Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Azərbaycanda Abxaziya və ya Osetiya separatçılarına heykəl qoyulsa… Gürcüstan hökumətinin cinayətkar erməni heykəlini yıxmaqdan başqa yolu yoxdu

Image result for ismayil agayev

Məlum olduğu kimi, 20 yanvar tarixində Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Dağlıq Qarabağ müharibəsində iştirak etmiş Mixeil Avaqyanın abidəsi ucaldılıb. Ucaldılan abidənin açılış mərasimində Axalkalaki Bələdiyyə başçısı Yurik Hunanyan, millət vəkilləri Enzel Mikonyan və Samvel Manukyan, Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Ruben Sadoyan, eləcə də Buqaşen və qonşu kəndlərin sakinləri iştitak edib. Abidənin açılışını Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan və xeyriyyəçi Qagik Avaqyan birlikdə edib. Mərasimdə M.Avaqyanın qızı, oğlu və nəvəsi iştirak edib.

Qeyd edək ki, M.Avaqyan Axalkalakinin Buqaşen kəndində doğulub, məktəbi bitirdikdən sonra Ermənistanın Razdan şəhərində texnikumu bitirib. Hərbi xidmətini başa vurduqdan sonra Daxili İşlər Nazirliyinin Sverdlovsk peşə məktəbinə daxil olub. Abxaziya daxili işlər orqanlarında işləyib. Sonra Ermənistanın Sarnaxbyur kəndinə köçüb və orada ailə qurub. Qarabağ müharibəsi başlayan zaman M.Avaqyan Horadiz, Xocalı, Hadrut və Füzuli istiqamətlərində döyüşlərdə iştirak edib. “Kobra” ləqəbi ilə tanınıb. Horadiz körpüsü uğrunda gedən döyüşdə snayper tərəfindən yaralanıb, xəstəxanaya aparılarkən yolda həyatını itirib. Xocalıda və Qarabağın digər ərazilərində vəhşiliklə, qətllərlə məşğul olan, Azərbaycan torpaqlarının işğalında iştirak edən bir qatilə heykəlin qoyulması və onun təntənəli açılışının keçirilməsinə Azərbaycandan etirazlar səngimir. Rəsmi səviyyədə bildirilən etirazla yanaşı, ölkənin ictimai-siyasi xadimləri, siyasi partiyaları da Gürcüstandan bu biabırçılığa son qoymağı tələb edir. Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri dərhal Gürcüstan XİN-də görüş keçirərək Azərbaycanın qeyd olunan məsələ ilə bağlı etirazını çatdırıb. XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, bununla yanaşı, Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edilərək, ölkələrimiz arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib. Gürcüstanın öz daxilində də bu məsələyə etirazlar bildirilir. Ancaq maraqlıdır ki, Gürcüstanın bəzi siyasiləri və xüsusilə də həmin ölkənin parlamentində təmsil olunan erməni əsilli bəzi deputatlar bunun Gürcüstanın “daxili işi” olduğuna dair lazımsız fikirlər səsləndirir. Məlumdur ki, Gürcüstanın özü də separatşlılqdan əziyyət çəkən ölkədir. Məsələyə eyni məntiqlə yanaşsaq, onda belə çıxır ki, Azərbaycan da Abxaziya və Osetiya separatçılarından da kiməsə heykəl qoymaq kimi haqqa sahibdir. Ölkəmizdə belə bir addımın atılması Gürcüstan hakimiyyəti tərəfindən necə qarşılana bilər? Hər halda, Gürcüstan nəzərə almalıdır ki, Azərbaycan onun üçün qonşu olmaqla yanaşı, eyni zamanda etibarlı siyasi və ticarət tərəfdaşıdır. Belə [gey münasibət həmin əlaqələri ciddi şəkildə zədələyə bilər. Bu məsələyə ekspertlər necə baxır? Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, Gürcüstanın Axalkalaki rayonunun Budaşen kəndində Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçısı Mixail Avaqyana abidə qoyulması xalqımızın qəzəbinə səbəb olub:“Məhz 20 yanvar tarixində Gürcüstanda erməni terrorçusuna qoyulmuş abidənin açılış mərasiminin keçirilməsini Azərbaycan və Gürcüstan xalqları arasında dostluq və dövlətlər arasında mehribançılıq münasibətlərinə qarşı açıq şəkildə təxribat xarakteri daşıyır. Açılış mərasimində rəsmi şəxslərin iştirak etməsi və abidənin yanında Ermənistan bayrağı ilə yanaşı Gürcüstanın da bayrağının asılması qəzəb və hiddət doğurur. Separatizmdən əziyyət çəkən, eyni zamanda ərazilərinin bir hissəsinə də ermənilərin iddia etdiyi Gürcüstan dövlətinin Ermənistanın bu addımına göz yumması qəbuledilməzdir. Gürcüstanın ən ağır dövrlərində Azərbaycan dövləti hərtərəfli dəstəyini bu ölkəyə göstərərək birmənalı mövqe nümayiş etdirib. İllər boyu böyük siyasi-iqtisadi çətinliklərə baxmayaraq , Azərbaycanın əldə etdiyi nailiyyətlərdə Gürcüstan da pay qazanaraq, beynəlxalq lahiyələrin əsas iştirakçılarından olub. Ayrı-ayrı dövrlərdə Gürcüstanda öz ata-baba yurdlarında yaşayan soydaşlarımıza qarşı edilən haqsızlıqlara baxmayaraq, onlar daim Gürcüstanın bütövlüyünü dəstəkləmiş gürcü xalqı ilə həmrəylik nümayiş etdiriblər. Beynəlxalq Diaspor Mərkəzi olaraq bütün bunları qeyd etməklə Gürcüstanda terrorçu erməniyə abidə qoyulmasını kəskin şəkildə pisləyir və bunun Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirdiyini bəyan edirik. İnanırıq ki, Gürcüstanın rəsmi dairələri qısa zamanda məlum abidənin götürülməsi ilə bağlı qərar qəbul edərək, həm Azərbaycan xalqı ilə xoş və səmimi münasibətlərini bir daha nümayiş etdirəcək, həm də terror və terrorçularla bir sırada durmayıb demokratiya və dünyəvi dəyərlərə sadiq qaldığını göstərəcək”.

İsmayıl Ağayev bildirdi ki, Gürcüstan hökuməti bunları nəzərə almayacağı təqdirdə, Azərbaycanda qonşu ölkədə separatçılıq etmiş şəxslərə abidə ucaldılması kimi təkliflər aktuallaşa bilər:“Təbiidir ki, biz vəziyyətin bu həddə gəlib çatacağına inanmırıq. Ümidvarıq ki, qonşu ölkə bu problemin aradan qaldırılması istiqamətində ciddi addımlar atacaq”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir