Köhnə asılqandı dar ağacları,
Şahın fərmanları asılır hər gün.
Tökür nallarını nallı çiçəklər,
Üzəngi çiçəklər basılır hər gün.
Qalxan çiçəklərin boyları qalxmır!
Havamı? Hava da çiçək havası…
Çörək adamları döyüşdən gəlir,
Gedir küçələrdə çörək davası.
Sərkərdə çiçəklər əli yalındı,
Tarix döngəsində düşüb tacları.
Döyüş günündədi çiçək adamlar,
Hər gün çiçəkləyir dar ağacları.
Paşa Talıblı