Bir neçə gündür ki, sosial şəbəkələrdə və bu şəraitdən “İP” qoparmağa çalışan bəzi media orqanları ərzaq buğdası və çörəyin qiymət məsələsi ətrafında geniş müzakirələr açıblar.
Bu axının içində həqiqətən çörəyin yeni tariflərinin rəsmiləşəcəyi halda bunun cəmiyyətimizdə müəyyən gərginlik yaradacağından və ya gərginliyi artıracağından səmimi narahatlıqlar var. Elə dairələr də var ki, sanki fürsət gözləyirmiş kimi, məsələni siyasiləşdirməyə və “vot-vot inqilab olacaq, xalq üsyana qalxacaq” və sair kimi maksimalist yanaşmalar sərgiləyir, bununla əslində istəyərəkdən, ya istəməyərəkdən insanları hansısa kütləvi hərəkətlərə səsləmiş olurlar.
Bəli, söhbət insanın qida rasionunda əzəli, əbədi, əvəzolunmaz və heç vaxt “bıkdım, bezdim” deməyəcəyi ÇÖRƏKdən gedir. Həqiqətən bəşəriyyətin unikal ixtirası sayılan çörək heç bir başqa qida növü ilə əvəz oluna bilmir. İnsanlar bunu o qədər mümkünsüz sayır ki, tarix boyu heç kim süfrədə çörəyin alternativini axtarmaq, yaratmaq fikrinə belə düşməyib. Bəşər tarixində müşahidə olunmuş aclıq halları da bir qayda olaraq əsasən çörək sarıdan ortaya çıxıb və heç bir zaman “ət olmadı aclıq oldu, kərə yağı olmadı aclıq oldu” kimi deyimlərə rast gəlinməyib. Konkret desək, tarixin hansısa dönəmində olmuş aclıqdan söz düşən kimi insanlar dərhal bu qənaətə gəlib ki, həmin dövrdə çörək dəhşətli səviyyədə qıtlaşıb, çörəkdən başqa nəyinsə qıtlaşması fikri ağıla gəlmir.
Maraqlıdır ki, ÇÖRƏK insan üçün nə qədər zəruri və əvəzsiz nemət olsa da, hələ bəşər tarixi “ÇÖRƏK ÜSYANI”, “ÇÖRƏK QİYAMI” deyilə bilən faktlar görməyib və eşitməyib. Tarixin müxtəlif dövrlərində baş vermiş siyasi-iqtisadi kataklizmlərin başqa səbəbləri olub və heç bir kataklizmin, heç bir hakimiyyət dəyişməsi və inqilabların birbaşa və ya əsasən çörəklə bağlı kökləri olmayıb. Doğrudur, bəzi məqamlarda müəyyən inqilabçı siyasi dairələrin kütləvi izdihamların içində ” Çörək, İş” kimi şüarlar səsləndirdiyini ğörüb – eşitmişik. Ancaq bəşər tarixi təkcə çörəklə bağlı motivlə idarə olunan siyasi kataklizm faktları tanımır.
Tarixdə xarici təcavüz və işğal faktına qarşı inqilabi çevrilişlər olub, milli şüurun boğulması siyasətinə qarşı inqilablar olub, insan haqlarının təntənəsi naminə inqilablar olub, ağır vergilər siyasətinə qarşı inqilablar olub və sair. Fəqət çörəyin və un məmulatlarının qiyməti ilə bağlı tarix hər hansı inqilab, hakimiyyət çevrilişi və ya heç olmasa davamlı bir kütləvi siyasi təlatüm nümunəsi tanımır.
Elə Azərbaycanın öz nümunəsində baxaq. 1991-ci ildə müstəqillik bəyan ediləndən indiyə qədər üç dəfə hakimiyyət dəyişib, bu dəyişmələrin heç biri birbaşa, ya dolayı şəkildə “çörək faktoru” ilə bağlı olmayıb. Bu dövr ərzində çörəyin qiyməti ilə bağlı 4, ya 5 dəfə müzakirə prosesi gedib, cüzi qiymət dəyişikliyi edilib, bu prosesləri siyasiləşdirmək cəhdləri olub, ancaq bu dəyişikliklər heç vaxt siyasi nəticələr doğurmayıb, daha doğrusu cəmiyyət çörəklə bağlı məsələnin siyasiləşdirilməsi cəhdlərinin perspektivinə o qədər də inanmayıb, bunun arxasına düşməyib və haqlı olaraq hesab edib ki, qısamüddətli gərginliyə baxmayaraq heç bir hökumət heç vaxt çörək məsələsini təbii axına buraxmaz. Çörəyin qiyməti və çörəklə təminat məsələsinə dair gərginlik yaranan bütün hallarda cəmiyyətimizin əksər hissəsi bu düşüncədə qərarlaşıb və sonda da özünün haqlı olduğuna bir daha əmin olub.
Bir faktı yada salaq. 1989-cu ildə cəmiyyətimiz böyük iqtisadi çətinliklər içində olsa da, o həmin il “dünyanın ən mübariz xalqı” adına öz müstəqilliyi və torpaqları naminə qalxdığı mübarizənin sayəsində layiq oldu. Bu Azərbaycan xalqının tarixdə müdrik davranışlarına tutarlı sübutlardan biridir. Yəni o zamankı iqtisadi çətinliklərə baxmayaraq bu xalq tarixə müstəqillik və torpaq uğrunda ölümünə döyüşən xalq kimi düşmək şansını göydə tutdu. Qürurverici tarixi məqam idi. Əgər o zaman xalqımız cari iqtisadi problemləri önə çəkərək onun arxasınca getsəydi, nə ola bilərdi? Ən pis nəticə olardı -tarixə böyük siyasi hədəflərini “mədə ləzzətinə” qurban vermiş toplum kimi düşərdik.
Dünyada heç bir xalq çörək uğrunda, çörək naminə mübarizəni özünütəsdiq üsulu etməyib. Özünütəsdiqin daha qlobal mübarizə üsulları var. Çörək uğrunda mübarizə əsasən fərdin, qlobal məqsədlər uğrunda mübarizə isə toplumun vəzifəsidir. Toplum olaraq mübarizəni maddi hədəflərə fokuslayanda toplumun böyüklüyünə, əzəmətinə kölgə düşmüş olur…
Azərbaycanda son günlərin ən populyar müzakirə mövzusuna çevrilmiş çörəyin qiymət məsələsinin siyasi kataklizmlərə çevrilməyəcəyi bu başdan məlumdur. Çünki belə şey tarixdə olmayıb, bizim xalqın tarixində isə heç olmayıb. Yəqin hökumət də gərəkən addımları atacaq ki, vəziyyətin kataklizmə çevrilməsi şanslarını qapatsın. Eyni zamanda, Rusiyada taxılın ixrac rüsumunun hələ ötən ilin sentyabrında artırılması bəlli ikən bu müddət ərzində qabaqlayıcı tədbirlər barədə səmərəli düşünə bilməmiş əlaqədar Azərbaycan məmurları da yəqin ki, sorğu-sual ediləcək. Mümkün bahalaşmanı xalqın tam inanıb etimad etdiyi səviyyədə kompensasiya edəcək…
Bizim xalq çörək naminə toplum mübarizə üçün yaranmayıb, bilir ki, Allahın bu neməti inşallah kəsilməz. Bu xalq daha böyük hədəflər üçün yaranıb – 200 illik erməni mifini dağıtmaq, inanılmaz sayılan torpaqları azad etmək, öz suverenlik haqqını qorumaq, azad və ədalətli seçki şəraitinə sahiblənmək üçün yaranıb…
Aydın QULİYEV