Samir Adıgözəlli: “Bu məsələlərin hər birində Türkiyə ilə mövqelərimiz uzlaşır”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyədə səfərdədir. Əli Həsənov oktyabrın 24-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Görüşdə Azərbaycanla Türkiyə arasında bir sıra məsələlər, o cümlədən qardaş ölkələrimizdə ictimai-siyasi sabitliyin qorunması sahəsində əməkdaşlığın gücləndirilməsi, Azərbaycanın və Türkiyənin diaspor təşkilatlarının birgə mütəşəkkil fəaliyyətinin qurulması, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Söhbət zamanı Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin yeni müstəviyə qaldırılması, əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Türkiyə Nazirlər Kabinetinin Mətbuat və İnformasiya Baş İdarəsinin baş direktoru Mehmet Akarca ilə görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsində kütləvi informasiya vasitələrinin rolunun artırılması, hər iki ölkənin mətbuat orqanları arasında informasiya mübadiləsinin genişləndirilməsi, bəzi KİV-lərdə ümummilli və dövlətçilik maraqlarımıza zərər vuran xəbərlərin yayılmasının qarşısının alınması üçün zəruri addımların atılmasının vacibliyi vurğulanıb. Söhbət zamanı beynəlxalq arenada qarşılıqlı faydalı əməkdaşlığın uğurlu nəticələrinin birgə təbliği, dünya informasiya məkanına dinamik inteqrasiyanın təmin olunması istiqamətində səylərin gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Müzakirə edilən məsələlər arasında ən diqqətçəkəni Azərbaycanın və Türkiyənin diaspor təşkilatlarının birgə mütəşəkkil fəaliyyətinin qurulması ilə bağlıdır.
Belə bir koordinasiyanın gücləndirilməsinin ölkələrimiz üçün nə kimi əhəmiyyəti olar?
Dünya Azərbaycanlıları Konqresi və Beynəlxalq Diaspor Mərkəzi icra aparatının rəhbəri Samir Adıgözəlli qəzetimizə açıqlamasında bildirdi ki, iki qardaş ölkənin diasporları arasında koordinasiyanın qurulması olduqca vacibdir:
“Biz daim bu problemi qaldırmışıq. Çox gözəl oldu ki, bu aktual məsələ iki ölkənin rəsmiləri arasında müzakirə olunur. Bilirsiniz ki, adətən belə əlaqələr hesabına birgə tədbirlər, aksiyalar keçirilir. Ancaq bəzən acınacaqlı mənzərə ilə rastlaşırıq. Elə olub ki, biz xarici ölkələrdən birində aksiya keçirmişik. Orada azərbaycanlılar az olub, ancaq türkiyəli tələbələr aksiyaya biganə yanaşıb. Təbiidir ki, burada vacib məsələ maarifləndirməni aparmaqdır. Dövlətin mümkün resursları da bu işə cəlb olunsa, effektivlik artar. Bizim diaspor təşkilatlarımız arasında fikir ayrılığına səbəb olan nəsə varmı? Təbii ki yox! Çünki bizim diaspor hərəkatımızın başlıca fəaliyyət istiqaməti erməni yalanlarını ifşa etmək, onların hücumlarına cavab vermək və ölkəmizi təbliğ etməkdir. Bu məsələlərin hər birində Türkiyə ilə mövqelərimiz uzlaşır. Çünki erməni diasporunun hədəfində olan başlıca məsələlərdən biri də qondarma soyqırımı tanıtmaqdır. Təbii ki, bu və digər erməni iftiralarına qarşı biz birgə mübarizə sərgiləməliyik”.
Check Also
Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib
Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …