Bu il yanvarın 1-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) törəmə müəssisələrinin borcları 515,327 milyon manat təşkil edib.
Boyukmillet.com bu barədə Dövlət Neft Fondunun maliyyə hesabatına istinadən xəbər verir.
Bu, 2020-ci ilin yanvarın 1-I ilə müqayisədə 44,5 % azdır.
Qeyd edək ki, Dövlət Neft Fondunun 10 əmlakın idarə edilməsi, 4-ü isə investisiyaların idarə edilməsi üzrə ümumilikdə 14 törəmə müəssisəsi var. Bunlar “SOFAZ RE Limited”, “SOFAZ RE UK L.P”, “SOFAZ RE Min Limited”, “78, St James`s Street Unit Trust”, “JSC Tverskaya 16”, “SOFAZ RE Europe Holding S.a.r.l”, “SOFAZ RE Europe S.a.r.l.”, “SCI 8 Place Vendome”, “MAPS 21”, “Godo Kaisha GK001”, “SOFAZ RE Fund S.a.r.l”, “SOFAZ PE Fund S.a.r.l”, “SOFAZ Europe S.C.S.” və “SOFAZ Fund Limited”dir.
Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi məqsədli dövlət qurumudur.
ARDNF Azərbaycan Respublikası Prezidenti, Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə təsis edilmişdir. ARDNF-nin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilib. ARDNF əməli fəaliyyətə 2001-ci ilin iyun ayında Fondun vəsaitlərinin yerləşdirilməsi qaydalarının Prezident Fərmanı ilə təsdiq edilməsindən sonra başlamışdır. ARDNF-nin yaradılması Heydər Əliyev tərəfindən əsası qoyulmuş Milli Neft Strategiyasının ayrılmaz hissəsidir.
ARDNF-nin missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir.