Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Mərasimlərin təşkilində Naxçıvan modeli…

Mərasimlərin təşkilində Naxçıvan modeli...
Mədəniyyət geniş məfhum olub hər bir xalqın formalaşdırdığı maddi- mənəvi dəyərlər toplusu hesab edilir.Müasir dövrdə tikinti mədəniyyəti, istehsal mədəniyyəti, istehlak mədəniyyəti ilə bərabər, hər bir xalqın dünyasını dəyişən şəxslər üçün bu və ya digər formada qeyd etdiyi “hüzn mədəniyyəti” deyilən bir mədəniyyət növü formalaşıb. Son illər Naxçıvanda yas mərasimlərinin təşkili zamanı israfçılığa yol verilməməsi, dini qaydalara riayət edilməsi ölkə səviyyəsində də nümunə hesab olunur.
Yas mərasimlərinin təşkilindəki çətinliklər
Yaxşı xatırlayırıq ki, əvvəllər yas mərasimi yas çadırının gətirilib qurulmasından, sökülüb aparılmasınadək olan mərhələni əhatə edirdi və bu müddətdə kənd camaatı soyuq qış günlərində xeyli əziyyətə qatlaşmalı olurdu. Yaxından-uzaqdan gələn qonaqların qarşılanıb yola salınması isə belə şəraitsiz yerdə utancverici idi. Qohum-əqrəbadan yas mərasiminin keçirilməsi üçün toplanılmış qab-qacağın yuyulub “təhvil verilməsi” də ayrıca bir məşəqqət idi.Yayda istinin, digər vaxtlarda soyuq və yağıntının təsirindən dözülməz şəraitdə keçirilən yas mərasimləri doğrudan da “ölənlə bərabər ölmək” anlamına gəlirdi. 

Yas mərasimlərində ehsan ənənələri

Əvvəllər yaşlı-cavan fərq etməz, doğmasını, yaxınını itirmiş şəxslər yas mərasimi yerinin hazırlanmasını,mərhuma verəcəyi ehsanın xərclərini, yoxsa ailə başçısını, yaxınını itirdikdən sonra ailəsinin necə keçinəcəyini düşündüyü bir vaxtda “başını itirir” və nə edəcəyini belə fikirləşə bilmirdi. Ona görə də, bu məsələlərin həlli yeni bir mədəniyyətin formalaşmasını zəruri edirdi. 
Artıq Naxçıvanda bir neçə il bundan əvvəl tətbiq edilən yas mərasimi dövründə çay məclisinin sadəcə limon,çay və qənddən ibarət olması ölkəmizin hər yerində örnək olaraq qəbul edilməkdədir. Ehsan yeməyinin də sadəcə plovdan ibarət olması və ehsan vaxtının 3-4 saatdan bir saatadək qısaldılması xalqın maddi və mənəvi rifahına hesablanmış bir addım idi. Kütləvi ehsanların da bu yolla aradan qaldırılması yeni mədəniyyətin carçısı idi.Axı,artıq xərc və artıq əziyyət ölü sahibinin narahatçılığı və yersiz qayğılanmasından başqa bir şey deyildi. Əlavə xərclərin ölüyə heç bir xeyrinin olmadığı halda, dirilərin “ölməsinə” səbəb olmağı gün kimi aydın idi. Bu gün Naxçıvanımızda yaşından, cəmiyyətdəki sosial mövqeyindən,maddi vəziyyətindən asılı olmayaraq hər yas mərasiminin eyni menyu və eyni müddət ərzində keçirilməsi “Yas mərasimi mədəniyyətinin Naxçıvan modeli” ni formalaşdırıb.

Qəbiristanlıqlardakı səliqə

Qeyd olunan model özlüyündə qəbiristanlıqlarımıza da sirayət etdi və bundan hər kəs yararlandı. İsrafçılığa və dırnaqarası “şöhrətpərəstliyə” qəbiristanlıqlarımızda da son qoyuldu.Əvvəllər əhalinin qəbir çəpərlərinin arasından keçərək, qəbiristanlığın mərkəzindəki qəbirlərə çatması da müşkül bir iş idi. El adətinə görə, müvafiq günlərdə (İlaxır çərşənbəsi günü, mərhumun ildönümü və ya digər günlərdə) “qəbir ziyarəti” adlandırılan ayini yerinə yetirmək xüsusi bacarıq tələb edirdi. İrəli sürülmüş xeyirxah təşəbbüs sayəsində ötən illərdə qəbiristanlıqlarımız lüzumsuz dəmir şəbəkələrin, dəbdəbəli qəbir daşlarının “istila”sından azad olundu.Bu gün qəbiristanlıqlarımızda mərhumun qəbirin standart ölçüyə malik qəbir daşları ilə “götürülməsi” adəti də formalaşıb. Bu addım da insanları lüzumsuz xərclərdən xilas etdi. Bayramqabağı kəndlərdəki qəbiristanlıqların kənd ictimaiyyəti tərəfindən abadlaşdırılması da təqdirəlayiqdir.

