Bu gün Almaniyadan daha 53 nəfər azərbaycanlı deportasiya olunub. Onlar aprelin 9-da Düsseldorf hava limanından Bakıya göndərilib.
Təyyarədə deportasiya olunan azərbaycanlıları 100-ə qədər alman polis müşayiət edib. Onlar təhlükəsizliyi təmin etmək məqsədilə təyyarədə göndəriliblər.
Boyukmillet.com xəbər verir ki, bu barədə “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev məlumat yayıb. Onun sözlərinə görə, deportasiya olunanlar 10-a qədər ailənin üzvləri olub.
“Həmin ailələrin əksəriyyəti bu il fevral ayının 5-də deportasiyası nəzərdə tutulmuş, lakin texniki səbəblərdən baş tutmamış şəxslər olub. Bakıda Binə hava limanındakı etibarlı mənbədən aldığımız məlumata görə, Düsseldorf şəhərindən yola düşmüş 53 nəfər azərbaycanlı Bakı vaxtı ilə saat 17:02-də təyyarədən eniblər. Onların arasında siyasi fəallığı ilə seçilən şəxslər də var. Hazırda müvafiq orqanlar tərəfindən həmin vətəndaşların dindirilməsi prosesi davam edir”, – deyə Əlövsət Əliyev bildirib.
“Azlegat”ın məlumatına görə, təkcə 2018-ci ilin 11 ayında 2188 nəfər Azərbaycan vətəndaşı qaçqın statusu üçün Almaniyaya müraciət edib. Onlardan 1682 nəfəri ilk dəfə, 506 nəfəri isə təkrar müraciət edənlərdir.
11 ay ərzində 207 Azərbaycan vətəndaşına müvəqqəti oturum icazəsi verilib. 1605 nəfər barəsində Dublin sazişinə görə başqa (şengen vizasını verən) ölkəyə göndərilmə qərarı çıxarılıb və ya onlar könüllü Azərbaycana qayıdıblar.