Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Qarabağ” ordenli şəhidin zabit əmisi dəfn edilib

“Qarabağ” ordenli şəhidin zabit əmisi dəfn edilib.

Boyukmillet.com xəbərverir ki, “12 fevral şərəfli zabit yolu keçən, Vətənə, dövlətə nümunəvi xidmətləri ilə seçilən Azərbaycan Ordusunun hərbi qulluqçularından biri istefada olan polkovnik Xəzər Həmid oğlu Abbasovun doğum günüdür. Yaşasaydı ailəsi və dostları bu gün onun anadan olmasının 54-cü ilini birlikdə qeyd edəcək, xeyirxah insan, səmimi dost, mehriban ailə başçısı, Vətənin sədaqətli zabiti kimi onun gözəl əxlaqi, mənəvi və iradi keyfiyyətləri barədə bir daha ürək sözlərini söyləyəcəkdilər. Lakin bu olmadı, amansız qəfil ölüm bir gün öncə Xəzər kimi vətənpərvər zabiti bizlərdən ayırdı. Onu fevralın 11-də hərbi və dini ənənələrə uyğun olaraq son mənzilə yola saldıq”.
Bu barədə danışan mərhumun yaxın dostu, polkovnik Abdulla Qurbani bildirib ki, Xəzər Abbasov 12 fevral 1968-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildə orta məktəbi bitirdikdən sonra Belarus Respublikasına gedərək Minsk Ali Hərbi Siyasi Ümumqoşun Məktəbinə daxil olub və burada təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra doğma Vətənə can atsa da, mümkün olmayıb. Bir müddət Leninqrad şəhərində motoatıcı alayda xidmət edib.
Böyük çətinliklərdən sonra nəhayət Azərbaycana qayıdan gənc zabit böyük həvəslə yeni yaranmaqda olan Milli Orduda xidmətini davam etdirib. Əvvəl hərbi hissələrdə, sonra isə Müdafiə Nazirliyində xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Hərbi Diplomatiya kursunu bitirib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qazaxıstan və Gürcüstan respublikalarındakı hərbi attaşesi vəzifələrində xidmət edib.
2017-ci ilin fevral ayında Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının rəyinə əsasən xəstəliyə görə Azərbaycan Ordusundan istefaya buraxılıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranı idi. Xidmət müddətində bir neçə medal, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Polkovnik A.Qurbani onu da nəzərə çatdırıb ki, Xəzər Abbasovun 17 noyabr 1991-ci ildə Bakı şəhərində anadan olan qardaşı oğlu Həmid Abbasbəyli də əmisinin arzusu ilə ixtisas seçimində hərbi peşəyə üstünlük verərək Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Zabit ixtisas kursu”nu bitirib.
Xüsusi əməliyyat taborunda xüsusi əməliyyat qrupu komandirinin müavini vəzifəsində xidmət edib, “baş leytenant” hərbi rütbəsinədək yüksəlib. Vətən müharibəsinin ilk günündən böyük ruh yüksəkliyi, qələbə əzmi ilə hərbi əməliyyatlara qatılıb. Əmisini və ailəsini əmin edib ki, onları tezliklə qələbə müjdəsi ilə sevindirəcək. Gənc zabit H.Abbasbəyli sözünü tutaraq, Cəbrayıl və Füzuli rayonlarının bir çox yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə əsl qəhrəmanlıq və şücaət nümunələri göstərib. Lakin Vətən müharibəsinin 24-cü günündə xüsusi döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb.
Əmisinin yolunu seçən və ümidlərini doğruldan baş leytenant Həmid Abbasbəyli Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Qarabağ” ordeni və bir neçə döyüş medalı ilə təltif olunub.
Fevralın 11-də Müdafiə Nazirliyinin təşkilatçılığı, hərbi qulluqçuların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə istefada olan polkovnik X.Abbasovla vida mərasimi keçirilib və o, hərbi və dini ənənələrə uyğun olaraq “Qurd qapısı” qəbiristanlığında yaylım atəşi altında son mənzilə yola salınıb.
Mərhumun cənazəsi üzərinə sərilən bayraq xatirə saxlanılması üçün ailəsinə təqdim edilib. Oğlu Sənan və qardaşı Rüstəm Abbasovlar göstərilən ehtirama və diqqətə görə Müdafiə Nazirliyinin rəhbəörliyinə, təşkilatçılara, o cümlədən dəfn mərasimində iştirak edənlərə minnətdarlıqlarını bildiriblər.
İstefada olan polkovnik Xəzər Abbasov və onun qardaşı oğlu baş leytenant Həmid Abbasbəyli də bu gün müqəddəs Vətən torpağında rahat uyuyurlar. Bütün xalqımız kimi onların da ən böyük arzuları işğal altındakı torpaqlarımızı azad görmək idi və bu arzu artıq xalqımızın birliyi, həmrəyliyi, rəşadətli ordumuzun əsgər və zabitlərinin igidliyi, Müzəffər Ali Baş Komandanın dəmir yumruğu sayəsində reallaşıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Check Also

Azərbaycan hərbçisinin vəfat etdiyi bildirilir

Nazirlik ölüm səbəbi kimi səhhətinin qəfil pisləşməsini göstərir Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəhri Fərman oğlu …