məzənnəsi sabitləşdi. Artıq ilin ikinci yarısından manat tam sabitləşdi və dollar qıtlığı mövcud deyil. Eyni zamanda tədiyyə balansının vəziyyətinin yaxşılaşması, ixracın artması da müşahidə edilir. Qiymət artımı da əvvəlki səviyyədə deyil. Rəsmi statistikaya inansaq, iyul-avqust aylarında illik inflyasiya 14%-ə yüksəldiyi halda sonrakı aylara nisbətən aşağı düşdü. 2015 və 2016-cı illərdə büdcəni “sıxan” hökumət 2018-ci ilin büdcəsini xeyli dərəcədə artırdı. Bütün bunlar dünya bazarlarında neftin bahalaşması ilə bağlı oldu.

20. Azərbaycanın mart, may, iyun aylarında və sentyabrdan sonra hər cür təxribata qarşı tədbirli olması lazım gələcək.

– Doğru çıxdı. Əslində burada proqnozdan daha çox xəbərdarlıq xarakterli ifadələr var. Statistik məlumat əldə etməklə göstərilən vaxtlarda hansı təhlükələrin dəf edildiyini daha dəqiq öyrənmək mümkündür. Təbii ki, rəsmilər bu barədə informasiya vermək istəsələr. Amma özümüz də müəyyən məlumatlar öyrənməyə müvəffəq olmuşuq. Bu il ölkəmizin müxtəlif yerlərində anti-terror əməliyyatları aparıldı, həbslər oldu. Bakıda Milli Şuranın mitinqində terror planlaşdıran şəxslər məhv edilməsi, “Qoca” ləqəbli avtoritetin həbsdən qaçması, silahlı qarşıdurmaların baş verməsi deyilənləri sübut edir.

21. Ötən ilin sonlarında açıqlamaları ilə mediaya çıxan Etibar Məmmədov siyasi arenada olmayacaq.

– Doğru çıxdı. Güman edilirdi ki, o açıqlamalardan sonra 2017-ci ildə E.Məmmədov gündəmdə qalacaq. Lakin necə deyərlər, “səsi də çıxmadı”.

22. Martın ilk yarısına qədər REAL sədri İlqar Məmmədovun azadlığa çıxma şansı böyükdür, proses uzansa, sonrakı aylarda bu, baş tutmayacaq.

– Doğru çıxdı. Məhz deyilən ərəfədə gündəmdə olsa da, həbsdən buraxılmadı.

23. Keçmiş səhiyyə naziri Əli İnsanovun azadlığa çıxması üçün yalnız oktyabr-noyabr arası şans yaranacaq.

– Doğru çıxmış saymaq olar. Belə ki, ilin başlanğıcında Əli İnsanovun həbs müddətinin uzadılması çoxlarının etirazına, bunu sifarişli və qərəzli qərar adlandırmasına səbəb oldu. Doğrudan da il ərzində yalnız həmin dövrdə Avropa Şurası Əli İnsanovun təcili buraxılması barədə qərar çıxarsa da, onu azad etmədilər.

24. İl ərzində hər hansı öldürücü virus və epidemiyalar olmayacaq.

– Doğru çıxdı. Dünyanın bir çox ölkələrində ağır virus və xəstəliklər minlərlə can alsa da, ölkəmizdə hər hansı fakt aşkar olunmadı.

25. İncəsənətimizin populyar xətlərində qəmli yarımçıqlıq baş verəcək.

– Doğru çıxdı. Xalq artisti Fuad Poladovun xərçəng xəstəliyinə tutulması, səsinin batması, bir daha səhnəyə çıxmayacağı ilə bağlı xəbərlər hamını üzdü. (Interpress)

Boyukmillet.com

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir