Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Prezident: “Biz istehsalı ildən-ilə artırırıq”

Yanvarın 24-də Prezident İlham Əliyev Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrufatının Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışı mərasimində iştirak edib.

Prezident vurğulayib:“Aqrar sahə bizim üçün strateji sahədir. Bu, həm iqtisadi, həm sosial sahədir. Əhalimizin 47 faizi bölgələrdə yaşayır. Ona görə son illərdə kənd təsərrüfatının, regionların sosial-iqtisadi inkişafına göstərilən diqqət məhz bu məqsədi güdür ki, həm məşğulluq, həm məhsuldarlıq artsın və Azərbaycan həm öz daxili tələbatını, həm də ixrac edilən məhsulları ən yüksək səviyyəyə qaldırsın.

Bu gün biz Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında bu məsələləri önə çəkmişik. Bu gün biz bu gözəl müəssisənin timsalında aqrar sahədə aparılan işləri görürük. Çünki bu institut 1960-cı illərdə yaradılmışdır və demək olar ki, son illərdə fəaliyyət göstərmirdi, bura dağınıq bir yer idi. 2016-cı ildə bu institutun müasir səviyyədə qurulması üçün müvafiq Sərəncam imzalanmışdır, işlər başlamışdır və indi 30 hektar ərazidə ən müasir mərkəz yaradılıbdır – istixanalar, institutun gözəl binası, laboratoriyalar. Bu institutun fəaliyyəti çox böyük əhəmiyyət daşıyır. Çünki ilk dəfə olaraq Azərbaycanda toxumçuluq istixanaları yaradılır. Hazırda bizdə istixanaların sayı çoxdur və indi tərəvəzçiliyə böyük maraq var. Toxumçuluq istixanalarının yaradılması isə ancaq bu gündən başlayır və bu mərkəz ölkəmizin hər bir bölgəsinə dəstək olacaq”, – dövlət başçısı əlavə edib.

Prezident deyib ki, tərəvəzçilik Azərbaycanın kənd təsərrüfatının ənənəvi sahəsidir, böyük gəlir gətirən sahədir: “Yəqin siz bilirsiniz ki, kənd təsərrüfatı məhsulları arasında bizə ən çox gəlir gətirən pomidor ixracıdır. Fermerlər bu işlə böyük həvəslə məşğuldurlar və digər tərəvəzlərin yetişdirilməsi çox sürətlə gedir. Biz ildən-ilə istehsalı artırırıq. Bu institutun fəaliyyəti məhsuldarlığı böyük dərəcədə artıracaq, eyni zamanda, xaricə gedən valyutanın qarşısını müəyyən qədər alacaq. Çünki bu gün bütün toxumlar xaricdən gətirilir və onların alınmasına böyük məbləğdə vəsait gedir. Bundan sonra toxumların əhəmiyyətli hissəsi ölkəmizdə yetişdiriləcək, beləliklə, valyuta gətirəcək, məşğulluq, məhsuldarlıq artacaq və biz özümüzü bundan sonra tam təmin etməklə xarici bazarlara daha böyük ixrac imkanlarımızla çıxacağıq. Məqsədimiz bundan ibarətdir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun, aqrar sahənin inkişafı gündəlikdə duran əsas məsələlərdən biridir. Bu sahədə, sənaye sahəsində də müsbət meyillər var. Bildiyiniz kimi, bu yaxınlarda Sumqayıtda karbamid zavodu açılmışdır. Bu, qeyri-neft sektorunda həyata keçirilən ən böyük layihədir. Biz özümüzü azot gübrələri ilə tam təmin edəcəyik. Eyni zamanda, təqribən 150-160 milyon dollar dəyərində məhsul ixrac edəcəyik. Azərbaycanda pivot suvarma sistemləri, pestisidlər zavodları fəaliyyət göstərir. Yəni, sənaye istehsalı da kənd təsərrüfatını dəstəkləyir, ona lazımi şərait yaradır”.

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir