Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Vidadi İsgəndərli Fransa xüsusi xidmət orqanları ilə əməkdaşlığını açıq etiraf etdi… Vətənə xəyanət maddəsinin işə düşməsinə tam əsas yarandı

“Həmin etiraflar ona Vətənə xəyanət maddəsilə cinayət işinin açılmasına əsas verir”

img

Mehman Muradlı: “Bu kommunikasiyanın nəticəsi olaraq ona ya Fransada cinayət işi açılmalıdır, ya da həmin ölkə onu Azərbaycana təhvil verməlidir”

 

Fransaya mühacir adı ilə sığınan və söyüş söymək üzrə tam ixtisaslaşan Vidadi İsgəndərli hər gün yeni sərsəmləmələri ilə sosial şəbəkələr üzərindən yayımlarını davam etdirir. Onun son çıxışlarında Vətənə xəyanət etdiyi birbaşa özü tərəfindən etiraf olunur.

Məsələn, Vidadi İsgəndərli deyir ki, Qarabağda müharibə başlasa, o, heç vaxt ermənilərə güllə atmaz, həmin silahı Azərbaycan Prezidentinə tərəf tuşlayar. Daha sonra deyir ki, Azərbaycan hakimiyyəti Fransada onu zərərsizləşdirmək üçün 15 nəfərdən ibarət xüsusi dəstə göndərib. Ən maraqlısı isə budur ki, V.İsgəndərli bu “dəyərli” məlumatı Fransanın xüsusi xidmət orqanlarından aldığını bildirir. Bununla da, faktiki olaraq, V.İsgəndərli başqa bir ölkənin xüsusi xidmət orqanları ilə  yaxından əməkdaşlıq etdiyini etiraf etmiş olur. V.İsgəndərli Azərbaycan vətəndaşıdır, qanunvericiliyə görə, bizim ölkənin vətəndaşının hansısa xüsusi xidmət orqanı ilə əməkdaşlıq etməsi qadağandır və bunun üçün hüquqi məsuliyyət nəzərdə tutulur. Onun bu etirafı İsgəndərliyə cinayət işinin açılması üçün əsas vermiş olurmu?

Hüquqşünas Mehman Muradlı qəzetimizə açıqlamasında bildirdi ki, bu tip adamdan hansı əməli desən gözləmək olar: “Əslində, şərəfsiz əməlləri ilə ad çıxarmış birinin ciddi auditoriyada müzakirə olunmasının da tərəfdarı deyiləm. Amma onlar çirkin niyyətlərini davam etdirdikləri üçün, dediklərini cavabsız qoymaq da olmur. Bu adam öz atasının məzarını qohum-əqrəbasının əli ilə zibillətdi, sonra həmin əməli hakimiyyətin üzərinə atmaq istədi. Fransa xüsusi xidmət orqanlarının adından danışması isə inandırıcı görünmür. Amma V.İsgəndərli nə qədər zərərli adam olsa da, hüquqşünas kimi qanunlardan yaxşı xəbəri var. Bilir ki, etdiyi etiraflar onun üçün cinayət işinin açılmasına tam əsas verir. Həmin etiraflar ona Vətənə xəyanət maddəsilə cinayət işinin açılmasına əsas verir. Bu, 274-cü maddədir. Casusluğa gəldikdə isə, onun əməlində bu epizod görünmür. Yəni bu elə maddədir ki, onu yalnız bir etirafla sübut etmək olmur. Gərək ortaya ciddi dəlillər də qoyulsun. Heç bir ölkənin xüsusi xidmət orqanı belə bir etirafı hansısa psixi xəstəyə etməz. Hətta götürək ki, bunu etsələr belə, V.İsgəndərlinin həmin məlumatı açıqlamasına onların özləri sərt reaksiya verər. Hesab edirəm ki, o, həmin etirafı ilə, eyni zamanda, Fransanın xüsusi xidmət orqanlarını pis vəziyyətə salıb. Belə çıxır ki, Vidadini qızışdıran onlardır? Fransa cinayət qanunvericiliyində bunun necə həll edildiyini deyə bilmərəm. Amma hesab edirəm ki, Baş Prokurorluq bununla bağlı Fransa Prokurorluğuna sorğu göndərməlidir. Bu kommunikasiyanın nəticəsi olaraq ona ya Fransada cinayət işi açılmalıdır, ya da həmin ölkə onu Azərbaycana təhvil verməlidir”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir