Dövlət səviyyəsində terror siyasəti yürüdən Ermənistan bu gedişlə İŞİD terror qruplaşması üçün də xüsusi diqqət cəlb etməkdədir. Xatırladaq ki, bu günlərdə Rusiya Daxili İşlər Nazirliyinin Ekstremizə qarşı Mübarizə Baş İdarəsinin rəisi Oleq İlyinıx “Ekstremizm və terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlığın prioritetləri” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfrans çərçivəsində maraqlı məqamlara toxunub.
Qeyd edib ki, Suriya və İraqda məğlubiyyətə uğradıldıqdan sonra İŞİD terror qruplaşması maraqlarını Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğız Respublikası və Ermənistan ərazisinə doğru hərəkət etdirir. Onun sözlərinə görə, İŞİD terror qruplaşması ümumdünya terror şəbəkəsi yaradılması üzrə planlarını həyata keçirmək istəyir: “Xilafətin Suriya və İraqda strateji məğlubiyyət alması onların maraqlarının Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğız Respublikası və Ermənistan ərazisinə doğru hərəkət etməsinə gətirib çıxaracaq”.
Xatırladaq ki, İŞİD-ə qədər ASALA, PKK və digərləri Ermənistanda özünə yer edə bilib. İndi İŞİD də Ermənistana üz tutmaq niyyətindədir. Düzdür, məsələyə fərqli prizmadan yanaşılır. Məsələn, “lragir.am” portalı bu xüsusda yazır: “ Rusiya Daxili İşlər Nazirliyinin Ekstremizə qarşı Mübarizə Baş İdarəsinin rəisi Oleq İlyinıx bildirib ki, İŞİD Suriya və İraqdakı məğlubiyyətdən sonra maraqlarını Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan və Ermənsitana yönəldib. İlyinıxın sözlərinə görə, Rusiyada qadağan edilmiş İŞİD qruplaşmasının xadimləri bütün dünya üzrə terror aktları həyata keçirmək bacarığını sərgiləyən ümumdünya terror şəbəkəsi, yatmış özəklər qurmaq planı ilə yaşayırlar. Terrorizmlə mübarizə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əsas prioritetlərindən biridir. MTX-nin uyğun bölmələrinin bu sahədə gündəlik işi terror təhlükəsini birləşdirən istənilən hadisəni üzə çıxarmaq və qabaqlamağa yönəlib. Bu planda Ermənistandakı durum tam nəzarət edilə biləndir. Bu haqda “Armenpress”in sorğusuna cavabında MTX mətbuat xidmətində Rusiya Federasiyası Daxili İşlər Nazirlyi ekstremizmə qarşı fəaliyyət Baş İdarəsinin rəisi Oleq İlyinıxın “İŞİD-in maraqları MDB ölkələrinə – Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Ermənsitana keçdiyi” haqda bəyanatını şərh edərkən bildiriblər.
MTX-in açıqlamasında deyilir: “Beynəlxalq terror təşkilatlarının başqa ölkələrdəki fəaliyyətinin daimi əsasda diqqətli təhlili aparılır və Ermənistanın təhlükəsizliyinə istənilən təhdid əlaməti üzə çıxan halda qarşısı alınacaq – o cümlədən tərəfdaş xüsusi xidmətlərlə əməkdaşlıqda. Ermənistan MTX beynəlxalq terrorizmlə mübarizə planında bir çox ölkələrin xüsusi xidmətlərilə, o cümlədən MDB Antiterror Mərkəzi formatında fəal işbirliyindədir”.
Rusiya DİN-in bəyanatında MDB-nin üzvü olan Azərbaycan yoxdur. Mərkəzi Asiya ölkələrinə gəlincə, bu ölkələrin bəzi vətəndaşları doğrudan da İŞİD-ə qoşulub və onlar Suriya və İraqdakı məğlubiyyətdən sonra “terrorçu zəncir halqası” qurmaqla öz ölkələrinə dönə bilərlər.
Moskvanın İŞİD-də öz “qruplaşması” olubmu? Onların çoxu Rusiyanın Şimali Qafqazından çıxıb, Rusiya hökuməti tərəfindən ələ alınıb və birbaşa Soçi olimpiadasından qabaq Suriya və İraqa göndərilib. Rusiya hökuməti bu faktı boynuna alıb. Bu bildirir ki, həmin şəxslər haqda məlumatlar ona bəllidir. Bu şəxslər hara qayıdacaqlar və siyahıda Azərbaycan niyə yoxdur?
Rusiya DİN-in açıqlaması bu fonda Ermənistanın ünvanına hədə çaları alır. Rusiya müəyyən dövrdən bəri Lazarev komitəsi yaradaraq və Ermənistana qarşı təbliağtı gücləndirərək “yumşaq güc”ün fəal tətbiqinə keçib. DİN-in açqılaması da bu qəbildəndir.
Ermənistan baş naziri Dağlıq Qarabağda müharibənin təzələnməsi ehtimalını Moskvanın üzərinə qoyaraq bildirib ki, Rusiya istəməsə, müharibə bir də başlamaz. Ola bilsin, MTX-nın döyüşçülər haqda bəyanatında da belə bir eyham var”. Beləliklə, Ermənistanın adıçəkilən portalının bu yazdıqlarından bəlli olur ki, İŞİD-in Ermənistana gəlişinə dair Moskvada deyilənlərlə İrəvanda razılaşmaq istəmirlər. Halbuki, bundan əvvəl Ermənistanda İŞİD tərəfdarlarının peyda olması da heç kimə sirr deyil. Məsələn, elə Gümrüdəki 102-ci hərbi bazanın bir rus əsgərinin İŞİD tərəfdarı Arman Cancuğazyan tərəfindən bıçaqlanaraq öldürülməsi halı bunun real təsdiqidir. Digər tərəfdən, Rusiya Suriyada İŞİD-in məhv edilməsindən sonra terrorçuların Rusiyadan intiqam almağa çalışacaqlarını yaxşı bilir. Bu baxımdan rus hərbçiləri Ermənistanda İŞİD terrorçuları üçün olduqca asan hədəf ola bilər. İŞİD-ə sadiq qalan ermənilərin mövcudluğu terrorçuların müəyyənləşdirilməsi və məhv edilməsini daha da çətinləşdirir. Məhz bu səbəbdən Rusiya məsələ ətrafında daha qəti mövqe sərgiəlyir. İndi Ermənistan bunu qəbul etmək istəməsə də, İŞİD tədricən bu ölkəyə yaxınlaşır və görünən budur ki, İrəvan sayəsində İŞİD burada yeni mövqe sahibi də ola biləcək.
Tahir TAĞIYEV