Şənbə , 28 Sentyabr 2024
Drone Cameras

Gömrük generalı: “Narkotik vasitələr Əfqanıstandan İrana, daha sonra Azərbaycana daşınır”

Bu istiqamətdə Müstəqil Dövlətlər Birliyinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsi, Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, Ümumdünya Gömrük Təşkilatı, GUAM, Mərkəzi Asiya Regional İnformasiya Əlaqələndirmə Mərkəzi, Türkiyə Respublikası Ticarət Nazirliyi, ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə üzrə Administrasiyası, Rusiya Federal Gömrük Xidməti, Ukrayna Dövlət Gömrük Xidməti və bir sıra başqa beynəlxalq təşkilatlar və xarici ölkələrin müvafiq səlahiyyətli dövlət orqanları ilə əməkdaşlıq həyata keçirilərək məlumat və təcrübə mübadiləsi aparılır, işçi görüşlər keçirilir.

Bu əməkdaşlıq nümunələrinə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Ümumdünya Gömrük Təşkilatının birgə layihəsi olan Qlobal Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsindəki, ÜGT-nin Azərbaycan Respublikası üzrə milli əlaqələndirmə qovşağı vasitəsilə Ümumdünya Gömrük Təşkilatının regional qovşağı RILO-Moskva çərçivəsindəki, eləcə də ikitərəfli əməkdaşlıq çərçivəsindəki əməkdaşlıq daxildir.

Dövlət Gömrük Komitəsi beynəlxalq qorunan məlumat mübadiləsi kanalları üzrə də fəaliyyət göstərir. Belə ki, “CEN” (SEN – ÜGT-nin Gömrük hüquq mühafizə şəbəkəsi), “Containercomm” (Konteynerkom – Qlobal Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsindəki məlumat mübadiləsi kanalı), “RILO CIS Operational Platform” (MDB ölkələri üzrə regional qovşağın əməliyyat platforması) və PICS (PİKS – narkotik vasitələrin və psixotrop maddələrin prekursorlarının qanunsuz dövriyyəsinin aşkar edilməsi faktları üzrə məlumat mübadiləsi sistemi) sistemləri ilə iş aparılaraq müvafiq məlumatların mübadiləsi təmin edilib.

– Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan gömrük orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində hansı uğurlar əldə edilib?

– Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün 2021-ci ilin 9 ayı ərzində Dövlət Gömrük Komitəsi tərəfindən gömrük nəzarəti və əməliyyat-axtarış fəaliyyəti gücləndirilib, risklərin idarə olunması sisteminin və yeni texnologiyaların tətbiqi genişləndirilmiş, kadrların peşəkar hazırlığı artırılmış və digər kompleks tədbirlər həyata keçirilib. Görülmüş tədbirlər nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 35 fakt aşkar olunub.

Bu faktlar üzrə ümumilikdə 1 ton 648 kq 104 qram narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb.

Onlardan 903 kq 454 qram heroin, 505 kq 593 qram tiryək, 44 kq 646 qram həşiş, 194 kq 115 qramdan çox metamfetamin və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb.

Həmin müddət ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 37 nəfər: 36 kişi və 1 qadın olmaqla 16 nəfər Azərbaycan vətəndaşı və 21 nəfər əcnəbi (İran, 8 Türkiyə, 3 Rusiya, 1 Ukrayna vətəndaşı) barəsində müvafiq tədbirlər görülmüş, halda isə həmin əməllərin törədilməsi üzrə şübhəli hesab edilən narkoqruplar müəyyən edilib.

– Cənab general, Azərbaycana narkotik vasitələr qanunsuz olaraq əsasən hansı ölkələrdən gətirilir? Ümumiyyətlə, narkotik vasitələrin daşınma marşrutlarını söyləyə bilərsinizmi?

