Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Xəbərin qoxusu olmur deməyin, jurnalistikanın burnu tutulub deyin

Azərbaycan jurnalistikasında geriləmənin müşahidə olunduğu danılmaz fakta çevrilib. Təkcə mətbuat konfranslarındakı məsul şəxsə verilən sualların səviyyəsini analiz etsək, mənzərənin acınacaqlı olduğunu görərik. 

90-ci illərin jurnalist təmsilçiləri hesab olunuruq. Bizim dörümüzdə mətbuat konfransları hadisəyə çevrilərdi. Elə bir qaranlıq məqam qalmazdı ki, suallarımızla ona işıq salmayaq. Əlbəttə nəticədə cəmiyyət udurdu. İnkişafın təməl prinsiplərinin əsaslarından biri həqiqətin aşkara çıxmasıdır. Mətbuat konfransları bu həqqiətin tapılmasında ən sərfəli vasitədir. 

Təəssüf bu gün həmkarlarmız bu vasitəyə müraciət etmirlər. Son mətbuat konfranslarının birində eşitdiklərimiz və gördüklərimiz qənaətimizi bir daha möhkəmləndirdi. 

Təhsil naziri Emin Əmrullayev sentyabrın 7-də brifinq keçirdi. Nazir brifinqdə konseptual məsələlərə toxunsa da, jurnalistlər daha çox kütləyə hesablanan suallarla kifayətlənməli oldular. Hətta sualların qoyuluşunda belə anlaşılmazlıqlar olurdu, ha dinləyirdin müxbirin nə demək istədiyini bilmirdin. 

Əslində bu problemi bir mətbuat konfransı üzərində çözmək düz olmazdı. Vəziyyət ümumilikdə xoşa gələn deyil. Yenə o illərə qayıdaq. Nə internet vardı, nə mobil telefon. Müsahibə götürəcəyimiz adam, məsələn, yazıçıdırsa Axundov kitabxanasına gedər, onun əsərlərini tapar və oxuyardıq. Zəngin informasiya almağın yeganə yolu kitabxanalar idi ki, biz oranı su yoluna döndərmişdik. Əgər siyasətçidən açıqlama alırdıqsa, onun bir ay öncəki açıqlamalarına bir daha nəzər yetirirdik. Elə gün olurdu bir müxbir 20 informasiya yazırdı, bu gün saytlarda gün ərzində 3 özəl informasiya tapmaq müşkülə çevrilib.. 

Əsas sualdır, cavab suala bağlıdır. Öndə gələn sualdır, onu quranda elə sözlərdən yerli-yerində istifadə etmək olar ki, müsahib ictimaiyyətin gözlədiyi cavabı verər. Hər dəqiqə yeni xəbərlər yayılır və bu bolluq əslində xəbərləşmə yox, xəbərsizləşmə mühiti formalaşdırır. Əsas informasiyanın keyfiyyətidir, yeni dövrün jurnalistləri məhz bu keyfiyyətin nədən ibarət olduğunu bilmirlər. 

Jurnalist xəbərin ətriyyatçısı olmalıdır. Onu qoxusundan hiss etməlidir. Əlbəttə deyəcəksiz informasiyann qoxusu olmur. Xeyr, razılaşmaram. Belə bir nəsnə o qoxunu hiss etməyənlər üçün yoxdur. Hadisənin mahiyyətinə varmadan onu tirajlamaq ziyanlıdır. 

Bu gün mətbuatımız analitika, təhlil xarakterli yazılar sarıdan şikəst vəziyyətdədir. Diplom adamı jurnalist eləmir. Bir haşiyə də çıxım: Şəxsən mən iki il altı ay “Günaydın” qəzetində qonorarsız, maaşsız işləmişəm. Axı heç mənə qonorar və maaş da düşmürdü. Öyrənirdim. Jurnalistikanı bitirib gələnlərə ofis verirsən, kompyuter, internet verirsən ardından anındaca maaşı soruşurlar. Deyirsən, bir xəbər yaz görüm hələ, birinci cümləni belə, qura bilmir. 

Problemi göstərdik, təkliflər də verək: 

  1. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi əksər dərsləri redaksiyalarda keçsin. Tələbə nəzəriyyə ilə paralel öyrəndiyini təcrübədə sınaqdan çıxarsın.
  2. Media Agentliyi təcrübi treninqlərə başlasın və 90-ci illərin təmsilçiləri olan tanınmış jurnaistləri trener kimi prosesə cəlb etsin.
  3. Müxbirləri mətbuat konfranslarına göndərən rəhbərlər onları məlumatlandıranda məsələlərə konseptual yanaşsın.
  4. İP xəstəliyinə son qoymağın da yolları işlənib hazırlanmalıdır. Oxucuları kateqoriyaya bölmək vacibdir. Elə xəbər ola bilər ki, onu 50 min adam oxuyar və bu say kütlə yaratmış olar, bu da kütlə psixologiyasnın məhsulu kimi qavranılar. Elə də xəbər yayarıq ki, onu 100 nəfər oxuyar, həmin ali səviyyəli insanların hərəsinin 50 min izləyicisi, dəstəkçisi, fikir bölüşəni var. İkinci xəbər keyfiyyətli xəbər hesab olunur. Xüsusən saytlar bu həqiqətə tapınsalar, müsbət nəticəyə çatmaq mümkündür. 
  5. Yeni dövrün jurnalistlərinin ictimai və siyasi savadı aşağıdır. Onlar nəinki hansı partiyada hansı idaretmə formasının olduğunu bilmirlər, hətta həmin siyasi təşkilatın sədrin tanımırlar. Hələ xəbəri hazırlayanda ən azı 3 mənbəyə istinad etmək şərtindən söz açmırıq. 

Dah çox təkliflər yaza bilərdik. Sadəcə gərək proses başlasın ki, içindən digər dəyərli vasitələr çıxsın. Mətbuatn əsas bəlalarından biri də dezinformasiyalar, konteksdən çıxarılmalardır. Məqsəd oxucu diqqəti cəlb etməkdir. Oxucuya yanlış informasiya verdiyimizi, barəsində yazdığımız insanın nüfuzuna, şərəf və ləyaqətinə toxunduğumuzu isə heç nəzərə almırıq. 

Əvvəllər redaksiyanın təkzib verməsi onun üçün ən ayıb iş sayılardı. İndisə yazırıq, pozuruq, dəfələrlə üzr istəyib yenə həmin səhvləri təkrarlayırq. Belə olmaz və belə olmur.  

Mətbuat dövlətin sütunudur. Bü sütunun laxlamasına, çat verməsinə şərait yaradan amillərin aradan qaldırılmasına çalışmaq cəmiyyətə böyük töhfədir. Problemin kökünü qazıb çıxararlar, budaqlarını kəsməklə sağlam məqsədə çatmaq mümkün deyil. Jurnalistikanı budamırlar, jurnalistikanı yaradırlar. 
 

Check Also

Əhməd İsmayılov: Medianın yeni formalaşan trendləri özü ilə birlikdə texnoloji təhdidlərə də səbəb olur

Müasir dövrdə medianın yeni formalaşan trendləri özü ilə birlikdə pozitiv tendensiyalar formalaşdırmaqla yanaşı informasiya təhlükəsizliyi …