Paşinyanın İran səfərindən sonra Ermənistanın İran qazının Gürcüstana nəqli məsələsində tranzit rolunu oynaya biləcəyinə dair mülahizələr ortaya çıxmağa başladı. Bildirildi ki, Tehran İrəvana Rusiya və Gürcüstanla elektroenerji və qaz tranziti sferasında əməkdaşlığı inkişaf etdirməyi təklif edib.
Hətta Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan deyib ki, apreldə Tehranda bu istiqamətdə Rusiya-Gürcüstan-İran-Ermənistan görüşünün keçirilməsi planlaşdırılıb. Olduqca maarqlı bir situasiya yaranır. Əvvəlcə bilmək lazımdır ki, Gürcüstan doğrudan da Ermənistan üzərindən ölkəsinə İran qazını nəql etməyə maraqlıdırmı? Çünki Gürcüstanın qaz təminatının böyük hissəsini Azərbaycan həyata keçirir. Hətta dünya bazar qiymətləri ilə müqayisədə Azərbaycan təbii qazı Gürcüstana böyük güzəştlə satır. Bizim tərəfimizdən heç bir təzyiq yoxdursa, onda Gürcüstan niyə belə bir sevdaya düşsün? Nəzərə alsaq ki, İran qazını almaqla Gürcüstan həm də ABŞ və Qərbdəki anti-İran koalisiyasının iradəsini zidd addım atmış olur, onda bu risqin də Gürcüstan üçün hansı diskomfortu yarada biləcəyini təxmin edə bilərik. Eyni zamanda, bu addımı ilə Gürcüstan Azərbaycanın da maraqlarını ziddi getmiş olar. Çünki, faktiki olaraq, İranla birləşib işğalçı ölkəyə nəfəslik verir ki, bu da onun strateji müttəfiqi olan Azərbaycanın maraqları ilə uzlaşmır. Təbii ki, bu layihənin gerçəkləşməsi İran və Ermənistana lazımdır. Biri, faktiki olaraq, bununla blokadanı yarmış olur, digəri isə iqtisadi sanksiyaların girdabında ola-ola özünə yeni bazar tapır. Onda isə “Gürcüstana bu lazımdırmı” sualı daha da aktivləşmiş olur.
Əslində, belə bir layihənin baş tutacağına heç Ermənistanın özündə belə inanmırlar. Erməni ekspert Armen Manvelyan bu yaxınlarda baş nazir Nikol Paşinyanın Tehrana səfərindən sonra gündəmə gəlmiş İran qazının Ermənistan ərazisindən tranziti məsələsini xam xəyal adlandırıb.
Energetika üzrə ekspert rəsmi İrəvanın İrandan təbii qaz idxalını artırmaq və bunun müqabilində qonşu ölkəyə elektrik enerjisi vermək barədə vədlərinə münasibət bildirib. O qeyd edib ki, Ermənistanda öz tələbatını belə güclə ödəyəcək həcmdə elektrik enerjisi istehsal olunur və onun İrana nəqlinin artırılması real deyil. Onun sözlərinə görə, İrəvanla Tehran arasında energetika layihələrinin həyata keçirilməsi həddindən artıq çətin olacaq: “Hazırkı geosiyasi reallıqda İran təbii qazının Ermənistan ərazisindən tranzitindən danışmaq ciddi deyil. Birincisi, İranın özünün təbii qaz hasilatı ilə bağlı problemləri mövcuddur, ikincisi isə, Avropa İttifaqı Tehrandan qaz tədarükünə elə də maraq göstərmir. Avropanın qaz bazarı həddindən artıq yüklənib və İran qazının Ermənistan ərazisindən hansı ölkəyə nəql olunacağı da anlaşılan deyil”. Ekspert əlavə edib ki, Ermənistan-İran yüksək gərginlikli elektrik xəttinin tikintisində də problemlər yaranıb və bu səbəbdən İrəvan elektrik enerjisi müqabilində Tehrandan əlavə qaz ala bilməyəcək. Bu xəttin tikintisi dəfələrlə təxirə salınıb və ötən il istifadəyə verilməsi nəzərdə tutulan obyektdə işlərin cəmi 20 faizi görülüb.
Gürcüstanla energetika sahəsində əməkdaşlığa gəldikdə isə, erməni ekspert vurğulayıb ki, Tiflis Vaşinqtonun reaksiyasına qarşı çox həssasdır və ABŞ-ın sanksiyaları fonunda, energetika sahəsində İranla əməkdaşlıq etməyəcək. “Söhbət İran qazının Ermənistan ərazisindən Gürcüstana nəqlindən gedir və bu məsələ ətrafında tezliklə hər hansı razılaşma əldə ediləcəyi gözlənilmir”.
Neft Araşdırmaları Mərkəzinin analitiki İlham Şaban da bu layihənin perspektivinin olmadığı qənaətindədir: “Bu qaz kəməri layihəsi Saakaşvili hakimiyyətindən sonra ideya kimi ortaya çıxıb. Gürcüstan enerji marşrutlarının diversifikasiyası üçün İrandan qaz almaq fikrini nəzərdən keçirməyə başladı. Layihəni reallaşdırmaq üçün isə danışıqlar prosesi başladı. Lakin tərəflər ortaq məxrəcə gələ bilmədi və bununla da layihə gündəmdən düşdü”.
Ekspertin sözlərinə görə, İran-Ermənistan qaz kəməri layihəsi zamanından bəri Ermənistan özünü yeni tranzit ölkə kimi görmək istəyib: “Sadəcə Gürcüstana deyil, hətta Avropaya da qazın nəqlində tranzit olmaq istəyi yaranmışdı. İlk növbədə demək lazımdır ki, İranın qaz istehsalı Fars körfəzindən başlayır. Bu isə kəmərin həmin ərazidən çəkilməsini labüd edir. Yəni 2 min kilometrə qədər qaz kəmərininn çəkilməsi lazım olur. Bu zaman belə bir sual meydana gəlir, bu kəmərin maliyyə xərcini kim ödəyəcək? Ermənistan və Gürcüstan bu qədər xərci qarşılaya bilməz. İran isə bu məbləği ödəsə, əvəzini qaz qiymətlərindən çıxacaq. Bununla da qaz qiymətləri ilk illərdə yüksək olacaq. Bu isə Gürcüstana sərfəli görünmür”.
İlham Şaban bildirir ki, bu, Gürcüstanın maraqları ilə də uyğun gəlmir: “Avropa İttifaqının “Şərq Tərəfdaşlıq Planı”na görə, Gürcüstan enerjisini diversifikasiya etməlidir. Bunun üçün isə Azərbaycandan başqa digər ölkələrdən də qaz almalıdır. Belə olduqda, ilk olaraq, İran və Rusiya ağıla gəlir. “Qazprom” 2018-ci ildə qaz qiymətlərinin yeni variantını təklif etdi. Bu təklifə görə, qazın qiyməti hər min kubmetrə 185 dollar edir, yəni Avropaya satdığı qiymətdən bir az ucuz (197 dollar). İranın sadaladığımız şərtlər daxilində satacağı qazın qiyməti isə 200 dolları keçə bilər. Bu zaman Rusiya İrandan daha cazibədar görünür. Bu baxımdan da Ermənistanın regionda tranzit mövqe olmaq istəyi mövcud reallıqlara uyğun gəlmir. İran-Ermənistan-Gürcüstan kəməri sadaladığımız şərtlər daxilində mümkün görünmür”.
Məhəmmədəli QƏRİBLİ