– Narkotik vasitələrin istehsalında Əfqanıstanın əsas ölkələrdən biri olduğunu və İranın həm Əfqanıstanla həm də Azərbaycanla həmsərhəd ölkələr olduğunu nəzərə alaraq qeyd etmək lazımdır ki, bu maddələr ənənəvi olaraq daha çox həmin ölkədən İrana, daha sonra Azərbaycan ərazisinə daşınır. Ölkəmizin coğrafi mövqeyi nəzərə alınmaqla bildirmək lazımdır ki, narkokuryerlər narkotik vasitələrin Azərbaycan ərazisindən tranzit yolla keçirməklə Balkan marşrutu üzrə Avropa ölkələrinə daşınmasının həyata keçirilməsinə cəhd göstərirlər.

2021-ci il ərzində ümumilikdə 22 halda narkotik vasitələr və psixotrop maddələrin İran İslam Respublikası istiqamətindən gətirilməklə Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada keçirilməsinə cəhdin qarşısı alınıb. Belə ki, həmin faktlar üzrə 12 halda iri həcmli narkotik vasitələr (1 ton 629 kq 555 qram narkotik vasitə və psixotrop maddə) gömrük orqanının əməkdaşları tərəfindən aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

– Ölkə başçısı öz çıxışlarında dəfələrlə deyib ki, işğal altında olarkən Azərbaycan torpaqları narkotik vasitələrin trafiki üçün istifadə edilib. Bu gün artıq bu torpaqlar işğaldan azad edilib. Nəzərə alsaq ki, İran İslam Respublikası ilə daha bir gömrük-keçid məntəqəsinin açılışı nəzərdə tutulur, sizin rəhbərlik etdiyiniz İdarənin məsuliyyəti və fəaliyyət ərazisi daha da artır. Bununla bağlı fəaliyyətinizi necə quracaqsınız?

– Bununla əlaqədar olaraq bildiririk ki, işğaldan azad edilmiş torpaqlarda gömrük qaydaları əleyhinə hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, digər mülki dövriyyəsi qadağan edilmiş malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq, ümumilikdə gömrük nəzarətinin tətbiq edilməsi məqsədilə Qubadlı rayonu ərazisində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postu yaradılıb. Həmin ərazidə Əməliyyat-İstintaq Baş İdarəsinin fəaliyyət istiqamətlərinə uyğun olaraq Baş idarənin struktur bölmələrinin əməkdaşları mütəmadi olaraq yeni yaradılmış gömrük postuna ezam edilərək müvafiq vəzifələrin həyata keçirilməsi təmin edilməkdədir.

– Məsum müəllim, rəisi olduğunuz Baş İdarə hansı innovativ texnologiyalardan istifadə edir?

– Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi də daxil olmaqla ümumilikdə gömrük işi sahəsində hüquqpozmalar üzrə riskli halların, marşrutların, yüklərin müəyyən edilməsi sahəsində Baş idarənin tərkibində “Hədəflərin müəyyənləşdirilməsi mərkəzi” fəaliyyət göstərir ki, məhz onların səyləri nəticəsində külli miqdarda narkotik vasitələrin ölkə ərazisinə idxalının qarşısı alınmaqdadır. Belə ki, bu mərkəz tərəfindən effektiv nəzarət üsulları olan video müşahidə, rentgen yoxlama-baxış və GPS monitorinq sistemləri istifadə edilməkdədir. Bunlarla yanaşı, əsas etibarilə elektron mənbələrdə olan məlumat toplularının təhlilinə əsaslanan risk idarəçiliyi metodu tətbiq edillir. Bu məqsədlə məlumat bazalarının vizualizasiyası və təhlili proqramları istifadə edilməkdədir. Nəticə olaraq, müasir yanaşmaların istifadə edilməsi və iş prosesinin mümkün olduğu qədər elektron mühitə daşınması resursların daha səmərəli istifadəsinə imkan verir.

Check Also

Zakir Quliyev: “Azərbaycanda su ehtiyatları 2070-2100-cü illərdə 30-35 % azalacaq”

Proqnoza əsasən, Azərbaycanda su ehtiyatlarının 2020-2050-ci illərdə 20-25 %, 2070-2100-cü illərdə isə 30-35 % azalması gözlənilir. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan …