“Çox təəssüf ki, parlament layiq olmadığı haqsız təkpilərlə üzləşir. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin müsahibəsindən sonra da bu təpgilər artıb”.
Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Elşən Musayev parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, Milli Məclis hər zaman bütün dövlət qurumlarına ehtiramla yanaşıb: “Sanki, bu müsahibədə bir anlaşılmazlıq var. Bəlkə də Səfər Mehdiyevin çıxışı təhrif olunub. Buna aydınlıq gətirilməlidir”.
Milli Məclisin sədri Sahibə Qafarova isə qeyd edib ki, bu günlərdə Səfər Mehdiyevin bir neçə saytda müsahibəsi verilib: “Müsahibənin bir yerində deputatlar qanunsuz fəaliyyətdə ittiham edib. Dünən Səfər müəllim mənə zəng edərək deyib ki, onun fikirləri təhrif olunub. Əslində o deputatları deyil, məmurları nəzərdə tutub”.