Böyükmillet.com İçtimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəllinin sosial şəbəkələrdə yayılan açıqlamasını təqdim edir:
Necə gündür Qüdrət Həsənquliyevin birdən-birə, əsl səbəbini hələ də açıqlamadığı bir qovğasını izləməyə məhkumuq. Maraqlıdır ki, Qüdrət Həsənquliyev bu davanı bir vaxtlar sıravi əsgər kimi qulluqlarında durduğu, onları hətta məmurlardan da ifrat dərəcədə təriflədiyi Naxçıvan rəhbərliyinə qarşı aparır. Tam məsuliyyəti ilə deyirəm ki, Qüdrət Həsənquliyev Naxçıvan əhalisinin adı ilə şəxsi oyununu oynamaq qədər təhlükəli bir işə girişib. Ona görə təhlükəli deyirəm ki, Qüdrət Həsənquliyev hətta Naxçıvanın statusunu müzakirəyə çıxarır, həmin subyektin güya mərkəzi hakimiyyətlə hesablaşmadığına dair dövlətin dayaqlarını sarsılda biləcək tərzdə açıqlamalar verir. Qüdrət Həsənquliyevə sual verirəm: niyə məhz indiki məqamda Naxçıvanın “problemləri” onun yadına düşdü? Desin görək, bəlkə elə bir özəl xahişi olub ki, onu Naxçıvan rəhbərliyi eşitməyib. Hətta olubsa belə, bu incikliyi siyasi qarşıdurmaya çevirməyə dəyərdimi? Qüdrət Həsənquliyev siyasətdən qazancla çıxan adamdır. Özünə kifayət qədər varidat toplayıb. Mənim kimi kirayədə qalmır. Onun Bakıda və Türkiyədə sərmayə qoyduğu sahələr var. Naxçıvandakı işsizlikdən danışır. Mən ona sual verirəm: ay Qüdrət bəy, sən heç olmasa həmin obyektlərdən birini öz doğma kəndində açardın ki, heç olmasa 3-4 nəfər işləyib ailəsinə çörək aparardı. Bəlkə belə bir təşəbbüsün oldu, sənə Naxçıvan rəhbərliyi icazə vermədi? Qüdrət Həsənquliyev mənim doğulub, boya-başa çatdığım Ordubaddan deputat seçilib. Əminliklə deyirəm ki, onun Ordubadda zərrə qədər də hörməti yoxdur. Mənim atam orda yaşayır. Özü də fəal adamdı. Deyir ki, bir dəfə də olsun Qüdrəti oralarda görməyib. Atam onu heç Bakıda da yaxalaya bilməyib. Abel Məhərrəmov məni yazdığım məqaləyə görə şərləyib həbs etdirəndə, atam deputat kimi Qüdrət Həsənquliyevlə görüşüb dərdini ona demək istəyirmiş. Ağsaqqalı aldadıb, dal qapıdan qaçmışdı. Həmin vaxt atamı naxçıvanlı deputat Həsənquliyev yox, əslən Füzulidən olan İqbal Ağazadə qəbul edib dinləmişdi. Qüdrət Həsənquliyev Naxçıvandakı partiya üzlərinin hardasa təmsil ola bilməməsindən də narazılıq ifadə edir. Düz deyir, Naxçıvanda onun partiyasının üzvlərinə bələdiyyədə təmsil olunub, torpaq satmaq kimi şəraiti heç kimi yaratmayıb. Deyir ki, orda “Asan Xidmət” yoxdur. Vallah, tam məsuliyyəti ilə deyirəm ki, ordakı qurumların hamısı “Asan” rejimdə işləyir. Bir də, yaxşı olar ki, Həsənquliyev onu bunu söydürmək üzrə ixtisaslaşdırdığı və Naxçvan barədə zərrə qədər də məlumatı olamayan adamlarını bu işdə önə verməsin. Özü yaratdığı ajiotajdan doğan əks-sədaya özü də cavab versin. Hiss edilir ki, Qüdrət Həsənquliyev bu məsələni kampaniyaçılığa çevirməkdə maraqlıdır. Siyasətdə belə çılız gedişlərlə xal qazanmaq olmur, olan-qlan hörmətinizi də xərcləmiş oldunuz…