Yas mərasimlərinin idarə edilməsindəki üstünlüklər

Bu gün muxtar respublikada yas mərasimləri müvafiq Dini Qurumlarla İş üzrə Dövlət Agentliyindən sertifikat almış, təhsilli din xadimləri tərəfindən idarə edilir. Din xadimlərinin yas mərasimlərində İslam dininin müqəddəs kitabı olan “Qurani-Kərim”in ayələrini oxuyub, mümkün qədər təfsir verməsi dinimizin öyrənilməsində və təbliğində böyük rol oynayır. İndi savadlı və bacarıqlı yeni nəsil din xadimlərinin yetişməsində dövlət qayğısı yüksək səviyyədədir. “Naxçıvan” Universitetində “Dinşünaslıq” ixtisasının fəaliyyət göstərməsi bu sahədə peşəkar kadr hazırlığının aparılmasına töhfə verir. Bu gün din xadimləri xüsusi geyim formaları ilə təmin olunub, dini icmalara xidməti avtomobillər təqdim olunub.Bir sözlə,mərasimlərin dini qaydalara uyğun təşkil edilməsi, dini mövhumatçılıq və xürafata yol açmır, insanlar radikal və dini nifrət yayan cərəyanlardan uzaqdırlar.

Mərasim evləri Naxçıvan mədəniyyətinin bir parçasına çevrilib 

Hazırda muxtar respublikanın hər yerində olduğu kimi, Babək rayonunun kəndlərində 20-dən çox mərasim evi tikilib.Belə mərasim evlərindən ikisi də yaşadığım Cəhri kəndindədir. Mərasim evinin tikilməsi kənd əhalisinin xeyirxah insanları ilə dövlətin birgə əməyi nəticəsində ərsəyə gəlmişdir. Cəhridə birinci mərasim evi ötən il əhalinin ixtiyarına verilib.Bu tikili Cəhrinin birlik, bərabərlik, həmrəylik simvoluna çevrilib. Artıq bu iri yaşayış məntəqəsində ikinci mərasim evinin də tikintisi sürətlə aparılır.Hər iki mərasim evində qadınların və kişilərin ayrıca oturması üçün geniş və işıqlı zallar fəaliyyət göstərir. Mərasim evləri zəruri mətbəx mebelləri və əşyaları ilə təmin olunub.İndi dünyasını dəyişmiş şəxsin yaxınları nə çadır, nə qab-qacaq, nə də çadırda istilik yaratmaq üçün odun-ocaq dalınca qaçmır. Burada xidmət tam ödənişsizdir. Bu evlər qazanc yox, xeyirxahlıq, humanistlik, alicənablılıq məqsədilə tikilmişdir. 
Sevindirici haldır ki, milli memarlıq xüsusiyyətləri nəzərə alınmaqla və yüksək zövqlə inşa edilmiş mərasim evləri bu gün həm də ümumxalq mərasimlərinin keçirilməsi üçün əlverişli məkandır. Bu il “20 Yanvar” və “Xocalı faciəsi”nin ildönümü günündə Cəhri kəndindəki mərasim evində şəhidlərimizə ehtiram əlaməti olaraq ehsan süfrəsi açılmış, şəhid qəbirləri ziyarət edilmişdir.
Dini dəyərlərimizin olduğu kimi insanlara çatdırılması bu sahədə əsaslı dönüş yaratdı. İslam dini və müqəddəs kitabımız olan “Qurani-Kərim”də buyurulan əməllərə bir daha sadiqlik nümayiş etdirildi və nəticə etibarilə bu tədbirlər həm də insanları izahi, gərəksiz xərclərdən azad etdi. Bu zəngin dəyərlər sistemi bundan sonra da yaşadılmalı, gələcək nəsillərə ötürülməlidir.

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir